Azərbaycan Respublikası müstəqil dövlət və beynəlxalq hüququn subyekti kimi Azərbaycan Respublikasının Konstitusiyasına və «Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında» Konstitusiya Aktına müvafiq olaraq öz silahlı qüvvələrinə malikdir.

Maddə 1.

Azərbaycan Respublikasının Silahlı Qüvvələri Azərbaycan Respublikasının suverenliyinin, ərazi bütövlüyünün, onun toxunulmazlığının və mənafeyinin silahlı müdafiəsinə, dövlətə silahlı hücumun qarşısının alınmasına, təcavüz olarsa onun dəf edilməsinə xidmət edir.

Maddə 2.

Azərbaycan Respublikasının Silahlı Qüvvələri öz təyinatı ilə bağlı olmayan vəzifələrin icrasına Azərbaycan Respublikası Prezidentinin təqdimatı ilə Azərbaycan Respublikasının Milli Məclisi qərarına əsasən cəlb oluna bilərlər.

Maddə 3.

Azərbaycan Respublikasının Silahlı Qüvvələri qanunçuluq, nizami ordu, qarışıq komplektləşdirmə, kadr, mərkəzləşdirilmiş və vahid rəhbərlik, yüksək hərbi intizam, daimi döyüş və səfərbərlik hazırlığı, hərbi qulluqçuların sosial-hüquqi müdafiəsinin təmin olunması prinsipləri əsasında qurulur və fəaliyyət göstərir.

Maddə 4.

Azərbaycan Respublikasının Silahlı Qüvvələri quru qoşunlarından, hava hücumundan müdafiə və hərbi-hava, hərbi-dəniz qüvvələrindən ibarətdir. Təşkilati cəhətdən Azərbaycan Respublikasının Silahlı Qüvvələri birliklərdən, birləşmələrdən, hərbi hissələrdən, hərbi təşkilatlardan və hərbi təhsil müəssisələrindən ibarətdir.

Maddə 5.

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin ümumi strukturu və sayı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunur. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin təminatı dövlət büdcəsindən ayırmalar hesabına həyata keçirilir.

Maddə 6.

Azərbaycan Rsspublikasının Silahlı Qüvvələrinə rəhbərliyi Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali baş komandanı kimi Azərbaycan Respublikasının Prezidenti müvafiq dövlət orqanlarının qanunvericiliklə müəyyənləşdirilmiş səlahiyyətləri hüdudlarında həyata keçirir.

Maddə 7.

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin komplektləşdirilməsi və hərbi xidmət keçilməsi «Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın əsasları haqqında» və «Hərbi xidmət haqqında» Azərbaycan Respublikasının qanunlarına və digər qanunvericilik aktlarına müvafiq surətdə həyata keçirilir. Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə mülki şəxslər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən ştat sayı hüdudlarında Azərbaycan Respublikası Müdafiə Nazirliyinin təsdiq etdiyi siyahı üzrə vəzifələrə götürülürlər. Hərbi komandanlıqla mülki şəxslərin əmək münasibətləri Azərbaycan Respublikasının əmək və dövlət xidməti haqqında qanunvericiliyi ilə nizamlanır.

Maddə 8.

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin birlikləri, birləşmələri və hərbi hissələri hərbi doktrinanın tələblərinə uyğun olaraq yerləşdirilir.

Maddə 9.

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının hərbi-vətənpərvərlik tərbiyəsi ümumbəşəri dəyərlər və Azərbaycan xalqının milli-tarixi ənənələri ruhunda həyata keçirilir. Azərbaycan Respublikasının Silahlı Qüvvələrində siyasi məqsədlər daşıyan hər hansı təşkilatların və həmkarlar ittifaqlarının fəaliyyətinə yol verilmir.

Maddə 10.

Azərbaycan Respublikasının Silahlı Qüvvələrində qanunların icrasına, hərbi qulluqçuların, onların ailə üzvlərinin, mülki şəxslərin hüquqi müdafiəsinə nəzarət Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada həyata keçirilir.

Bu Qanun imzalandığı gündən qüvvəyə minir.


Azərbaycan Respublikasının Prezidenti

A. MÜTƏLİBOV


Bakı şəhəri, 9 oktyabr 1991-ci il

№ 210-XII


Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı»nda dərc edilmişdir (1991-ci il, № 19-20, maddə 329)

25 fevral 1992-ci il tarixli, 81 nömrəli; 10 iyun 1992-ci il tarixli, 168a nömrəli; 26 noyabr 1993-cü il tarixli, 743 nömrəli; 7 oktyabr 1997-ci il tarixli, 378-IQD nömrəli; 14 iyun 2005-ci il tarixli, 938-IIQD nömrəli qanunlara əsasən dəyişikliklər və əlavələrlə