I fəsil. Ümumi müddəalar

Maddə 1. Bu qanunun məqsədi

1.1. Bu Qanun ictimai birliklərin və fondların yaradılması və fəaliyyət göstərməsi ilə bağlı münasibətləri tənzimləyir.

1.2. Bu qanunda «qeyri-hökumət təşkilatı» anlayışına ictimai birliklər və fondlar daxildir.

1.3. Bu qanun hüquqi şəxslər kimi qeyri-hökumət təşkilatlarının yaradılmasını, fəaliyyətini, yenidən təşkil edilməsi və ləğv edilməsi qaydalarını, qeyri-hökumət təşkilatlarının fəaliyyətini, idarə olunmasını, dövlət hakimiyyəti orqanları ilə münasibətlərini müəyyən edir.

1.4. Bu qanun siyasi partiyalara, həmkarlar ittifaqlarına, dini birliklərə, yerli özünüidarə orqanlarına və başqa qanunlarla tənzimlənən digər qeyri-hökumət təşkilatlarına şamil edilmir.

Maddə 2. Qeyri-hökumət təşkilatı

2.1. İctimai birlik—təsis sənədlərində müəyyən olunmuş məqsədlərlə ümumi maraqlar əsasında birləşmiş bir neçə fiziki və (və ya) hüquqi şəxsin təşəbbüsü ilə yaradılmış könüllü, özünüidarəedən, öz fəaliyyətinin əsas məqsədi kimi gəlir əldə etməyi nəzərdə tutmayan və əldə edilən gəliri öz üzvləri arasında bölməyən qeyri-hökumət təşkilatıdır.

2.2. Fond—üzvləri olmayan, bir və ya bir neçə fiziki və (və ya) hüquqi şəxslər tərəfindən könüllü əmlak haqqı əsasında təsis edilən və sosial, xeyriyyə, mədəni, təhsil və ya digər ictimai-faydalı məqsədləri daşıyan qeyri-hökumət təşkilatıdır.

2.3. Qeyri-hökumət təşkilatı Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə qadağan olunmamış məqsədlər üçün yaradıla və fəaliyyət göstərə bilər.

2.4. Qeyri-hökumət təşkilatı Azərbaycan Respublikası prezidentinin, Azərbaycan Respublikası Milli Məclisinin və bələdiyyələrin seçkilərində iştirak edə bilməz, siyasi partiyalara maliyyə və başqa maddi yardım göstərə bilməz. Azərbaycan Respublikasının seçki qanunvericiliyinə uyğun olaraq qeyri-hökumət təşkilatları (xarici fiziki və hüquqi şəxslər, nizamnamə kapitalında xarici fiziki və hüquqi şəxslərin payı 30 faizdən artıq olan Azərbaycan Respublikasının hüquqi şəxsləri tərəfindən qrant alan və ya başqa cür maliyyələşdirilən qeyri-hökumət təşkilatları istisna olmaqla) Azərbaycan Respublikasında keçirilən prezident seçkiləri, Milli Məclisə seçkiləri və bələdiyyələrə seçkiləri müşahidə edə və exit-poll həyata keçirə bilərlər. Xarici hüquqi şəxslər Azərbaycan Respublikası Prezidentinin seçkiləri, Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər və bələdiyyə seçkiləri zamanı exit-polla əlaqədar tədbirlərdə yalnız Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatları ilə birlikdə iştirak edə bilərlər. Qeyri-hökumət təşkilatı Azərbaycan Respublikasının qanunlarında və öz nizamnaməsində nəzərdə tutulmuş qaydada hüquqi-normativ aktların təkmilləşdirilməsi təklifləri ilə çıxış edə bilər.

Maddə 3. Qeyri-hökumət təşkilatının adı və olduğu yer

3.1. Qeyri-hökumət təşkilatının onun təşkilati-hüquqi formasını və fəaliyyətinin xarakterini göstərən adı olmalıdır.

3.2. Qeyri-hökumət təşkilatının olduğu yer onun nizamnaməsində göstərilmiş hüquqi ünvanı ilə müəyyən edilir.

3.3. Qeyri-hökumət təşkilatının hüquqi ünvanı dəyişdikdə müvafiq icra hakimiyyəti orqanına [Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi] bu barədə 7 gün müddətindən az olmamaq şərti ilə yazılı məlumat verilməlidir.


II fəsil. Qeyri-hökumət təşkilatlarının təşkilati-hüquqi formaları, növləri və iştirakçıları

Maddə 4. Qeyri-hökumət təşkilatlarının təşkilati-hüquqi formaları

Qeyri-hökumət təşkilatları istənilən təşkilati-hüquqi formalarda təsis oluna bilərlər.

Maddə 5. Qeyri-hökumət təşkilatlarının növləri

Qeyri-hökumət təşkilatları daimi əsaslarla və ya konkret məqsədlərə nail olmaq üçün təsis oluna bilərlər.

Maddə 6. Qeyri-hökumət təşkilatlarının fəaliyyət ərazisi

6.1. Qeyri-hökumət təşkilatları Azərbaycan Respublikasında Ümumazərbaycan, regional və yerli statusla təsis oluna və fəaliyyət göstərə bilərlər. Qeyri-hökumət təşkilatının fəaliyyət ərazisi təşkilat tərəfindən müstəqil müəyyən olunur.

6.2. Ümumazərbaycan qeyri-hökumət təşkilatlarının fəaliyyəti Azərbaycan Respublikasının bütün ərazisinə şamil edilir. Regional qeyri-hökumət təşkilatlarının fəaliyyəti Azərbaycan Respublikasının iki və ya artıq inzibati ərazi vahidini əhatə etməlidir. Yerli qeyri-hökumət təşkilatları bir inzibati ərazi vahidinin çərçivəsində fəaliyyət göstərirlər.

6.3. Beynəlxalq qeyri-hökumət təşkilatları—öz fəaliyyət dairəsi ilə Azərbaycan Respublikasının və ən azı başqa bir xarici dövlətin ərazilərini əhatə edən ictimai birliklərdir.

Maddə 7. Qeyri-hökumət təşkilatının filial və nümayəndəlikləri

7.1. Dövlət qeydiyyatına alınmış qeyri-hökumət təşkilatı Azərbaycan Respublikasının ərazisində və xaricdə filiallarını yarada, nümayəndəliklərini aça bilər.

7.2. Qeyri-hökumət təşkilatının filialı həmin təşkilatın olduğu yerdən kənarda təşkil edilə və onun fəaliyyətini və ya fəaliyyətinin bir hissəsini həyata keçirə bilər.

7.3. Qeyri-hökumət təşkilatının nümayəndəliyi həmin təşkilatın olduğu yerdən kənarda təşkil edilir, onun maraqlarını təmsil edir və həmin maraqların müdafiəsini həyata keçirir.

7.4. Qeyri-hökumət təşkilatının filialı və nümayəndəliyi hüquqi şəxs deyil, onları yaratmış təşkilatın əmlakından pay alır və onun adından təsdiq etdiyi Əsasnaməyə əsasən fəaliyyət göstərir. Filial və nümayəndəliklərin fəaliyyətinə görə onları yaradan qeyri-hökumət təşkilatı məsuliyyət daşıyır.

7.5. Filial və nümayəndəliyin rəhbərləri qeyri-hökumət təşkilatı tərəfindən təyin edilir və qeyri-hökumət təşkilatı tərəfindən verilən səlahiyyət dairəsində fəaliyyət göstərir.

Maddə 8. Qeyri-hökumət təşkilatlarının iştirakçıları

8.1. İctimai birliklərin iştirakçılarına təsisçilər, üzvlər və köməkçilər aiddir. Fondların iştirakçılarına təsisçilər və köməkçilər aiddir.

8.2. İctimai birliyin yetkinlik yaşına çatmamış üzvləri Azərbaycan Respublikasının mülki qanunvericiliyinə əsasən hüquqlar əldə edir və vəzifələr daşıyır.

8.3. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının iştirakçıları ola bilər.

8.4. Qeyri-hökumət təşkilatlarına daxil olmaq kişi və qadınlar üçün eyni şərtlərlə açıq olmalıdır və onlar üçün bərabər imkanlar yaradılmalıdır.

8.5. Bu Qanunun 8.4-cü maddəsində göstərilən tələb hər hansı cinsin xüsusi maraqlarının müdafiəsi ilə yaradılan qeyri-hökumət təşkilatlarına şamil edilmir.

Maddə 9. Qeyri-hökumət təşkilatlarının təsisçiləri

9.1. Qeyri-hökumət təşkilatlarının təsisçiləri hüquqi şəxslər (dövlət hakimiyyəti və yerli özünüidarə orqanları istisna olmaqla) və ya 18 yaşına (gənclərin ictimai birliklərinin təsisçiləri—16 yaşına) çatmış fiziki şəxslər ola bilərlər.

9.2. Qeyri-hökumət təşkilatlarının təsisçiləri bərabər hüquqlara malikdir. Onların qarşılıqlı hüquq və vəzifələrinin həcmi qeyri-hökumət təşkilatının təsis edilməsinə münasibətdə təsis müqaviləsi ilə (müqavilə bağlandıqda), qeyri-hökumət təşkilatının fəaliyyətində iştiraka münasibətdə isə qeyri-hökumət təşkilatının nizamnaməsi ilə müəyyən edilir.

Maddə 10. İctimai birliklərin üzvləri

10.1. Azərbaycan Respublikasında hər bir fiziki və hüquqi şəxs (dövlət hakimiyyəti və yerli özünüidarə orqanları istisna olmaqla) ictimai birliyin üzvü ola bilər.

10.2. İctimai birliyin üzvləri bərabərhüquqludurlar. Onlar ictimai birliklərin rəhbər orqanlarına seçə və seçilə, fəaliyyətində iştirak edə, rəhbər orqanların fəaliyyətinə nəzarət edə, nizamnamə ilə nəzərdə tutulmuş digər hüquqlar daşıya bilərlər, eləcə də nizamnamə tələblərinə riayət etməlidirlər.

10.3. İctimai birliyin üzvlüyünün əldə edilməsi və üzvlüyə xitam verilməsi məsələləri nizamnamə ilə müəyyən edilir. Nizamnamə ictimai birliyin üzvlüyünə xitam verilməsindən birliyin daxilində və məhkəməyə şikayət etmə hüququna təminat verməlidir.

Maddə 11. Qeyri-hökumət təşkilatlarının köməkçiləri

Qeyri-hökumət təşkilatlarının köməkçilərinə nizamnamələrinə müvafiq olaraq qeyri-hökumət təşkilatının fəaliyyətində iştirak etməklə, öz münasibətlərini qeyri-hökumət təşkilatı ilə təşkilati cəhətdən rəsmiləşdirmədən ona müxtəlif kömək və ya xidmətlər göstərməklə qeyri-hökumət təşkilatını dəstəkləyən fiziki və hüquqi (dövlət hakimiyyəti və yerli özünüidarə orqanları istisna olmaqla) şəxslər aiddir. Köməkçilərin mövcudluğu və onların hüquqi statusu qeyri-hökumət təşkilatının təsis sənədləri ilə müəyyən edilir.


III fəsil. Qeyri-hökumət təşkilatlarının yaradılması, yenidən təşkili və ləğv edilməsi

Maddə 12. Qeyri-hökumət təşkilatlarının yaradılması

12.1. Qeyri-hökumət təşkilatı onun təsis edilməsi nəticəsində, habelə mövcud olan qeyri-hökumət təşkilatının yenidən təşkili nəticəsində yaradıla bilər.

12.2. Qeyri-hökumət təşkilatının təsis edilməsi nəticəsində yaradılması təsisçilərin (təsisçinin) qərarı ilə həyata keçirilir. Bu halda təsis yağıncağı çağırılır və təşkilatın nizamnaməsi qəbul olunur.

Maddə 13. Qeyri-hökumət təşkilatının nizamnaməsi

13.1. Qeyri-hökumət təşkilatının nizamnaməsində qeyri-hökumət təşkilatının adı və yerləşdiyi yer, fəaliyyətinin məqsədləri və idarəolunma qaydası, üzvlərin hüquq və vəzifələri, ictimai birliyin üzvlüyünə qəbulun və ondan çıxmanın şərtləri və qaydası, qeyri-hökumət təşkilatının əmlakının formalaşma mənbələri, nizamnamənin qəbulu, ona əlavə və dəyişikliklərin edilməsi qaydası, qeyri-hökumət təşkilatının ləğv edilməsi və ləğv edildiyi halda əmlakından istifadə qaydası müəyyən edilməlidir.

13.2. Fondun nizamnaməsində həm də fondun «fond» sözü daxil edilmiş adı, onun olduğu yer, fondun məqsədi, onun orqanları, o cümlədən Himayəçilik Şurası və onların formalaşma qaydası, fondun vəzifəli şəxslərinin təyin edilməsi və onların azad edilməsi və fondun ləğv edildiyi halda onun əmlakının müqəddəratı haqqında məlumatlar olmalıdır.

Maddə 14. Qeyri-hökumət təşkilatının nizamnaməsinə dəyişikliklərin edilməsi

14.1. İctimai birliyin nizamnaməsinə dəyişikliklər onun ali idarəetmə orqanının qərarı ilə edilə bilər. Fondun nizamnaməsinə dəyişikliklərin edilməsi fondun Himayəçilik Şurası tərəfindən və yalnız fondun məqsədləri istiqamətində edilə bilər.

14.2. Fondun nizamnaməsi fondun Himayəçilik Şurası tərəfindən bir şərtlə dəyişdirilə bilər ki, nizamnamədə onun bu qaydada dəyişdirilməsi imkanı nəzərdə tutulmuş olsun. Əgər fondun nizamnaməsinin dəyişilməz şəkildə saxlanılması fondun təsis edilməsi zamanı qabaqcadan nəzərə alınması mümkün olmayan nəticələrə gətirərsə və nizamnamədə dəyişikliklərin mümkünlüyü isə nəzərdə tutulmayıbsa, yaxud nizamnamə səlahiyyətli şəxslər tərəfindən dəyişilməyibsə, bu nizamnaməyə dəyişikliklərin edilməsi hüququ fondun Himayəçilik Şurasının ərizəsinə əsasən məhkəməyə mənsubdur.

14.3. Qeyri-hökumət təşkilatının nizamnaməsindəki dəyişikliklərin dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı [Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi] tərəfindən həyata keçirilir. Qeyri-hökumət təşkilatının nizamnaməsindəki dəyişikliklər onların dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir.

Maddə 15. İctimai birliyin təsis edilməsi haqqında bildiriş

15.1. İctimai birliyin təsis edilməsi haqqında bildiriş onun təsis edilməsi haqqında qərarın qəbul olunduğu andan 30 gündən gec olmayaraq müvafiq icra hakimiyyəti orqanına [Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi] yazılı müraciət vasitəsilə həyata keçirilir. İctimai birliyin rəhbəri tərəfindən imzalanmış müraciətə təsis protokolu da əlavə olunmalıdır.

15.2. Müvafiq icra hakimiyyəti orqanı [Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi] ictimai birliyin təsis edilməsi haqqında bildirişi alan günü bildirişin daxil olmasını təsdiq edən sənədi ictimai birliyin nümayəndəsinə verir və ya poçt vasitəsilə göndərir.

Maddə 16. Qeyri-hökumət təşkilatlarının dövlət qeydiyyatı

16.1. Qeyri-hökumət təşkilatlarının dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı [Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi] tərəfindən hüquqi şəxslərin qeydiyyatı haqqında Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq həyata keçirilir.

16.2. Qeyri-hökumət təşkilatı yalnız dövlət qeydiyyatına alındıqdan sonra hüquqi şəxs statusunu əldə edir.

Maddə 17. Dövlət qeydiyyatına alınmasından imtina

17.1. Qeyri-hökumət təşkilatlarının dövlət qeydiyyatına alınmasından yalnız «Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında» Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda imtina edilə bilər.

17.2. Qeyri-hökumət təşkilatının dövlət qeydiyyatına alınmasından imtinanın əsasları və təsis sənədlərinin hazırlanmasında qanunvericiliyin pozulmuş müddəaları və maddələri göstərilməklə, yazılı surətdə məlumat qeyri-hökumət təşkilatının nümayəndəsinə təqdim olunur.

17.3. Qeyri-hökumət təşkilatının dövlət qeydiyyatına alınmasından imtina pozuntular aradan qaldırıldıqdan sonra sənədlərin dövlət qeydiyyatı üçün yenidən təqdim edilməsinə mane ola bilməz.

17.4. Qeyri-hökumət təşkilatının dövlət qeydiyyatına alınmasından imtinadan inzibati qaydada və (və ya) məhkəmə qaydasında şikayət verilə bilər.

Maddə 18. Qeyri-hökumət təşkilatının fəaliyyətinə xitam verilməsi

Qeyri-hökumət təşkilatının fəaliyyətinə qeyri-hökumət təşkilatının yenidən təşkil edilməsi (birləşmə, qoşulma, bölünmə, ayrılma, çevrilmə) və ya qeyri-hökumət təşkilatının ləğv edilməsi yolları ilə xitam verilir.

Maddə 19. Qeyri-hökumət təşkilatının yenidən təşkil edilməsi

19.1. Qeyri-hökumət təşkilatı bu qanunda nəzərdə tutulan qaydada yenidən təşkil edilə bilər. Qeyri-hökumət təşkilatının yenidən təşkili onun təsisçilərinin və ya təşkilatın nizamnamə ilə vəkil edilmiş orqanının qərarı ilə həyata keçirilə bilər.

19.2. Qeyri-hökumət təşkilatının yenidən təşkili birləşmə, qoşulma, bölünmə, ayrılma və çevrilmə formalarında həyata keçirilə bilər.

19.3. Qeyri-hökumət təşkilatının başqa təşkilatın ona birləşmə və qoşulma formasında yenidən təşkil edilməsi müvafiq icra hakimiyyəti orqanı [Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi] tərəfindən onlardan birinin fəaliyyətinə xitam verilməsi haqqında qeydin hüquqi şəxslərin dövlət reyestrinə daxil edildiyi andan sayılır.

19.4. Qeyri-hökumət təşkilatının ayrılma və bölünmə formalarından təşkil edilməsi müvafiq icra hakimiyyəti orqanı [Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi] tərəfindən onlardan birinin ayrılması haqqında və ya bölünən təşkilatın fəaliyyətinə xitam verilməsi haqqında və yeni qeyri-hökumət təşkilatlarının təsis edilməsi haqqında qeydlərin hüquqi şəxslərin dövlət reyestrinə daxil edildiyi andan sayılır.

19.5. Qeyri-hökumət təşkilatının çevrilmə formasında təşkil edilməsi müvafiq icra hakimiyyəti orqanı [Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi] tərəfindən mövcud olan təşkilatın ləğvi və onun əsasında yeni təşkilatın təsis edilməsi haqqında qeydlərin hüquqi şəxslərin dövlət reyestrinə daxil edildiyi andan sayılır.

19.6. Qeyri-hökumət təşkilatının yenidən təşkilindən sonra hüquq varisliyi ilə bağlı olan bütün məsələlər Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş qaydada həll olunur.

Maddə 20. Qeyri-hökumət təşkilatının ləğvi

Qeyri-hökumət təşkilatı hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada ləğv edilə bilər.

Maddə 21. Ləğv edilən qeyri-hökumət təşkilatının əmlakı

Qeyri-hökumət təşkilatının ləğv edilməsi ilə bağlı bütün əmlak məsələləri Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş qaydada həll olunur.

IV fəsil. Qeyri-hökumət təşkilatının fəaliyyəti

Maddə 22. Qeyri-hökumət təşkilatının fəaliyyət növləri

22.1. Qeyri-hökumət təşkilatı Azərbaycan Respublikasının qanunvericiliyi ilə qadağan olunmayan və qeyri-hökumət təşkilatının nizamnaməsində nəzərdə tutulan məqsədlərə zidd olmayan ölkə daxilində və xaricdə hər hansı fəaliyyət növünü həyata keçirə bilər.

22.2. Qeyri-hökumət təşkilatı əldə edilmiş gəliri təsisçiləri (üzvləri) arasında bölüşdürməyərək, yalnız təşkilatın yaradılması məqsədlərinə nail olmasına yönəldilmiş sahibkarlıq fəaliyyətini həyata keçirə bilər. Belə fəaliyyət kimi qeyri-hökumət təşkilatının yaranma məqsədlərinə cavab verən, mənfəət gətirən mal və xidmət istehsalı və satışı, habelə qiymətli kağızların, əmlak və qeyri-əmlak hüquqlarının əldə edilməsi, əmanətçi kimi təsərrüfat cəmiyyətlərində, ortaqlıqlarda iştirakı qəbul edilir.

22.3. Qeyri-hökumət təşkilatı sahibkarlıq fəaliyyəti üzrə gəlir və xərclərin uçotunu aparır. Qeyri-hökumət təşkilatının məşğul ola bilən fəaliyyət növləri üçün hər bir məhdudiyyət yalnız qanunla müəyyən olunur.

Maddə 23. Qeyri-hökumət təşkilatının əmlakı

23.1. Qeyri-hökumət təşkilatının mülkiyyətində və ya operativ idarəsində qanunvericiliklə qadağan olunmamış növlərdə əmlak ola bilər.

23.2. Qeyri-hökumət təşkilatı öz öhdəliklərinə görə əmlakı ilə cavabdehdir. Bu əmlak yalnız Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq özgəninkiləşdirilə bilər.

23.3. Fondun əmlakını onun təsisçiləri (təsisçisi) tərəfindən verilən əmlak təşkil edir. Fond təsis olunduqdan sonra ona əmlak vermiş şəxs təsisçi hüququ qazanmır. Təsisçilər onların yaratdığı fondun öhdəlikləri üçün, fondlar isə öz təsisçilərinin öhdəlikləri üçün məsuliyyət daşımır.

Maddə 24. Qeyri-hökumət təşkilatının əmlakının formalaşdırılma mənbələri

24.0. Qeyri-hökumət təşkilatının əmlakının pul və digər şəkildə formalaşdırılma mənbələri aşağıdakılardır;

24.0.1. təsisçilərin və ya ictimai birliklərin üzvlərinin müntəzəm və ya birdəfəlik üzvlük haqları;

24.0.2. könüllü əmlak haqları və ianələri;

24.0.3. malların satışından, xidmətlər göstərilməsindən, işlər görülməsindən daxilolmalar;

24.0.4. səhmlər, istiqrazlar, başqa qiymətli kağız və əmanətlərdən alınan dividendlər, gəlirlər;

24.0.5. öz əmlakından istifadə və onun satılması nəticəsində əldə edilən gəlirlər;

24.0.6. qrantlar;

24.0.7. qanunvericiliklə qadağan olunmayan başqa gəlirlər.


V fəsil. Qeyri-hökumət təşkilatlarının idarə olunması

Maddə 25. İctimai birliyin idarə olunmasının əsasları

25.1. İctimai birliyin strukturu, tərkibi, idarəetmə orqanlarının səlahiyyəti, formalaşdırılma qaydası və onların səlahiyyət müddəti, qərar qəbuletmə və ictimai birliyin adından çıxışetmə qaydaları bu qanun və digər qanunlara müvafiq olaraq ictimai birliyin nizamnaməsi ilə müəyyən edilir.

25.2. İctimai birliyin ali idarəetmə orqanı ildə bir dəfədən az olmayaraq çağırılan ümumi yığıncaqdır.

25.3. Ümumi yığıncaq ictimai birliyin icra orqanının, təsisçilərdən birinin və ya üzvlərinin üçdə bir hissəsinin təşəbbüsü ilə çağırılır.

25.4. Ümumi yığıncağın əsas funksiyası onun marağı naminə yarandığı məqsədlərə riayət etməkdir.

25.5. Ümumi yığıncağın səlahiyyətinə aşağıdakı məsələlərin həlli aiddir:

25.5.1. ictimai birliyin nizamnaməsinin qəbulu və ona dəyişikliklər edilməsi;

25.5.2. ictimai birliyin əmlakının formalaşma və istifadə prinsiplərinin müəyyən edilməsi;

25.5.3. ictimai birliyin icra orqanlarının yaradılması və onların səlahiyyətlərinin vaxtından əvvəl dayandırılması;

25.5.4. illik hesabatın təsdiq edilməsi;

25.5.5. başqa təşkilatlarda iştirak;

25.5.6. ictimai birliyin yenidən təşkili və ləğv edilməsi.

25.6. İctimai birliyin təsisçilərinə və üzvlərinə ümumi yığıncağın yeri və vaxtı haqqında ən azı 2 həftə əvvəl məlumat verilməlidir. Ümumi yığıncaq yalnız birlik üzvlərinin yarısından çoxu iştirak etdikdə Nizamnaməyə dəyişikliklər edə bilər. Ümumi yığıncağın qərarı yığıncaqda iştirak edən üzvlərin səs çoxluğu ilə qəbul edilir. Hər bir üzv bir səsə malikdir.

25.7. Ümumi yığıncaqda yazılı protokol aparılmalıdır. Protokol yığıncağın sədri və katibi tərəfindən imzalanır, yığıncağın protokolu lazım gəldikdə bütün üzvlərə paylanmalıdır.

Maddə 26. İctimai birliyin icra orqanı

26.1. İctimai birliyin icra orqanı kollegial və (və ya) təkbaşına ola bilər. O, ictimai birliyin fəaliyyətinə cari rəhbərliyi həyata keçirir və ictimai birliyin ali idarəetmə orqanına hesabat verir.

26.2. İctimai birliyin icra orqanı ictimai birliyin filiallarını yaradır və nümayəndəliklərini açır.

26.3. İctimai birliyin icra orqanının səlahiyyətinə ictimai birliyin başqa idarəetmə orqanlarının bu Qanun, digər qanunlar və ictimai birliyin nizamnaməsi ilə müəyyən edilən müstəsna səlahiyyətini təşkil etməyən bütün məsələlərin həlli aiddir.

Maddə 27. Fondun idarə olunması

27.1. Fondun idarəsini fondun prezidenti və ya idarə heyəti həyata keçirir.

27.2. Fondun Himayəçilik Şurası fondun nəzarət orqanıdır və fondun fəaliyyətinə, fondun başqa orqanları tərəfindən qərarların qəbul edilməsinə və onların yerinə yetirilməsinin təmin edilməsinə, fond vəsaitinin istifadə edilməsinə, fondun fəaliyyətinə nəzarəti və nizamnaməyə dəyişikliklər edilməsini, ləğvetmə və ya yenidən təşkiletmə haqqında qərarın qəbulunu həyata keçirir. Fondun Himayəçilik Şurası öz fəaliyyətini ictimai əsaslarla həyata keçirir.

27.3. Fondun Himayəçilik Şurasının formalaşma və fəaliyyət qaydası fondun təsisçiləri tərəfindən təsdiq edilmiş fondun nizamnaməsində müəyyən edilir.


VI fəsil. Qeyri-hökumət təşkilatları və dövlət hakimiyyəti orqanları

Maddə 28. Dövlət hakimiyyəti orqanları və qeyri-hökumət təşkilatları arasında əlaqə

Qeyri-hökumət təşkilatının hüquqları bütün dövlət orqanları tərəfindən qorunur. Qeyri-hökumət təşkilatları qanunvericilik çərçivəsində öz fəaliyyətini müstəqil olaraq həyata keçirmək hüququna malikdir. Dövlət hakimiyyəti orqanları qeyri-hökumət təşkilatlarına maliyyə və başqa formalarda yardım edə bilərlər. Dövlət orqanlarında ictimai birliklərin strukturları yaradılmır.

Maddə 29. Qeyri-hökumət təşkilatının fəaliyyətinə nəzarət

29.1. Qeyri-hökumət təşkilatı qanunvericiliyə müvafiq olaraq mühasibat uçotu aparır.

29.2. Qeyri-hökumət təşkilatının gəlirinin məbləği və strukturu, habelə onun əmlakı, xərcləri, işçilərin say tərkibi, əməyin ödənilməsi haqqında məlumatlar dövlət və ya kommersiya sirri ola bilməz.

29.3. Fond öz əmlakından istifadə haqqında hesabatları hər il dərc etməyə borcludur.

29.4. Qeyri-hökumət təşkilatı cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasının və terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması məqsədi ilə onun üçün müvafiq qanunvericiliklə müəyyən edilmiş tədbirləri yerinə yetirməlidir.

Maddə 30. Qeyri-hökumət təşkilatlarının istifadə etdiyi vergi güzəştləri

Dövlət qeydiyyatına alınmış qeyri-hökumət təşkilatları Azərbaycan Respublikası Vergi Məcəlləsində nəzərdə tutulmuş vergi güzəştlərindən istifadə edir.


VII fəsil. Yekun müddəaları

Maddə 31. Qeyri-hökumət təşkilatının məsuliyyəti

31.1. Qeyri-hökumət təşkilatı bu Qanunun müddəalarından irəli gələn tələbləri pozduqda Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun şəkildə məsuliyyət daşıyır.

31.2. Bu Qanunun məqsədlərinə zidd olan hərəkətlərə yol verildiyi halda qeyri-hökumət təşkilatına müvafiq icra hakimiyyəti orqanı [Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi] tərəfindən yazılı surətdə xəbərdarlıq edilə və ya pozuntuların aradan qaldırılması haqqında göstəriş verilə bilər.

31.3. Qeyri-hökumət təşkilatı həmin xəbərdarlıqdan və ya göstərişdən məhkəmə qaydasında şikayət vermək hüququna malikdir.

31.4. Qeyri-hökumət təşkilatına bir il ərzində ikidən çox yazılı surətdə xəbərdarlıq və ya pozuntuların aradan qaldırılması haqqında göstəriş verildiyi halda qeyri-hökumət təşkilatı məhkəmənin qərarı ilə ləğv edilə bilər.

31.5. Fövqəladə vəziyyətin tətbiq edilməsinə səbəb olmuş şəraitin aradan qaldırılmasına maneçilik törədən qeyri-hökumət təşkilatının fəaliyyəti qanunvericiliklə müəyyən edilmiş qaydada dayandırıla bilər.

Maddə 32. Əvvəllər qeydiyyata alınmış qeyri-hökumət təşkilatlarının yenidən qeydiyyata alınması

Bu Qanun qüvvəyə minməmişdən əvvəl dövlət qeydiyyatına alınmış qeyri-hökumət təşkilatları müvafiq icra hakimiyyəti orqanı [Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi] tərəfindən Azərbaycan Respublikası hüquqi şəxslərinin dövlət reyestrinə daxil edilməlidir.

Maddə 33. Bu Qanunun qüvvəyə minməsi

Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.


Azərbaycan Respublikasının Prezidenti

Heydər ƏLİYEV


Bakı şəhəri, 13 iyun 2000-ci il

№ 894-IQ


«Azərbaycan» qəzetində dərc edilmişdir (6 oktyabr 2000-ci il, № 229) («VES Consultancy» LLC).

«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (30 noyabr 2000-ci il, № 10, maddə 710) («VES Consultancy» LLC).

22 iyun 2001-ci il tarixli, 157-IIQD nömrəli; 5 oktyabr 2001-ci il tarixli, 182-IIQD nömrəli; 3 dekabr 2002-ci il tarixli, 398-IIQD nömrəli; 4 mart 2005-ci il tarixli, 856-IIQD nömrəli; 10 iyun 2005-ci il tarixli, 925-IIQD nömrəli; 28 oktyabr 2005-ci il tarixli, 1041-IIQD nömrəli; 1 oktyabr 2007-ci il tarixli, 424-IIIQD nömrəli; 9 oktyabr 2007-ci il tarixli, 430-IIIQD nömrəli; 13 iyun 2008-ci il tarixli, 649-IIIQD nömrəli; 30 iyun 2009-cu il tarixli, 856-IIIQD nömrəli Qanunlara əsasən əlavələr və dəyişikliklərlə