Azərbaycan dövlət müstəqilliyini əldə etdikdən sonra dünya inteqrasiya proseslərinə qoşulmaq üçün olduqca əlverişli perspektivlər və real imkanlar qazandı. Bu dövrdən başlayaraq ABŞ və Qərbi Avropa dövlətləri, onları təmsil edən demokratiya institutları, qeyri-hökumət təşkilatları ilə intensiv əməkdaşlıq şəraitində Azərbaycanda hüquqi dövlət quruculuğu həyata keçirilir, totalitar rejimdən demokratik inkişafa transformasiya siyasəti aparılır. Dövlət müstəqilliyinin ilk illərindən etibarən Azərbaycanın Avropa inteqrasiya proseslərinə qoşulmağını şərtləndirən iki əsas amil mövcud idi:

  • Respublikamızda qısa müddətdə yaradılmış siyasi sabitlik, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu, bazar iqtisadiyyatının bərqərar olmasına yönəldilmiş sosial-iqtisadi islahatlar, insan hüquqlarının qorunması sahəsində həyata keçirilmiş tədbirlər;
  • Avropanın beynəlxalq təşkilatlarını daha fəal əməkdaşlığa cəlb edən Azərbaycanın əlverişli geosiyasi mövqeyi və zəngin təbii ehtiyatları.

24 yanvar 1992-ci ildə Azərbaycan Respublikasının Parlamenti "xüsusi dəvət edilmiş qonaq" statusu almaq üçün Avropa Şurasına müraciət etsə d ə, ölkəmizin bu təşkilata üzv qəbul edilməsi ümummilli liderimiz Heydər Əliyevin həyata keçirdiyi ardıcıl və məqsədyönlü siyasətin nəticəsində mümkün olmuşdur. Məhz onun təşəbbüsü ilə Azərbaycanda 1993-cü ildən Azərbaycanda ölüm cəzasına moratorium qoyulmuş, 1998-ci ildə isə ləğv edilmişdir. Ölüm cəzasının ləğvi və cəza siyasətinin humanistləşdirilməsi Azərbaycanın Avropa ailəsinə qoşulmasını təmin edən mühüm amillərdən biri olmuşdur.

1996-cı il iyulun 13-də Avropa Şurasının Baş katibinə məktubla müraciət edən Azərbaycan Prezidenti Heydər Əliyev Azərbaycan Respublikasının Avropa Şurasına tam hüquqlu üzv qəbul olunmasını xahiş etmişdir.

Avropa Şurasının üzvü olan ölkələrin dövlət və hökumət başçılarının zirvə görüşündəki nitqində Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev ölkəsinin bu təşkilata üzv olmaq niyyətinin ciddiliyini belə əsaslandırmışdır: "Ölkəmizdə demokratik dəyişikliklərin inkişafında Avropa Şurasının köməyinə böyük ümid bəsləyirik. Ümidvaram ki, Azərbaycan tezliklə Avropa Şurasının tam hüquqlu üzvü olacaqdır. Biz müasir Avropa demokratiyası-nın yüksək standartlarına cavab vermək üçün öz tərəfimizdən hər şeyi edəcəyik."

Prezident Heydər Əliyevin sonrakı addımları da Azərbaycanın bu məsələdə qətiyyətli olduğunu göstərirdi. Belə ki, Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 1996-cı il iyulun 8-də "Avropa Şurası və Azərbaycan Respublikası arasında əməkdaşlıq proqramının həyata keçirilməsi tədbirləri haqqında", 1998-ci il yanvarın 20-də " Avropa Ş urası və Azərbaycan Respublikası arasında əməkdaşlığın dərinləşdirilməsi sahəsində tədbirlər haqqında", 1999-cu il mayın 14-də "Azərbaycan Respublikası ilə Avropa Şurası arasında əməkdaşlığın dərinləşdirilməsi və Azərbaycan Respublikasının Avropada mənafelərinin müdafiə edilməsi tədbirləri haqqında" imzaladığı sərəncamlar həqiqətən də ölkəmizin Avropa Şurasına qəbul edilməsi üçün səylərini artırdığının göstəricisi idi.

Bu sərəncamlarda Avropa ölkələrində hamılıqla qəbul edilmiş standartlara və normala-ra uyğunluq baxımından Azərbaycan Respublikasında Cinayət, Cinayət-Prosessual, Mülki və Mülki-Prosessual məcəllələrin və digər qanunların hazırlanmasının sürətlənməsi, respublikamızın Avropa Şurasının bir sıra konvensiya və sazişlərinə qoşulması məsələsinin öyrənilməsi tövsiyə edilmişdir. Həmin tövsiyələrə uyğun olaraq çox qısa zamanda bu məcəllələr və hüquq-mühafizə orqanları ilə bağlı qanunların demək olar ki, hamısı Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən qəbul edilmişdir.

2000-ci il iyunun 28-də Avropa Şurası Parlament Assambleyasının növbəti sessiyasın-da Nazirlər Komitəsinə Azərbaycan Respublikasını Avropa Şurasının tamhüquqlu üzvü seçmək tövsiyə edilmişdir.

Nəhayət, 2001-ci ilin yanvar ayında Azərbaycan Avropa Şurasına tamhüquqlu üzv qəbul edilmiş və bununla da Azərbaycan diplomatiyası Avropaya inteqrasiya proseslərinə qoşul-maq uğrunda mübarizədə böyük qələbə əldə etmişdir. Bu hadisə Azərbaycanın Avropanın üzvi hissəsinə çevrildiyini işdə sübut etmişdir.

Azərbaycan Prezidenti Heydər Əliyev 25 yanvar 2001-ci ildə Strasburqda Avropa Şurası Parlament Assambleyasında özünün tarixi çıxışını etdi. Həmin nitqində Heydər Əliyev bu qurumla ölkəmiz arasındakı qarşılıqlı münasibətlərin əsas istiqamətlərini müəyyənləşdirdi. Təbii ki, bu çıxışda qeyd edilən məsələlər AŞPA-da fəaliyyət göstərəcək Azərbaycan nümayəndə heyəti üçün ölkənin xarici siyasətinin tərkib hissəsini təşkil edən bir proqram idi.

Azərbaycan Avropa Şurasına daxil olarkən bu qurumun demokratik transformasiya öhdəliklərini yerinə yetirməklə yanaşı, həm də Avropa Şurasının üzvü kimi təşkilatın verdiyi imkanlardan bəhrələnmək sahəsində özünün milli proqramını da hazırlamışdır. Bu proqramın əsas məqsədləri:

Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaqla Ermənistanın işğalçı siyasətini ifşa etmək, azərbaycanlılara qarşı ermənilərin həyata keçirdiyi soyqırımı və torpaqlarımızın 20 faizinin işğal edildiyi faktını tanıtdırmaq, hüquqları pozulmuş köçkünlərimizin ağrılı-acılı həyatını anlatmaq, ölkəni cəlb olunduğu regional münaqişədən onun ərazi bütövlüyünü saxlamaq şərti ilə dinc yolla xilas etmək;

Demokratik, hüquqi dövlət quruculuğu işini davam etdirmək, qazanılmış müstəqilliyin təsdiqi, möhkəmləndirilməsi və inkişaf etdirilməsi məqsədilə Avropa dəyərlərini mənimsəyərək bu birliyə inteqrasiya etmək;

Demokratik və hüquqi dövlət quruculuğu işində islahatları davam etdirmək üçün konkret öhdəliklərin yerinə yetirilməsini, vətəndaş cəmiyyətinin inkişafını və insan hüquqlarının müdafiəsini təmin etmək;

Avropa dövlətləri ilə diplomatik münasibətlərin yüksək səviyyədə qurulmasına imkan qazanmaq və ölkənin xarici siyasətinin dinc yanaşı yaşamaq, sülhü və təhlükəsizliyi qorumaq və s. beynəlxalq hüquq prinsiplərinə əsaslandığını nümayiş etdirərək bu dövlətlərə çatdırmaq;

Öz məqsəd və məramları haqqında məlumat vermək üçün Avropa Şurasının ali prinsipindən istifadə etmək.

Göründüyü kimi, Azərbaycanın Avropa Şurasına üzvlüklə bağlı perspektiv məqsədləri inkişaf etmiş dövlətlərin bu təşkilat çərçivəsindəki fəaliyyətlərinin əsas məqsədləri ilə üst-üstə düşürdü.

Beləliklə, Azərbaycan öz arzu və istəklərini, tələblərini Avropanın bu mötəbər tribunasından dünya dövlətlərinə çatdıra bilmək imkanı qazanmışdır. Bu mühüm və əlamətdar hadisə ilə bağlı Strasburqa gedən nümayəndə heyətinə rəhbərlik edən cənab İlham Əliyevin 2001-2003-cü illərdə orada apardığı səmərəli iş xüsusilə qeyd edilməlidir.

AŞPA-da Azərbaycanı təmsil edən nümayəndə heyətinin rəhbəri cənab İlham Əliyevin təşəbbüskarlığı və diplomatik fəallığı nəticəsində elə ilk sessiyadan etibarən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair həqiqətləri özündə əks etdirən sənədlər yayılmağa başladı. Məhz cənab İlham Əliyevin rəhbərliyi altında qurumda ölkəmizi təmsil edən deputatlar AŞPA-nın müxtəlif dövlətlərdən olan üzvləri ilə yaxın münasibətlər qurur, ölkəmizin qarşılaşdığı problemlər, torpaqlarımızın 20 faizinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunması, bir milyondan çox insanın qaçqın və məcburi köçkün kimi yaşaması barəsində ətraflı məlumatlar verirdilər.

2001-ci ilin aprelində AŞPA-nın yaz sessiyasında Azərbaycanın işğal olunmuş ərazilərində narkoticarətin genişlənməsi, terrorizmin inkişafına dair avropalı deputatlara lazımi bilgilər çatdırıldı. Bununla bağlı sessiyada daha çox diqqət cəlb edən məqam Azərbaycan nümayəndə heyətinin rəhbəri cənab İlham Əliyevin çıxışı oldu. Avropada mütəşəkkil cinayətkarlığın mərkəzlərindən birinin Azərbaycanın işğal edilmiş ərazilərində olduğunu diqqətə çatdıran cənab İlham Əliyev bildirirdi: "Azərbaycan ərazisinin 20 faizinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunması ilə nəinki bir milyon azərbaycanlı, qaçqın evsiz-eşiksiz qalıb, çoxsaylı şəhərlərimiz, kəndlərimiz, mədəniyyət abidələrimiz, əcdadlarımızın qəbirləri büsbütün dağıdılıb, bir sözlə, erməni işğalçılarının zəbt etdikləri ərazidə bütün infrastruktur məhv edilib, həm də ermənilərin işğal etdikləri ərazidə mütəşəkkil cinayətkarlığın inkişafı üçün çox əlverişli şərait yaranmışdır. "Dağlıq Qarabağ respublikası" deyilən ərazidən narkotik bitkilərin yetişdirilməsi və daşınması üçün istifadə edilir. Narkotiklərlə məşğul olan işbazlar və tiryək alverçiləri orada özlərini təhlükəsiz və çox rahat hiss edirlər".

Məhz belə qətiyyətli mövqedən sonra AŞPA-da Dağlıq Qarabağ münaqişəsinə münasibətdə daha ciddi dönüş yarandı. Sessiyada britaniyalı deputat Terri Devis AŞPA-nın Dağlıq Qarabağ üzrə məruzəçisi təyin edildi. Ermənistan AŞPA-nın Dağlıq Qarabağ münaqişəsi üzrə məruzəçisinin təyin olunmasına qarşı çıxsa da, Azərbaycan nümayəndə heyətinin prinsipial mövqeyi ermənilərin etirazına hər hansı əhəmiyyət verilməməsilə nəticələndi.

2005-ci il yanvarın 25-də qəbul etdiyi 1416 saylı qətnamə isə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində atılan mühüm addımlardandır. Qətnamədə qeyd olunur: "Parlament Assambleyası silahlı əməliyyatların başlamasından on ildən artıq bir müddətin keçməsinə baxmayaraq, Dağlıq Qarabağ bölgəsi üzərində münaqişənin həll olunmamış qalmasından təəssüflənir. Yüz minlərlə insan hələ də köç-kündür və acınacaqlı şəraitdə yaşayır. Azərbaycan ərazisinin əhəmiyyətli hissələri hələ də Erməni qüvvələri tərəfindən işğal altındadır və separatist qüvvələr hələ də Dağlıq Qarabağ bölgəsinə nəzarət edirlər."

Avropa Şurasına daxil olmaq istiqamətində həyata keçirilən kompleks tədbirlər müstəqil Azərbaycanın dünyəvi dövlət quruculuğu sahəsində bu qurumdan öyrənmək meyllərini daha bariz şəkildə büruzə verir.

Qanunvericilik sahəsində əsaslı islahatlar aparılır. Azərbaycanın Konstitusiyası beynəlxalq hüququn üstünlüyünə təminat verir.

Ölkəmizdə qəbul edilən qanunlar Avropa Şurası ekspertlərinin bilavasitə iştirakı ilə ha-zırlanır. Hüquq islahatları nəticəsində hər bir insan şəxsiyyət azadlığı və toxunulmazlığı-na, barəsində qaldırılmış işin müstəqil və qərəzsiz məhkəmə tərəfindən ədalətlə və açıq şəkildə araşdırılmasına, hüquq müdafiəsinə təminat almışdır. Ölkədə çoxpartiyalı sistem fəaliyyət göstərir, siyasi plüralizm, söz və vicdan azadlığı, azlıqların hüququ, qanun qarşı-sında bərabərlik və təqsirsizlik prezumpsiyası təmin edilir.

Azərbaycanda Konstitusiya Məhkəməsi yaradılmış, ölüm hökmü ləğv edilmiş, senzura aradan götürülmüş, məhkəmənin müstəqilliyi təmin olunmuşdur. Üçpilləli məhkəmə sistemi yaradılmış, şəffaf prosedurlar əsasında və beynəlxalq standartlara uyğun keçirilən seçkilər yolu ilə hakimlər korpusu 60 faiz yeniləşdirilmişdir. İnsan hüquqlarının qorunmasına və müvafiq mexanizmlərin təkmilləşdirilməsinə dair dövlət proqramı həyata keçirilir.

Rəsmi Bakı bu təşkilat qarşısında götürdüyü öhdəlikləri vaxtlı-vaxtında icra etmiş, ölkədə İnsan haqları üzrə müvəkkil - Ombudsman institutu fəaliyyətə başlamış, Azərbaycan Prezidenti mütəmadi olaraq əfv fərmanları imzalayır, yeni elektron kütləvi informasiya vasitəsi - İctimai Televiziya fəaliyyətə başlamışdır. Rəsmi Bakı təşkilatın ölkənin demokratik inkişafına xidmət edən bütün mütərəqqi təklif və tövsiyələrini nəzərə almış, AŞPA həmməruzəçilərinin müntəzəm monitorinq aparmasına şərait yaratmışdır.

Azərbaycan-Avropa Şurası əməkdaşlığı son illər daha intensiv xarakter almışdır. Azərbaycan nümayəndə heyəti qurumun müxtəlif strukturlarında keçirilən tədbirlərə qatılaraq müzakirə edilən məsələlərlə bağlı ölkəmizin mövqeyini çatdırırlar. Eləcə də qurumun təmsilçiləri ölkəmizdə səfərdə olaraq rəsmi görüşlər keçirir, əməkdaşlığın perspektiv imkanları barədə fikir mübadiləsi aparırlar. Azərbaycanda gedən proseslər Avropa Şurası tərəfindən diqqətlə izlənilir və adekvat münasibət bildirilir.

Avropa Şurası Parlament Assambleyasının Büro və Daimi Komitə iclaslarında Azərbaycanda keçirilən prezident seçkilərinin müzakirəsi bunları bir daha təsdiq edir. AŞPA-nın seçkini müşahidə missiyasının rəhbərinin məruzəsi ətrafında çıxış edən ölkələrin nümayəndələri Azərbaycanda keçirilən prezident seçkilərinin demokratik prinsiplərə və Avropa Şurasının standartlarına cavab verdiyini birmənalı şəkildə ifadə etmişlər. Bu il Azərbaycanda keçirilən parlament seçkiləri ilə bağlı da təşkilatın müşahidə missiyasının qərarı müsbət olmuşdur.

Bakıda Avropa Şurasının bir çox tədbirləri keçirilir. Üzv dövlətlərin mədəniyyət nazirlərinin "Mədəniyyətlərarası dialoq Avropa və onun qonşu regionlarında davamlı inkişafın və sülhün əsasıdır" mövzusunda konfransı da böyük əhəmiyyət kəsb edir. Belə bir mötəbər tədbirin Azərbaycan paytaxtında keçirilməsi təsadüfi deyil.

Tədbirdə müxtəlif qitələrin və dinlərin nümayəndələri təmsil olunaraq mədəni əməkdaşlıq münasibətlərinin formalaşmasında konkret addım atdılar. Avropa Şurası və Azərbaycan hökumətinin birgə təşkilatçılığı ilə keçirilən konfransda Avropa və onun qonşu regionlarında davamlı inkişafın və sülhün təmin edilməsində mədəniyyətlərarası münasibətlərin perspektiv imkanları da müzakirə edilmişdir.

2010-cu il mayın 25-də Bakıda keçirilmiş Avropa Şurasının qadınlar və kişilər arasında bərabərlik məsələlərinə məsul nazirlərinin "Gender bərabərliyi: de-yure və de-fakto bərabərliyinin təmin olunması" mövzusunda VII konfransı da bu baxımdan əlamətdardır. Konfransda iştirak və çıxış edən Azərbaycanın birinci xanımı, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın əsaslandırdığı kimi: "Mən bu konfransı Bakıda keçirmək qərarını qəbul etdiyinə görə Avropa Şurasına minnətdarlığımı bildirirəm və inanıram ki, Azərbaycanın gender bərabərliyinə aid fəal mövqeyi və konkret strategiyası bu tədbirin məhz Bakıda keçirilməsinin əsas səbəblərindəndir."

Xüsusi olaraq qeyd etməliyik ki, AŞPA-dakı nümayəndə heyətimizin rəhbərləri - İlham Əliyevin və Səməd Seyidovun AŞPA-nın vitse-prezidentləri seçilməsi də təşkilatın Azərbaycana münasibətinin göstəricisi sayıla bilər.

Beləliklə, müasir dövrdə Azərbaycan demokratik transformasiya sahəsində öz konkret, əməli fəaliyyəti ilə, həmçinin görülmüş bu işlərin və aparılmış islahatların məntiqi nəticəsi kimi, Avropa Şurasının üzvlüyünə layiq olduğunu sübuta yetirir.

Avropa Şurasının üzvü olan Azərbaycan Respublikasında ötən on il ərzində dünya təcrübəsinə əsaslanan məqsədyönlü siyasət nəticəsində insan hüquq və azadlıqlarının qorunması istiqamətində cəsarətli və radikal addımlar atılmışdır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkəmizin bu təşkilatla əmək-daşlığının konkret nəticəsini çox sərrast ifadə etmişdir: "Konstruktiv əməkdaşlıq, məsləhətlər, tövsiyələr, bölüşdüyünüz təcrübə - bunların hamısı Azərbaycan cəmiyyətinin gələcək demokratikləşməsinə, Azərbaycanın Avropa ailəsinə tam üzv olmasına xidmət etmişdir."