XX əsrin sonlarında müstəqil dövlətçilik yoluna qədəm qoymuş Azərbaycan xalqı azad, demokratik, hüquqi cəmiyyət quruculuğu yolu ilə irəliləyərək bütün dövlətlər və xalqlar ilə sülh, dostluq və əməkdaşlıq şəraitində yaşamaq, dünya birliyi ilə sıx inteqrasiya xətti tutduğunu bəyan etmişdir və bu yola sadiqdir. Bu mənada Azərbaycan Respublikası dünyanın ən mötəbər və nüfuzlu beynəlxalq təşkilatı olan Birləşmiş Millətlər Təşkilatı ilə əməkdaşlığa müstəsna əhəmiyyət verir və müstəqillik qazandığı ilk gündən ölkəmiz ilə BMT arasında əlaqələrin yaranması, daim inkişaf etdirilməsi və möhkəmləndirilməsi üçün hər cür səylər göstərir.

BMT Təhlükəsizlik Şurasının 1992-ci il 14 fevral tarixli müvafiq tövsiyəsinə və bu təşkilata üzv qəbul olunmaq barədə Azərbaycan Respublikasının ərizəsinə baxdıqdan sonra BMT Baş məclisi 1992-ci il martın 2-də özünün 46-cı sessiyasının 82-ci plenar iclasında Azərbaycan Respublikasının Birləşmiş Millətlər Təşkilatına üzv qəbul olunması barədə qətnamə qəbul etdi. 111 dövlətin adından irəli sürülmüş bu qətnaməyə BMT-nin bütün üzvləri yekdilliklə səs verdilər.

Azərbaycanın BMT-yə üzv qəbul olunması müstəqillik qazanmış ölkəmizin tarixində mühüm hadisələrdən birinə çevrildi. Dünyanın ən mötəbər və nüfuzlu təşkilatı olan BMT çərçivəsində çoxtərəfli əməkdaşlıq Azərbaycana nisbətən qısa müddətdə beynəlxalq aləmdə öz mövqelərini möhkəmləndirməyə, istər üzv dövlətlər, istərsə də təşkilatın özü ilə sıx əlaqələr yaratmağa imkan verdi.

Ümummilli lider Heydər Əliyevin Nyu-Yorka səfərləri ölkəmiz ilə BMT arasında əməkdaşlığın dərinləşdirilməsi və inkişaf etdirilməsi üçün çox əhəmiyyətli olmuşdur. 1994-cü ilin sentyabrında Ümummilli lider Heydər Əliyev BMT Baş məclisinin 49-cu sessiyasında iştirak etmək üçün ABŞ-da səfərdə olmuş, Azərbaycanın tarixində ilk dəfə olaraq BMT-nin yüksək tribunasından proqram xarakterli nitq söyləmişdir. Dünya ictimaiyyətinin ən geniş dairələrində böyük əks-səda doğurmuş həmin nitqində Ümummilli lider Heydər Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində BMT-nin müstəsna rolu qeyd etmişdir.

156 dövlət və hökumət başçısının iştirakı ilə 1995-ci ilin oktyabrında keçirilmiş BMT-nin 50 illiyi ilə əlaqədar xüsusi sessiyada Prezident Heydər Əliyev bu nüfuzlu beynəlxalq təşkilatın tribunasından çıxış edərək Azərbaycanın haqlı tələbini daha kəskinliklə dünya birliyinə çatdırmışdır.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi BMT Təhlükəsizlik Şurasının daim diqqət mərkəzində olmuşdur. Münaqişəyə dair Təhlükəsizlik Şurasının qəbul etdiyi 1993-cü il 30 aprel tarixli 822 nömrəli, 1993-cü il 29 iyul tarixli 853 nömrəli, 1993-cü il 14 oktyabr tarixli 874 nömrəli, 1993-cü il 11 noyabr tarixli 884 nömrəli qətnamələrdə, Təhlükəsizlik Şurası Sədrinin 7 bəyanatında Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü, Dağlıq Qarabağ regionunun Azərbaycana mənsubluğu təsdiq edilmiş, ərazilərin ələ keçirilməsi üçün güc tətbiqinin yolverilməzliyi qeyd edilmiş, Azərbaycanın işğal edilmiş bütün rayonlarından işğalçı qüvvələrin dərhal, tam və qeyd-şərdsiz çıxarılması tələbi qoyulmuş, qaçqınların və məcburi köçkünlərin doğma yürd-yuvalarına qayıtması üçün şərait yaradılmasının zəruriliyi göstərilmişdir.

Azərbaycanın ədalətli mövqeyi BMT üzvü olan dövlətlərin əksəriyyəti tərəfindən tam dəstəklənir. BMT Baş məclisinin 51-ci sessiyasında "BMT və ATƏT arasında əməkdaşlıq haqqında" qətnamənin müzakirəsi zamanı Dağlıq Qarabağ regionunun Azərbaycan Respublikasına mənsubluğunu göstərən ifadənin qətnamə mətninə daxil edilməsinə mane olmaq üçün Ermənistanın hər cür səylərinə baxmayaraq iştirakçı dövlətlər Azərbaycanın xeyrinə səs vermiş, Ermənistanın mövqeyini isə heç bir ölkə dəstəkləməmişdir.

1994-ci ilin oktyabrında BMT-nin Baş katibi Butros Butros-Qalinin Azərbaycana səfəri yenicə müstəqillik əldə etmiş Azərbaycan ilə bu beynəlxalq qurum arasında əməkdaşlığın inkişafı üçün geniş yol açmışdır.

2003-cü ilin sentyabrında isə o vaxt ki Baş Nazir İlham Əliyev BMT BA-nın 58-ci sessiyasında milli sosial-iqtisadi inkişaf və regional və beynəlxalq təhlükəsizliyə qarşı təhdidlərlə bağlı çıxış etmişdir.

Azərbaycan BMT-nin bir çox xüsusi qurum və orqanları ilə fəal və səmərəli əməkdaşlıq edir. Onların sırasında BMT-nin İnkişaf Proqramı (BMTİP), BMT-nin Qaçqınlar üzrə Ali Komissarı, BMT-nin Uşaq Fondu, BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatı, Sənaye İnkişaf Təşkilatı, Ümumdünya Səhiyyə Təşkilatı, BMT-nin Qadınlar Fondu, Atom Enerjisi üzrə Beynəlxalq Agentlik, Nüvə Sınaqlarının Hərtərəfli Qadağan olunması haqqında Müqavilə Təşkilatı və s. Qeyd etmək olar.

Azərbaycan və BMT-nin Uşaq Fondu (UNİCEF) arasında olan əməkdaşlıq məcburi köçkün və qaçqın uşaq və yeniyetmələr arasında vəziyyətin yaxşılaşdırılması məqsədilə bərqərar olmuşdur. Azərbaycan UNİCEF-in İcra Heyətinin 1995-1997, 1998-2000-ci illər ərzində üzvü olmuşdur.

Azərbaycan BMT-nin xüsusi qurum və orqanları ilə fəal əməkdaşlıq edir. Azərbaycan Qadınların statusu haqqında Komissiyanın üzvü olmuşdur (2000-2002). Azərbaycan həmçinin Komissiyanın “Hərbi münaqişələr nəticəsində girov götürülmüş qadın və uşaqların azad edilməsi haqqında” illik qəbul etdiyi qətnaməsinin əsas sponsorudur.

Azərbaycan BMT-nin xüsusi qurumları qismində BMT-nin İnkişaf Proqramı (BMTİP) və BMT-nin Sənaye İnkişaf Təşkilatı (SİN) ilə xüsusi əlaqələrə malikdir. Müxtəlif layihə və proqramlar yaşayış standartlarının yüksəldilməsinə, iqtisadiyyatın struktur tənzimlənməsinin həyata keçirilməsinə xidmət edir.

Xüsusilə də, BMT-nin İnkişaf Proqramı Azərbaycanın Bərpa və Yenidənqurma Agentliyinin (ARRA) və ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) imkanlarının inkişaf etdirilməsi və onların maliyyələşdirilməsi yolu ilə münaqişədən sonrakı bərpa prosesinə böyük yardım göstərmişdir. BMT-nin İnkişaf Proqramı ARRA-nı dəstəkləməklə Dünya Bankı, BMTİP, BMT-nin Qaçqınların işi üzrə Ali Komissarı (UNHCR), Avropa İttifaqının (Aİ) Müstəqil Dövlətlər Birliyinə Texniki Yardımı (TACİS) proqramı və s. həyata keçirir.

Azərbaycan öz siyasi və iqtisadi sistemini yeniləşdirməklə, ölkənin müasir norma və standartlar çərçivəsində inkişaf etməsini əsas üstünlük hesab edir. Bu prosesin mühüm tərkib hissəsi kimi demokratik infrastrukturun gücləndirilməsi, geniş şəffaflıq, qərar qəbulu və siyasi müzakirələr prosesində ictimaiyyətin inkişafı məsələlərini qeyd etmək olar. Yeni iş yerlərinin açılması və iqtisadiyyatın inkişafı üçün BMTİP siyasi və digər müvafiq tədbirlərin xüsusi sektorda effektiv inkişafı və böyüməsini təmin etmək üçün Azərbaycan Hökumətinə yardım edir. Struktur islahatlarının gücləndirilməsi məqsədləri üçün BMTİP Azərbaycanda xüsusi sektorda proqramın icrası ilə əlaqədar Dünya Bankı ilə əməkdaşlıq edir.

Təhsil, elm və mədəniyyət məsələlərinin vacibliyini nəzərə alaraq, Azərbaycan BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatı (YUNESKO) ilə geniş əməkdaşlıq edir və bu məqsədlə 1994-cü ildə Azərbaycan Prezidentinin Sərəncamına əsasən Azərbaycanın YUNESKO nəzdində Milli Komissiyası təsis edilmişdir.

Azərbaycanın müxtəlif nazirlik və qurumları BMT sistemində olan müvafiq qurumlarla sıx əməkdaşlıq edirlər (məs: Azərbaycan Səhiyyə Nazirliyi və Ümumdünya Səhiyyə Təşkilatı).

Azərbaycan Respublikası beynəlxalq ictimaiyyəti narahat edən müxtəlif məsələlər ilə əlaqədar BMT Baş Assambleyasının qəbul etdiyi qətnamələrin kosponsorudur. Milli nümayəndə heyəti öz təşəbbüsü ilə bəzi qətnamələri irəli sürmüşdür. Beləliklə, BMT-nin İnsan Hüquqları Komissiyasının (CHR) 58-60-cı sessiyalarında Azərbaycan nümayəndə heyəti tərəfindən irəli sürülmüş “İtkin düşmüş şəxslər” adlı qətnamə layihəsi təklif edilmişdir. CHR tərəfindən qəbul edilmiş bu Qətnamənin müddəaları beynəlxalq humanitar hüquq normaları əsasında qəbul edilməklə, beynəlxalq ictimaiyyətin diqqətini bu mühüm məsələyə yönəltmək məqsədini güdmüşdür.

Azərbaycan BMT-nin müvafiq orqan və qurumlarına öz namizədlərini irəli sürməklə, bu orqanlara seçkilərdə aktiv iştirak edir. Əvvəl qeyd edildiyi kimi, Azərbaycan UNİCEF-in İcra Heyətinin 1995-1997, 1998-2000-ci illər ərzində, Qadınların vəziyyəti haqqında Komissiyanın 2000-2002-ci illər ərzində və BMT-nin Davamlı İnkişaf üzrə Komissiyasının 2002-2004-cü illər ərzində üzvü olmuşdur. Azərbaycan 2003-2005-ci illər üçün BMT-nin İqtisadi və Sosial Şurasının (ECOSOC) üzvü seçilmişdir.

Azərbaycanın BMT çərçivəsində görülən işlərə verdiyi töhfələr sırasında, onun qlobal səviyyədə terrorizmə qarşı aparılan mübarizədə fəal şəkildə iştirakı xüsusilə qeyd edilməlidir. Bu baxımdan respublikamız BMT TŞ-nın Terrorizmə qarşı Komitəsi ilə yaxından əməkdaşlıq edərək, həmin Komitəyə Azərbaycanda terrorizmə qarşı mübarizə sahəsində görülən tədbirlər haqqında müvafiq hesabatlar təqdim etmişdir (S/2001/1325, S/2002/1022, S/2003/1085).

Azərbaycan beynəlxalq sülhün və təhlükəsizliyin möhkəmləndirilməsi və qorunmasında, davamlı inkişaf və demokratikləşdirmə prosesində BMT-nin vacib rol oynadığını qəbul edir. Azərbaycan BMT-nin 21-ci əsrdə olacaq təhdid və problemlərə qarşı mübarizə apara bilməsi üçün BMT çərçivəsində islahatların aparılması ideyasını dəstəkləyir.

Azərbaycan 2012-2013-cü illər üçün BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə öz namizədliyini irəli sürmüşdür.

BMT ailəsinin tamhüquqlu üzvü olan Azərbaycan, Yer üzündə sülhün və təhlükəsizliyin bərqərar edilməsi, bütün dünya xalqlarının əmin-amanlığı, xoşbəxtliyi və rifahı naminə yeritdiyi siyasət sayəsində dünya dövlətləri arasında layiqli yer tutmuşdur.