Bu Qanun Azərbaycan Respublikasında dövlət mülkiyyətində olan əmlakın özəlləşdirilməsinin təşkilati, iqtisadi və hüquqi əsaslarını müəyyən edir.


I fəsil. Ümumi müddəalar

Maddə 1. Əsas anlayışlar

1.0. Bu Qanunda istifadə edilən əsas anlayışlar aşağıdakılardır:

1.0.1. dövlət əmlakının özəlləşdirilməsi — dövlət əmlakının bu Qanunla müəyyən edilmiş qaydalara uyğun alıcıların mülkiyyətinə verilməsidir;

1.0.2. dövlət əmlakının özəlləşdirmə üçün açıq elan edilmə anı — dövlət əmlakının özəlləşdirilməsi haqqında müvafiq icra hakimiyyəti orqanlarının qərar qəbul etdiyi vaxtdır;

1.0.3. özəlləşdirmənin obyekti — özəlləşdirilməsi qadağan olunan dövlət əmlakı istisna olmaqla, Azərbaycan Respublikasının ərazisində və onun hüdudlarından kənarda Azərbaycan Respublikasının dövlət mülkiyyətində olan əmlak, müştərək müəssisələrin nizamnamə fondundakı dövlətin payı, dövlətə məxsus səhmlər, özəlləşdirilən müəssisələrin altında yerləşən torpaq sahələridir;

1.0.4. (müəssisənin, obyektin) start qiyməti — qanunvericiliklə nəzərdə tutulmuş qayda tətbiq edilməklə əmlakın hesablanmış və ilk hərraca çıxarılma qiymətidir;

1.0.5. dövlət özəlləşdirmə payı — dörd özəlləşdirmə çekindən ibarət, Azərbaycan Respublikasının 1997-ci il 1 yanvar tarixinə qeydiyyatda olan hər bir vətəndaşına dəyəri ödənilmədən paylanmış və çeklə özəlləşdirilən dövlət əmlakının orta hesabla 1/8000000 hissəsini ifadə edən adsız (təqdim edənə), nağd şəkildə buraxılan qiymətli kağızların məcmusudur;

1.0.6. dövlət özəlləşdirmə opsionu — xarici investora dövlət əmlakının özəlləşdirilməsində dövlət özəlləşdirmə çeklərindən istifadə etmək hüququ verən, nağdsız formada buraxılan adlı qiymətli kağızdır;

1.0.7. özəlləşdirmə əqdi — bu Qanuna uyğun olaraq dövlət əmlakının satıcısı ilə alıcısı arasında bağlanılan alqı-satqı müqaviləsidir;

1.0.8. yerli investor — Azərbaycan Respublikasının vətəndaşları, təsisçisi (təsisçiləri) və ya nizamnamə fondundakı payın 50 faizindən çoxu Azərbaycan Respublikasının vətəndaşlarına məxsus olan hüquqi şəxslər;

1.0.9. xarici investor - əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər və onların nümayəndəlikləri, habelə nizamnamə kapitalında xarici sərmayənin payı 50 faizdən çox olan Azərbaycan Respublikasının hüquqi şəxsləridir.

1.0.10. strateji investor — müəssisəyə yeni texnologiya və nou-haunu cəlb etmək imkanına malik, müəssisənin fəaliyyətində və idarəçiliyində bilavasitə iştirak etmək niyyəti olan və həmin sahədə böyük idarəçilik və istehsal təcrübəsinə malik olan hüquqi şəxsdir.

Maddə 2. Dövlət əmlakının özəlləşdirilməsinin əsas məqsəd və prinsipləri

2.1. Dövlət əmlakının özəlləşdirilməsinin əsas məqsədi iqtisadiyyatın liberallaşdırılması, sahibkarlığın genişləndirilməsi, rəqabət mühitinin formalaşdırılması, iqtisadiyyata investisiyaların cəlb olunması yolu ilə onun səmərəliyinin artırılmasına, struktur dəyişikliklərinə və əhalinin həyat səviyyəsinin yüksəldilməsinə nail olmaqdan ibarətdir.

2.2. Dövlət əmlakının özəlləşdirilməsinin əsas prinsipləri aşağıdakılardır:

2.2.1. özəlləşdirməyə dair tədbirlərin aşkarlıq şəraitində həyata keçirilməsi və onun gedişi üzərində dövlət və ictimai nəzarətin təmin edilməsi;

2.2.2. dövlət əmlakının özəlləşdirilməsi prosesində əmək kollektivinin qanunvericiliklə müəyyən olunmuş mənafelərinin qorunması;

2.2.3. sağlam rəqabət mühitinin formalaşdırılması;

2.2.4. özəlləşdirmə prosesində bütün alıcılar üçün bərabər şəraitin yaradılması.

Maddə 3. Dövlət əmlakının özəlləşdirilməsi haqqında qanunvericilik

Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsi haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, bu Qanundan və onlara uyğun olaraq qəbul edilən digər qanunvericilik aktlarından ibarətdir.

Maddə 4. Qanunun tətbiq dairəsinin məhdudlaşdırılması

4.0. Bu Qanun aşağıdakılara şamil edilmir:

4.0.1. torpaq fondunun özəlləşdirilməsi (özəlləşdirilən müəssisə və obyektlərin altında yerləşən, habelə fiziki və ya qeyri-dövlət hüquqi şəxslərin vəsaiti hesabına inşa edilən obyektlərin yerləşdiyi dövlət torpaq sahələri istisna olmaqla);

4.0.2. dövlət mənzil fondunun özəlləşdirilməsi;

4.0.3. faydalı qazıntı yataqlarının özəlləşdirilməsi;

4.0.4. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəliklərin yerinə yetirilməsi halları.

Maddə 5. Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin Dövlət Proqramı

5.1. Müəyyən dövr üçün dövlət əmlakının özəlləşdirilməsinin həyata keçirilməsində öncüllüklər (prioritetlər), məhdudiyyətlər, dövlət mülkiyyətinin fiziki və hüquqi şəxslər tərəfindən alınması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan Dövlət Proqramında müəyyən olunur.

5.2. Dövlət Proqramında aşağıdakılar nəzərdə tutulur:

5.2.1. bu Qanunun 6.1-ci maddəsinin 6.1.3 və 6.1.4 bəndlərində göstərilən müvafiq icra hakimiyyəti orqanının qərarı ilə özəlləşdirilən əmlakın siyahısı;

5.2.2. dövlət əmlakının özəlləşdirilməsi üsullarının seçilməsi qaydası;

5.2.3. dövlət özəlləşdirmə paylarının (çeklərin) istifadə olunması qaydası;

5.2.4. özəlləşdirmə zamanı qoyulan məhdudiyyətlər;

5.2.5. özəlləşdirmə prosesində yerli və xarici investorların (alıcıların) iştirakı qaydası;

5.2.6. özəlləşdirilən dövlət əmlakının haqqının ödənilməsi qaydası;

5.2.7. müəssisə və obyektlərin özəlləşdirməqabağı restrukturizasiyası və sağlamlaşdırılması;

5.2.8. özəlləşdirilən dövlət müəssisəsində əmək kollektivinə verilən güzəştlər;

5.2.9. dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı digər məsələlər.

Maddə 6. Dövlət əmlakının təsnifatı

6.1. Dövlət mülkiyyətində olan əmlak özəlləşdirmə baxımından aşağıdakı kimi təsnifatlaşdırılır:

6.1.1. özəlləşdirilməsi qadağan olunan əmlak;

6.1.2. özəlləşdirilməsi barədə qərar qəbul edilən anadək dövlət mülkiyyətində saxlanılan əmlak;

6.1.3. müvafiq icra hakimiyyəti orqanının qərarı ilə özəlləşdirilən əmlak;

6.1.4. dövlət əmlakı satıcısının qərarı ilə özəlləşdirilən əmlak.

6.2. Azərbaycan Respublikasının dövlət mülkiyyətində saxlanılan aşağıdakı əmlak növlərinin özəlləşdirilməsi qadağandır:

6.2.1. yerin təki, meşə fondu, su ehtiyatları, dövlət sərhəd zolaqları və üzərindəki daşınmaz əmlak, hava məkanı, Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına məxsus olan sektorunun suları, geostasionar orbitlərdəki peyk rabitəsi vasitələri;

6.2.2. qorunan və xüsusi qaydada istifadə olunan təbiət əraziləri;

6.2.3. Azərbaycan xalqının tarix və mədəniyyət abidələri (yerli əhəmiyyətli tarix və mədəniyyət abidələri istisna olmaqla), dövlət muzeyi, dövlət arxivi və mərkəzi dövlət kitabxanasının eksponatları və fondu;

6.2.4. Azərbaycan Respublikasının müdafiəsini və təhlükəsizliyini təmin etmək üçün saxlanılan hərbi hissələrin, daxili və sərhəd qoşunlarının, gömrük orqanlarının operativ istifadəsində olan əmlak;

6.2.5. sanitar-epidemioloji, meşə idarələri, baytarlıq və fitosanitar nəzarəti xidmətləri;

6.2.6. patent xidməti, standartlaşdırma və metrologiya müəssisələri;

6.2.7. dövlət əhəmiyyətli meliorasiya və su təsərrüfatı obyektləri və qurğuları;

6.2.8. dövlət əhəmiyyətli avtomobil və dəmir yolları, körpülər və tunellər;

6.2.9. narkotik və zəhərli maddələr istehsal edən, habelə onları əkən, becərən, emal edən və saxlayan müəssisələr;

6.2.10. toksiki və ionizə şüaları verən maddələrin, radioaktiv tullantıları basdıran müəssisə və obyektlər;

6.2.11. dövlət geologiya, kartoqrafiya-geodeziya hidrometeorologiya xidməti, ətraf mühiti və təbiəti mühafizə xidməti müəssisə və təşkilatları;

6.2.12. mülki-müdafiə və səfərbərlik obyektləri;

6.2.13. islah-əmək və ixtisaslaşdırılmış müalicə-istehsalat müəssisə və obyektləri;

6.2.14. qəbiristanlıq və krematoriyalar;

6.2.15. ixtisaslaşdırılmış dövlət uşaq, körpələr və qocalar evləri;

6.2.16. dövlət icbari ümumi orta təhsil müəssisələri;

6.2.17. əhalinin sosial müdafiəsini təmin edən dövlət müəssisə və təşkilatları;

6.2.18. psixiatriya, psixonevroloji, yoluxucu, onkoloji və dəri-zöhrəvi xəstəliklərin, İÇV yoluxmuşların və QİÇS xəstələrin müalicə və profilaktikası üzrə dövlət müəssisələri;

6.2.19. İctimai Televiziya və Radio Yayımları Şirkətinin əmlakı.

Maddə 7. Dövlət əmlakının özəlləşdirilməsi zamanı qoyulan məhdudiyyətlər

7.1. Dövlət təhlükəsizliyinin, vətəndaşların sağlamlığının, mənəviyyatının, hüquq və qanuni mənafelərinin qorunmasını təmin etmək məqsədilə dövlət əmlakının özəlləşdirilməsində bu barədə qərar qəbul edən müvafiq icra hakimiyyəti orqanının qərarı ilə müəyyən məhdudiyyətlər qoyula bilər.

7.2. Dövlət mülkiyyətində olan müəssisələrin (obyektlərin) özəlləşdirilməsinə məhdudiyyətlər adi (səs hüququ olan) səhmlərin nəzarət zərfinin (51%-nin) və məhdudlaşdırıcı hissəsinin (25,5%-nin) dövlət mülkiyyətində qalması vasitəsilə qoyula bilər.

7.3. Dövlət müəssisələrinin (obyektlərinin) özəlləşdirilməsi prosesində səhmlərin nəzarət zərfinin və məhdudlaşdırıcı hissəsinin dövlət mülkiyyətində qalması vasitəsilə məhdudiyyətlər qoyulduqda dövlətin nümayəndələrinin həmin səhmdar cəmiyyətlərin idarəetmə orqanlarında iştirakı qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunmuş normativ-hüquqi aktlara uyğun olaraq həyata keçirilir.

Maddə 8. Dövlət əmlakının satıcısı

8.1. Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsi prosesində dövlət əmlakının satıcısı kimi müvafiq icra hakimiyyəti orqanı çıxış edir.

8.2. Dövlət əmlakının satıcısı aşağıdakı funksiyaları həyata keçirir:

8.2.1. müəyyən olunmuş qaydada dövlət əmlakının registrini aparır;

8.2.2. qanunvericilikdə müəyyən edilmiş qaydaya uyğun olaraq dövlət əmlakının özəlləşdirilməsi üzrə komissiya yaradır;

8.2.3. özəlləşdirməyə açıq elan edilmiş dövlət əmlakını satılan anadək müəyyən edilmiş qaydada idarə edir;

8.2.4. özəlləşdirmədən qabaq müəssisələrin restrukturizasiyası və sağlamlaşdırılması ilə bağlı təkliflər hazırlayır və bu sahədə öz səlahiyyətləri çərçivəsində tədbirlər həyata keçirir;

8.2.5. özəlləşdirmə qabağı dövlət müəssisələrinin idarəetməyə verilməsi barədə təkliflər irəli sürür;

8.2.6. məqsədəuyğun hallarda özəlləşdirilməsi nəzərdə tutulan dövlət müəssisələrinin müflis elan olunmasına dair təkliflər irəli sürür;

8.2.7. özəlləşdirmə prosesində yaradılan səhmdar cəmiyyətlərinin təsisçisi və dövlətə məxsus səhmlər zərfinin saxlayıcısı kimi çıxış edir;

8.2.8. dövlət əmlakının özəlləşdirilməsi nəticəsində əldə edilən pul vəsaitinin statistik və mühasibat hesabatını aparır və onun dövlət büdcəsinə köçürülməsini təmin edir;

8.2.9. səhmdar cəmiyyətlərində (və ya müştərək müəssisələrdə) dövlət əmlak payının, həmçinin dövlət əmlakının satışı zamanı alıcıların alqı-satqı müqaviləsində müəyyən edilmiş öhdəliklərinin uçotunu aparır.

8.2.10. müəssisələrin nizamnamə kapitalında dövlətə məxsus paya və səhmlərə görə dövlət büdcəsinə dividend köçürülməsini təmin edən tədbirlər həyata keçirir.

8.3. Dövlət əmlakı satıcısının fəaliyyəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunmuş normativ-hüquqi akta uyğun olaraq tənzimlənir.

Maddə 9. Dövlət əmlakının alıcıları

9.1. Dövlət əmlakının özəlləşdirilməsi zamanı alıcılar kimi aşağıdakılar çıxış edir:

9.1.1. Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər;

9.1.2. bu Qanunun 9.2-ci maddəsində göstərilənlərdən başqa Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış bütün hüquqi şəxslər;

9.1.3. xarici hüquqi şəxslər.

9.2. Dövlət əmlakının özəlləşdirilməsi zamanı aşağıdakılar alıcı kimi çıxış edə bilməzlər:

9.2.1. səhmlərin və ya nizamnamə fondundakı payın 20%-dən çoxu dövlət mülkiyyətində olan hüquqi şəxslər;

9.2.2. icra hakimiyyəti orqanları;

9.2.3. bələdiyyə orqanları.

9.3. Yerli investorların dövlət əmlakının özəlləşdirilməsinin bütün forma və üsullarında məhdudiyyətsiz iştirak etmək hüququ vardır.

9.4. Xarici investorlar dövlət əmlakının özəlləşdirilməsi prosesində bu Qanunla və Azərbaycan Respublikasının digər qanunvericilik aktları ilə müəyyən edilmiş qaydada iştirak edə bilərlər. Dövlət özəlləşdirmə çeklərinin tədavüldə olduğu müddətdə xarici investorlar dövlət özəlləşdirmə çeklərindən dövlət özəlləşdirmə opsionları təqdim etməklə istifadə edirlər.

9.5. Dövlət özəlləşdirmə çekləri dövriyyədən çıxarıldıqdan sonrakı müddətdə xarici investorların özəlləşdirmədə iştirakı qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur.

9.6. Dövlət əmlakının özəlləşdirilməsi zamanı alıcılıq hüququnun sübut edilməsi vəzifəsi alıcının üzərinə düşür.

9.7. Alıcılar tərəfindən dövlət əmlakının özəlləşdirilməsində iştirak etmək üçün təqdim edilməli sənədlərin siyahısı və qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

9.8. Dövlət əmlakının özəlləşdirilməsi zamanı müəyyən edilmiş qaydada özəlləşdirmə prosesinin təşkili üçün məsləhətçi cəlb edilə bilər.

Maddə 10. Dövlət əmlakının özəlləşdirilməsində ödəmə vasitəsi

Dövlət əmlakının özəlləşdirilməsi zamanı ödəmə vasitəsi Azərbaycan Respublikasının tədiyə vasitəsi — manat və qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət özəlləşdirmə payları (çekləri) hesab olunur.

Maddə 11. Dövlət əmlakının özəlləşdirilməsi nəticəsində əldə edilən pul vəsaitinin istifadə olunması

11.1. Dövlət əmlakının özəlləşdirilməsindən əldə olunan pul vəsaiti dövlət büdcəsinə köçürülür.

11.2. Dövlət əmlakının özəlləşdirilməsi prosesində müstəqil maliyyə məsləhətçisinin cəlb edilməsi, özəlləşdirmə ilə bağlı informasiya təminatının təşkili, müəssisələrin özəlləşdirməqabağı sağlamlaşdırılması və sahibkarlığa dövlət köməyinin maliyyələşdirilməsi, Azərbaycan Respublikasının mülkiyyət hüquqlarının qorunması məqsədi ilə Azərbaycan Respublikasını xarici ölkələrin müvafiq orqanlarında, habelə məhkəmə orqanlarında təmsil etməklə bağlı xərclərin ödənilməsi üçün özəlləşdirməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının hesabına özəlləşdirmədən əldə edilən vəsaitdən ayırmalar nəzərdə tutulur.

11.3. Dövlət əmlakının özəlləşdirilməsindən əldə edilən pul vəsaitindən vergi tutulmur.

Maddə 12. Dövlət əmlakının özəlləşdirilməsi prosesində dövlət özəlləşdirmə çeklərinin və dövlət özəlləşdirmə opsionlarının tədavüldən çıxarılması

Dövlət əmlakının özəlləşdirilməsi prosesində ödəmə vasitəsi kimi təqdim olunan çeklərin və xaricilərin təqdim etdikləri opsionların tədavüldən çıxarılması qaydaları Dövlət Proqramı ilə tənzimlənir.

Maddə 13. Özəlləşdirmədə investisiyalara dövlət təminatı

13.1. Dövlət əmlakının özəlləşdirilməsində investisiyalara dövlət təminatı və investorların hüquqlarının və qanuni mənafelərinin qorunması Azərbaycan Respublikasının Konstitusiyasına və Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq həyata keçirilir.

13.2. Xarici investorların dövlət mülkiyyətinin özəlləşdirilməsi prosesində bu Qanunla nəzərdə tutulmuş qaydada aldıqları müəssisələrin, onların hissə və səhmlərinin digər xarici və (və ya) yerli investorlara satışına məhdudiyyət qoyulmur.

13.3. Yerli investorların dövlət mülkiyyətinin özəlləşdirilməsi prosesində aldıqları müəssisələrin, onların hissə və səhmlərinin digər yerli və (və ya) xarici investorlara satışına məhdudiyyət qoyulmur.

13.4. Xarici investorlar Azərbaycan Respublikası ərazisində əldə etdikləri xalis mənfəət hesabına opsion təqdim etmədən özəlləşdirmədə iştirak edə bilərlər.

Maddə 14. Özəlləşdirmə prosesinə dövlət nəzarəti

Dövlət əmlakının özəlləşdirilməsi prosesində dövlət nəzarətini həyata keçirmək məqsədilə Dövlət Komissiyası yaradılır. Komissiyanın fəaliyyəti, onun hüquq və vəzifələri müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunmuş normativ-hüquqi aktla tənzimlənir.


II fəsil. Dövlət əmlakının özəlləşdirilməsi qaydası və üsulları

Maddə 15. Dövlət əmlakının özəlləşdirilməsi haqqında qərarın qəbul edilməsi

15.1. Dövlət əmlakının özəlləşdirilməsi haqqında qərar müvafiq icra hakimiyyəti orqanları tərəfindən qəbul edilir.

15.2. Özəlləşdirmə haqqında qərarda obyektin özəlləşdirilməsinin məqsədəuyğunluğu əsaslandırılır və üsulları göstərilir. Müəyyən səhm zərfinin dövlət mülkiyyətində saxlanılması məqsədəuyğun hesab edildiyi halda, bu barədə həmin qərarda qeyd olunur.

15.3. Özəlləşdirmə obyekti barədə qərar çıxarılarkən, ölkənin müdafiəsinə və dövlətin təhlükəsizliyini təmin etmək baxımından obyektin əhəmiyyəti, ölkənin iqtisadi maraqları, obyektin sahə xüsusiyyətləri və yerli əhəmiyyəti nəzərə alınır.

15.4. Dövlət əmlakının özəlləşdirilməsi barədə qərar qəbul edildikdən sonra qanunvericiliyə uyğun olaraq özəlləşdirmə komissiyası yaradılır.

15.5. Özəlləşdirmə komissiyası ən geci üç ay müddətində müəssisənin (obyektin) özəlləşdirilməsi planını işləyib hazırlamalıdır.

15.6. Özəlləşdirmə komissiyası öz işinə müstəqil ekspertləri və auditorları cəlb edə bilər.

15.7. Özəlləşdirmə planında özəlləşdirilən, müəssisənin (obyektin) satışı qaydası və üsulu, satış müddəti, obyektin ilkin (start) qiyməti göstərilir. Özəlləşdirmə planı dövlət əmlakının satıcısı tərəfindən təsdiq edilir.

Maddə 16. Dövlət əmlakının özəlləşdirilməsi üsulları

16.1. Dövlət əmlakının özəlləşdirilməsi aşağıdakı üsullarla həyata keçirilir:

16.1.1. özəlləşdirilən dövlət müəssisələrinin əmlakının əmək kollektivi üzvlərinə və onlara bərabər tutulan şəxslərə güzəştli satışı;

16.1.2. dövlət müəssisələrinin fərdi layihələr üzrə özəlləşdirilməsi;

16.1.3. dövlət əmlakının ixtisaslaşdırılmış çek və pul hərraclarında satışı;

16.1.4. dövlət əmlakının hərraclar vasitəsilə satışı;

16.1.5. dövlət əmlakının investisiya müsabiqəsi vasitəsilə satışı;

16.1.6. icarəyə verilmiş dövlət əmlakının satışı;

16.1.7. dövlət müəssisələrinin müflis elan olunması yolu ilə satışı.

16.2. Dövlət əmlakının hansı üsulla özəlləşdirilməsi bu Qanuna və Dövlət Proqramına müvafiq olaraq dövlət əmlakının özəlləşdirilməsi barədə qərar qəbul etmiş müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Maddə 17. Özəlləşdirilən dövlət müəssisələrində əmək kollektivinə verilən güzəştlər

17.1. Özəlləşdirmə prosesində dövlət müəssisələrində əmək kollektivi üzvlərinin həmin müəssisələrin əmlakının və səhmlərinin bir hissəsini, (onun qalan hissəsinin satışı üsulundan asılı olmayaraq) güzəştli şərtlərlə almaq hüquqları vardır. Həmin güzəştlərin verilməsi formaları və həyata keçirilməsi qaydaları Dövlət Proqramı ilə müəyyən olunur.

17.2. Özəlləşdirilən dövlət müəssisələrinin səhmlərinin və ya hissələrinin satışında güzəştlər aşağıdakı şəxslərə aid edilir:

17.2.1. əsas iş yeri həmin müəssisə hesab edilən işçilər — şəxslər;

17.2.2. Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq, həmin müəssisədə əvvəlki iş yerinə qayıtmaq hüquqi olan şəxslər;

17.2.3. özəlləşdirilən müəssisədə 7 (yeddi) ildən çox çalışmış və həmin müəssisədən təqaüdə çıxmış şəxslər;

17.2.4. 1995-ci il 1 yanvar tarixdən sonra işçilərin sayı və ya ştatların ixtisarı nəticəsində işdən azad olunmuş və işsiz statusu almış şəxslər.

Maddə 18. Dövlət müəssisələrinin fərdi layihələr üzrə özəlləşdirilməsi

18.1. Ölkə iqtisadiyyatı üçün böyük əhəmiyyət kəsb edən dövlət müəssisələrin fərdi layihələr üzrə özəlləşdirilir və bu zaman həmin müəssisəyə strateji investor cəlb etmək məqsədi ilə satışa onun səhmlərinin 51 faizi və ya daha çox hissəsi çıxarılır.

18.2. Fərdi layihələr üzrə dövlət müəssisələrinin özəlləşdirilməsi qaydaları və bu qayda üzrə özəlləşdirilən dövlət müəssisələrinin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Maddə 19. Dövlət əmlakının ixtisaslaşdırılmış çek və pul hərraclarında satışı

19.1. Dövlət əmlakının ixtisaslaşdırılmış çek və pul hərraclarında satışı özəlləşdirmə prosesində yaradılmış səhmdar cəmiyyətlərin səhmlərinin və ya səhm zərflərinin sifarişlər əsasında alıcılara satışıdır.

19.2. İxtisaslaşdırılmış çek və pul hərraclarının keçirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Maddə 20. Dövlət əmlakının hərraclar vasitəsilə satışı

20.1. Dövlət əmlakının hərraclar vasitəsilə satışı həmin əmlakın hər hansı bir şərt qoyulmadan alıcıya satışıdır. Bu zaman əmlak üzərində mülkiyyət hüququ hərracın gedişində maksimum qiymət təklif etmiş alıcıya verilir. Dövlət əmlakının hərrac vasitəsilə satışı baş tutmadıqda (sifariş verilmədikdə və ya start qiyməti ilə satılmadıqda) növbəti hərracda dövlət əmlakının satıcısı müəyyən olunmuş qaydada start qiymətini aşağı sala bilər.

20.2. Hərracın keçirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Maddə 21. Dövlət əmlakının investisiya müsabiqəsi vasitəsilə satışı

21.1. Dövlət əmlakının investisiya müsabiqəsi vasitəsilə satışı zamanı dövlət əmlakı barəsində investisiya proqramının yerinə yetirilməsi tələb olunur. İnvestisiya proqramına dair iqtisadi, sosial və ekoloji şərtlər özəlləşdirmə barədə qərar qəbul etmiş müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İnvestisiya müsabiqəsinin qalibi investisiya proqramının şərtləri daxilində investisiyanın maksimum həcmi və onun səmərəli qoyuluşunu özündə əks etdirən investisiya proqramını təqdim edən hesab olunur.

21.2. İnvestisiya müsabiqəsinin keçirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Maddə 22. İcarəyə verilmiş dövlət əmlakının satışı

22.1. Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sonradan özəlləşdirilmək şərti ilə icarəyə verilmiş dövlət əmlakının satın alınması Dövlət Proqramında və digər normativ-hüquqi aktlarda müəyyən edilmiş qaydaya müvafiq olaraq həyata keçirilir.

22.2. İcarəyə verilmiş dövlət əmlakı özəlləşdirilmək məqsədi ilə açıq tipli səhmdar cəmiyyətinə çevrildiyi halda onun səhmləri satılmaq üçün ilk növbədə icarədara təklif olunur.

Maddə 23. Dövlət müəssisələrinin müflis elan olunması yolu ilə satışı

23.1. Dövlət müəssisəsinin hərrac vasitəsilə satışı baş tutmadıqda, özəlləşdirmə prosesində dövlət nəzarətini həyata keçirən Dövlət Komissiyası dövlət müəssisəsinin müflis elan olunması yolu ilə özəlləşdirilməsi barədə təşəbbüs irəli sürə bilər.

23.2. Dövlət müəssisəsinin (obyektinin) özəlləşdirilməsinə hazırlıq mərhələsində onun maliyyə-təsərrüfat fəaliyyətinin göstəriciləri qeyri-qənaətbəxş (müflis) hesab edildiyi halda, müvafiq icra hakimiyyəti orqanı həmin müəssisənin qanunvericiliyə uyğun olaraq müflis elan olunması barədə qərar qəbul edə bilər və müəssisə ləğv oluna bilər. Bu zaman müəssisənin əmlakı hərrac vasitəsilə satılır. Əldə edilmiş maliyyə vəsaitinin bir qismi kreditorların borcunun ödənilməsinə yönəldilir.

23.3. Dövlət müəssisələrinin müflis elan olunması yolu ilə özəlləşdirilməsi qaydası müvafiq normativ-hüquqi aktla tənzimlənir.

Maddə 24. Özəlləşdirilən dövlət əmlakının qiymətləndirilməsi

Özəlləşdirilən dövlət əmlakının qiymətləndirilməsi müvafiq normativ-hüquqi aktlara uyğun olaraq həyata keçirilir. Özəlləşdirmə prosesində qiymətləndirmənin beynəlxalq praktikada qəbul olunmuş üsullarından da istifadə edilə bilər.

Maddə 25. Dövlət əmlakının özəlləşdirilməsi haqqında məlumat

25.1. Dövlət əmlakının özəlləşdirilməsi barədə məlumat rəsmi kütləvi informasiya vasitələrində həmin əmlakın satışının həyata keçirilməsi gününə azı 30 gün qalmış dərc edilməlidir.

25.2. Özəlləşdirilən dövlət müəssisəsi (obyekti) barədə məcburi qaydada dərc olunmalı məlumatların siyahısı Dövlət Proqramında müəyyən edilir.

25.3. Dövlət müəssisələrinin (obyektlərinin) özəlləşdirilməsinin nəticələri haqqında məlumat 15 gün müddətində kütləvi informasiya vasitələrində dərc olunmalıdır. Dövlət mülkiyyətinin özəlləşdirilməsinin nəticələri haqqında məlumatın məzmunu Dövlət Proqramında müəyyən edilir.

25.4. Dövlət əmlakının satılması, onun üzərində əmlak hüquqlarının dəyişməsi barədə məlumatlar qanunvericiliklə müəyyən edilmiş üsullarla açıqlanır.

Maddə 26. Özəlləşdirilən dövlət əmlakının haqqının ödənilməsi

Alıcı özəlləşdirilən dövlət əmlakının haqqını bir dəfəyə və ya özəlləşdirmə əqdində (alqı-satqı müqaviləsində) müəyyən edilmiş müddət ərzində ödəməlidir.

Maddə 27. Özəlləşdirilən dövlət müəssisələrində əmək kollektivinin hüquqlarının müdafiəsi

Özəlləşdirilmiş dövlət müəssisəsinin (obyektinin) yeni mülkiyyətçisi və yaxud onun müvəkkil etdiyi orqan ilə əmək kollektivi arasında kollektiv müqavilələrin bağlanması və əmək münasibətləri Azərbaycan Respublikasının əmək qanunvericiliyi ilə tənzimlənir.

Maddə 28. Dövlət əmlakının özəlləşdirilməsi zamanı ekoloji tələblər

28.1. Satıcı özəlləşdirmə obyektinin ekoloji vəziyyəti haqqında alıcıya məlumat təqdim etməlidir.

28.2. Alqı-satqı müqavilələrində ekoloji tələblər nəzərdə tutula bilər.


III fəsil. Yekun müddəalar

Maddə 29. Dövlət əmlakının özəlləşdirilməsinə dair əqdlərin rəsmiləşdirilməsi

29.1. Dövlət əmlakının özəlləşdirilməsi zamanı, ixtisaslaşdırılmış hərraclar istisna olunmaqla, dövlət əmlakının satıcısı və alıcı arasında Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, bu Qanuna və Dövlət Proqramına müvafiq olaraq alqı-satqı müqaviləsi bağlanılır.

29.2. Bu Qanunun 29.1-ci maddəsində göstərilən alqı-satqı müqaviləsində hərracın, müsabiqənin və yaxud satınalmanın şərtlərindən irəli gələn öhdəliklərdən başqa dövlət əmlakının alqı-satqı müqaviləsinin tələbləri kimi aşağıdakılar göstərilməlidir.

29.2.1. özəlləşdirilən dövlət əmlakının satıcısı və alıcısı barədə məlumat;

29.2.2. özəlləşdirmə obyektinin adı, yerləşdiyi yer, torpaq sahəsi tərkibi və dəyəri;

29.2.3. səhmdar cəmiyyətinin səhmlərinin sayı, onların növü və nominal dəyəri;

29.2.4. özəlləşdirmə obyektinin dəyərinin ödənilməsi forması və onun alıcının mülkiyyətinə verilməsi qaydaları;

29.2.5. tərəflərin öhdəlikləri və onların icra müddəti;

29.2.6. tərəflərin razılığı ilə digər şərtlər.

29.3. Özəlləşdirilmiş əmlak özəlləşdirmə əqdi qüvvədə olduğu müddətdə özgəninkiləşdirildikdə bu əqdlə müəyyən edilmiş öhdəliklər həmin əmlakı əldə etmiş yeni mülkiyyətçi üçün məcburidir.

29.4. Alqı-satqı müqaviləsində müəyyən edilmiş öhdəliklərin yerinə yetirilməsi üzərində nəzarəti dövlət əmlakının satıcısı həyata keçirir.

29.5. Özəlləşdirmə prosesində bağlanan əqdlərin daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması və özəlləşdirilmiş obyekt üzərində alıcının mülkiyyət hüququnun rəsmiləşdirilməsi məqsədi ilə dövlət əmlakının alıcılarına özəlləşdirilən müəssisə və obyektlərə, onların, habelə fiziki və hüquqi şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin satılmasına dair şəhadətnamə verilir.

29.6. Özəlləşdirilmiş obyektlərin mülkiyyətçiləri həmin obyektlərin yerləşdiyi torpaq sahələrinin müvafiq normativ-hüquqi aktlarla müəyyən edilmiş qaydada satın ala və ya satınalma hüququ ilə icarəyə götürə bilər, habelə müvafiq qərar (müqavilə) əsasında həmin torpaqdan daimi və ya müvəqqəti istifadə edə bilər. Bu sahədə məhdudiyyət olduğu halda, o cümlədən özəlləşdirilmiş obyektlərin mülkiyyətçiləri əcnəbi və ya vətəndaşlığı olmayan şəxs, xarici hüquqi şəxs olduqda isə o, torpaq sahəsini satınalma hüququ olmadan icarəyə götürə bilər.

29.7. Alıcı ixtisaslaşdırılmış çek və pul hərraclarında aldıqları səhmlərə mülkiyyət hüququnu auksionların nəticələri haqqında protokolun təsdiq etdiyi gündən əldə edir.

Maddə 30. Özəlləşdirmə zamanı yaranan mübahisələrin həlli

Dövlət əmlakının özəlləşdirilməsi ilə əlaqədar yaranan mübahisələr qanunvericiliklə müəyyən edilmiş qaydada məhkəmə qaydasında həll edilir.

Maddə 31. Dövlət əmlakının özəlləşdirilməsinə dair bağlanmış əqdlərin etibarsız hesab edilməsi

31.1. Dövlət əmlakının özəlləşdirilməsinə dair bağlanmış əqdlərin etibarsız hesab edilməsi üçün aşağıdakılar əsasdır:

31.1.1. Bu Qanunun və Dövlət əmlakının özəlləşdirilməsi qaydalarını müəyyən edən digər normativ-hüquqi aktların pozulması;

31.1.2. Dövlət əmlakının bu Qanuna uyğun olaraq alıcı kimi tanınmayan şəxs tərəfindən özəlləşdirilməsi.

31.2. Dövlət əmlakının özəlləşdirilməsinə dair bağlanmış əqdlər mübahisələndirilə bilər.

Maddə 32. Bu Qanunun pozulmasına görə məsuliyyət

Bu Qanunun pozulmasına görə hüquqi və fiziki şəxslər, vəzifəli şəxslər qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada məsuliyyət daşıyırlar.

Maddə 33. Keçid müddəaları

33.1. Bu Qanun qüvvəyə mindiyi günədək qəbul edilmiş və dövlət əmlakının özəlləşdirilməsini tənzimləyən normativ-hüquqi aktlar bu Qanuna zidd olmayan hissəsində öz qüvvəsini saxlayır.

33.2. Bu Qanun qüvvəyə mindiyi gündən «Azərbaycan Respublikasında dövlət mülkiyyətinin özəlləşdirilməsi haqqında» Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1993-cü il, № 1, maddə 11), Azərbaycan Respublikasında 1995—1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1995-ci il, № 22, maddə 361, Azərbaycan Respublikasının qanunvericilik toplusu, 1998-ci il, № 11, maddə 645) qüvvədən düşmüş hesab edilsin.


Azərbaycan Respublikasının Prezidenti

Heydər ƏLİYEV


Bakı şəhəri, 16 may 2000-ci il

№ 878-IQ


«Azərbaycan» qəzetində dərc edilmişdir (11 avqust 2000-ci il, № 181) («VES Consultancy» LLC).

«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 avqust 2000-ci il, № 8, maddə 580) («VES Consultancy» LLC).

25 oktyabr 2002-ci il tarixli, 376-IIQD nömrəli; 4 mart 2005-ci il tarixli, 854-IIQD nömrəli;15 aprel 2005-ci il tarixli, 887-IIQD nömrəli; 7 aprel 2006-cı il tarixli, 91-IIIQD nömrəli; 21 aprel 2006-cı il tarixli, 100-IIIQD nömrəli; 20 oktyabr 2006-cı il tarixli, 167-IIIQD nömrəli; 17 aprel 2007-ci il tarixli, 315-IIQD nömrəli qanunlara əsasən əlavələr və dəyişikliklərlə