1993-cü ildən etibarən Azərbaycan Avropa İttifaqı ilə münasibətlərdə maraqlı olduğunu bəyan etmiş və bu qurumla müxtəlif sahələrdə əlaqələr qurmağa başlamışdır. Qeyd etmək lazımdır ki, Azərbaycanın əlverişli coğrafi vəziyyəti, zəngin təbii ehtiyatları bu ölkəni Avropa İttifaqı üçün maraqlı edir. Azərbaycanın Avropa İttifaqı ilə əlaqələri əsas etibarilə müxtəlif proqramlar çərçivəsində həyata keçirilir.

Avropa İttifaqı hələ ötən əsrin 90-cı illərinin əvvəllərində yeni müstəqil dövlətlərlə iş aparmaq, demokratik islahatlar keçirmək, bazar iqtisadiyyatı infrastrukturu yaratmaq, ticarət, nəqliyyat, gömrük-keçid işlərini inkişaf etdirmək üçün TASİS proqramını hazırlayıb və onu maliyyələşdirir. Avropa İttifaqının digər təşəbbüsü 1993-cü ilin mayında, Brüsseldə 5 Orta Asiya, 3 Cənubi Qafqaz ölkəsi nümayəndəsinin iştirak etdiyi konfransda irəli sürülən "Avropa-Qafqaz-Asiya Transqafqaz nəqliyyat dəhlizi" (TRASEKA) layihəsidir. Bu layihə tarixi şərq-qərb "İpək yolu" dəhlizinin yeni şəraitdə bərpası, nəqliyyat-kommunikasiya infrastrukturlarının bərpası və inkişaf etdirilməsini nəzərdə tutur. Avropa İttifaqı layihəyə texniki yardım proqramı hazırlayaraq kömək edir. TRASEKA layihəsinin reallaşmasında ən mühüm məqam 8-9 sentyabr 1998-ci ildə Bakıda 32 ölkə və 13 beynəlxalq təşkilat nümayəndəsinin iştirak etdiyi beynəlxalq konfrans oldu. Bu konfransda Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin həyata keçirilməsinin texniki və iqtisadi məsələlərini özündə əks etdirən "Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin inkişaf etdirilməsi üzrə beynəlxalq nəqliyyat haqqında çoxtərəfli əsas saziş" adlanan mühüm sənəd imzalandı. TRASEKA-nın intensiv fəaliyyətinin Azərbaycanın sosial-iqtisadi həyatında əhəmiyyətli rolu olub. Bu özünü yük daşımalarından əldə olunan gəlirdə, nəqliyyat infrastrukturunun inkişaf etdirilməsində, yeni iş yerlərinin açılmasında və s. sahələrdə göstərib. TRASEKA hökumətlərarası komissiyasının daimi katibliyi 21 fevral 2001-ci ildən Bakıda fəaliyyətə başlayıb və koordinasiya funksiyasını icra edir.

Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətləri keyfiyyətcə yeni mərhələyə qaldıran mühüm akt 1996-cı il aprelin 22-də imzalanan "Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi" oldu. 1999-cu ildə qüvvəyə minən, qarşılıqlı münasibətlərin hüquqi-normativ əsasını təşkil edən bu sazişi Ümummilli lider Heydər Əliyev "Azərbaycan dövləti üçün çox böyük əhəmiyyəti olan tarixi hadisə" kimi səciyyələndirmişdi. Bu saziş cəmiyyətin müxtəlif sferalarında - siyasi, iqtisadi, mədəni, sosial və s. qarşılıqlı münasibətlərin inkişafına yönəlmişdi. Sazişə əsasən təsis edilən tərəfdaşlığın məqsədləri belə müəyyən edilib:

-    Tərəflər arasında siyasi dialoqun inkişafı və bunun üçün müvafiq çərçivənin ya-radılması.
-    Demokratiyanın möhkəmlənməsi və bazar iqtisadiyyatına keçidin başa çatdırılmasına yardım.
-    Davamlı iqtisadi inkişafa nail olmaq məqsədilə tərəflər arasında ticarətin və sərmayə qoyuluşunun inkişaf etdirilməsi. 
-    Qanunvericilik, maliyyə, vətəndaşlıq, elm, texnologiya və mədəniyyət sahələrində əməkdaşlığın əsaslarının qurulması.

Bu sazişdən irəli gələn vəzifələrin icrası, Avropa İttifaqı ilə əlaqələrin genişlənməsi və tənzimlənməsi sahəsində məqsədəuyğun tədbirlərin hazırlanıb həyata keçirilməsi üçün Azərbaycan Respublikası Prezidentinin 23 noyabr 1999-cu il tarixli sərəncamı ilə dövlət komissiyası yaradılıb.

Tərəfdaşlıq və Əməkdaşlıq Sazişinin qüvvəyə minməsindən sonra Avropa İttifaqı və Azərbaycan münasibətlərində ortaya çıxan daha bir keyfiyyət dəyişikliyi bu münasibətlərin strukturlaşmasıdır. Yaradılan orqanların - Əməkdaşlıq Şurası, parlament əməkdaşlığı komitəsi - fəaliyyəti qarşılıqlı münasibətlərin davamlılığını, nizamlı olmasını və mümkün qədər sistemləşdirilməsini təmin etdi.

1999-cu ildən etibarən parlamentlərarası əməkdaşlıq intensiv inkişaf etməyə başladı. Bu sahədə münasibətlərin əsas istiqamətlərindən birini parlamentlər çərçivəsində əməkdaşlıq təşkil edir. Komitə iclaslarında "Qafqaz ölkələrinin Avropa Birliyi üzvlüyünə doğru: Avropa parlamentindən yeni çağırış" adlı sənədin müzakirəsi münasibətlərdə irəliləyişin təzahürü idi.

Əməkdaşlıq şurasının ilk iclası 10 oktyabr 1999-cu ildə keçirilib. Çoxsaylı görüş - iclaslarda aşağıdakı məsələlər müzakirə olunub: regional münaqişələrin həlli yolları, regional əməkdaşlıq məsələləri və TASİS, TRASEKA, İNOGEYT kimi beynəlxalq proqramların rolu, Azərbaycanda keçirilən islahatlar, Avropanın iqtisadi və siyasi strukturlarına inteqrasiya, təhlükəsizlik məsələləri, məhkəmə sisteminin unifikasiyası, mətbuat azadlığı.

Qarşılıqlı münasibətlərin inkişafında digər mühüm addım 2000-ci ilin aprelin 3-də "Avropa İttifaqı yanında Azərbaycan Respublikası nümayəndəliyinin fəaliyyətinin təşkilati təminatı haqqında" adlı prezident sərəncamı əsasında Azərbaycanın Avropa İttifaqında daimi nümayəndəliyinin təsis edilməsi və 2003-cü ilin iyulunda Avropa İttifaqının Cənubi Qafqazda öz xüsusi nümayəndəsini təyin etməsi oldu. 4 fevral 2008-ci ildən etibarən isə Avropa Komissiyasının Azərbaycan Respublikasında nümayəndəliyi fəaliyyət göstərir.

2004-cü ildən başlayaraq Aİ-Azərbaycan əlaqələrində yeni bir mərhələ başladı. Azərbaycan Avropa İttifaqı ilə "Yeni Qonşuluq Siyasəti" proqramı çərçivəsində özünün bir çox iqtisadi, siyasi, hüquqi və inzibati islahatlarını həyata keçirmək imkanı qazanır, bu məqsədlə İttifaqın texniki-maliyyə dəstəyini alır. Azərbaycan həmçinin, yeni proqram çərçivəsində Aİ-dən onun daxili bazarlarına çıxış kvotası, işçi, əmtəə, xidmət, investisiya-kapital resurslarının sərbəst dövriyyəsi imkanı əldə etdi.

Prezident İlham Əliyev ölkənin "Yeni Qonşuluq Siyasəti" proqramına daxil olması nəticəsində Avropaya inteqrasiyanın keyfiyyətcə yeni mərhələyə keçidini nəzərə alaraq, Azərbaycan Respublikasının AB-nə inteqrasiyası üzrə dövlət komissiyası yaradılması haqda 1 iyun 2005-ci ildə sərəncam verdi. Sərəncamda Aİ ilə siyasi, iqtisadi, nəqliyyat və enerji, hüquq, təhlükəsizlik, insan hüquqları və demokratikləşmə, humanitar, elm-təhsil və digər əməkdaşlıq sahələri üzrə işçi qrupların yaradılması nəzərdə tutulurdu. 2006-cı ilin noyabrında Avropa qonşuluq siyasəti çərçivəsində "Azərbaycan-Aİ fəaliyyət planı" qəbul edilib. Fəaliyyət planının həyata keçirilməsi üçün Aİ 92 mln. avro vəsait ayırıb. Proqram çərçivəsində Brüsselə dəvət olunan (may 2004) ilk Cənubi Qafqaz ölkəsinin lideri İlham Əliyev idi. Bütün bu faktlar Aİ-nin Azərbaycana böyük önəm verdiyinin göstəricilərindəndir. Səfər çərçivəsində prezident İlham Əliyev bildirmişdir ki, "Avropa İttifaqına inteqrasiya bizim strateji məqsədimizdir".

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2006-cı ilin noyabr ayında Brüsselə reallaşan səfəri zamanı Azərbaycanla Avropa İttifaqı arasında enerji sahəsində sıx əməkdaşlığa dair memorandum imzalanıb. Avropa İttifaqının Cənubi Qafqaz ölkələri ilə "Yeni Qonşuluq Siyasəti" proqramı təşkilatın regiona ciddi maraq göstərdiyini bir daha təsdiqləyir.

Avropa İttifaqı tərəfindən yeni "Şərq Tərəfdaşlığı" təşəbbüsü irəli sürülüb. "Şərq Tərəfdaşlığı" təşəbbüsü çərçivəsində 3 əsas məqsəd vardır: 

1) Hərtərəfli İnstitusional Quruculuq proqramları; 
2) Tərəfdaş ölkələr arasındakı iqtisadi qeyri bərabərliyin və ölkələr daxilində sosial qeyri-bərabərliyin aradan qaldırılması üçün Pilot Regional İnkişaf Proqramları; 
3) Şərq Tərəfdaşlığı Çoxtərəfli Ölçüsünün yerinə yetirilməsi.

Azərbaycan Prezidenti İlham Əliyevin 2009-cu illərdə Belçika Krallığına işgüzar səfəri, Avropa İttifaqının rəhbərləri ilə görüşləri, 2010-cu ilinin yanvarında Avropa Komissiyasının sədri Xose Manuel Barrozunun Bakıya səfəri, 2011-ci il yanvarın 13-də Prezident İlham Əliyevin və Avropa Komissiyasının sədri Xose Manuel Barrozunun Brüsseldə "Cənubi qaz dəhlizi haqqında Birgə Bəyannamə"ni imzalamaları bir daha təsdiq etdi ki, Azərbaycanla Avropa İttifaqının əlaqələri Avropa Qonşuluq Siyasəti çərçivəsində uğurla inkişaf edir və bu əməkdaşlıq "Şərq Tərəfdaşlığı" təşəbbüsünün reallaşması ilə yeni mərhələyə daxil olmuşdur.

2011-ci il sentyabrın 30-da Polşanın paytaxtı Varşavada Avropa İttifaqının “Şərq tərəfdaşlığı” sammiti keçirilmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sammitdə iştirak etmişdir. Sammitdə Avropa İttifaqının “Şərq tərəfdaşlığı” sammitində birgə bəyannamə qəbul edilmişdir.