Bu Qanun Azərbaycan Respublikasında coğrafi obyektlərə ad verilməsi, onların adlarının dəyişdirilməsi, dəqiqləşdirilməsi, işlədilməsi, qeydiyyatı, uçotu və qorunub saxlanılması sahəsindəki fəaliyyətin hüquqi əsaslarını müəyyən edir.

Maddə 1. Əsas anlayışlar

1.0. Bu Qanunda istifadə edilən anlayışlar aşağıdakı mənaları ifadə edir:

1.0.1. coğrafi obyektlər—təbii və antropogen mənşəli, bütöv və nisbətən sabit ərazi törəmələri: materiklər, okeanlar, dənizlər, körfəzlər, boğazlar, adalar, yarımadalar, dağlar, zirvələr, meşələr, çaylar, göllər, buzlaqlar, səhralar, vulkanlar və digər təbiət obyektləri; milli parklar, təbiət qoruqları və bu kimi digər obyektlər; şəhərlər, rayonlar, şəhər rayonları, qəsəbələr və kəndlər; hava və dəniz limanları, dəmiryol stansiyaları;

1.0.2. coğrafi obyektlərin adları—coğrafi obyektlərin tanınması və bir-birindən fərqləndirilməsi məqsədi ilə onlara verilən adlar;

1.0.3. coğrafi obyektlərin adlarının müəyyənləşdirilməsi—coğrafi obyektlərin mövcud adlarının aydınlaşdırılması, coğrafi obyektlərə ad verilməsi və onların adlarının dəyişdirilməsi;

1.0.4. coğrafi obyektin adının dəqiqləşdirilməsi—coğrafi obyektin daha çox istifadə edilən adının seçilməsi və həmin adın yazılışının Azərbaycan Respublikasının dövlət dilinin normalarına uyğunlaşdırılması;

1.0.5. ekzonim—Azərbaycan Respublikasının ərazisində yerləşən coğrafi obyektin adının xarici dillərdə istifadə edilən və Azərbaycan Respublikasının dövlət dilindən fərqli olan forması.

Maddə 2. Coğrafi obyektlərin adları haqqında Azərbaycan Respublikasının qanunvericiliyi

Coğrafi obyektlərin adları haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, Azərbaycan Respublikasının tərəfdar çıxdığı müvafiq beynəlxalq müqavilələrdən, bu Qanundan və digər normativ hüquqi aktlardan ibarətdir.

Maddə 3. Qanunun əhatə dairəsi

3.1. Bu Qanun Azərbaycan Respublikasının ərazisində yerləşən coğrafi obyektlərin, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa cür nəzərdə tutulmayıbsa, Azərbaycan tədqiqatçıları tərəfindən kəşf edilmiş coğrafi obyektlərin adlarının müəyyənləşdirilməsi, dəqiqləşdirilməsi, işlədilməsi, qeydiyyatı, uçotu və qorunub saxlanılması üzrə fəaliyyətə şamil edilir.

3.2. Bu Qanun habelə digər dövlətlərin ərazisində yerləşən coğrafi obyektlərin, eləcə də hər hansı dövlətin suverenliyinin və yurisdiksiyasının şamil edilmədiyi coğrafi obyektlərin adlarının Azərbaycan Respublikasında işlədilməsi ilə bağlı münasibətləri tənzimləyir.

3.3. Azərbaycan Respublikasının ərazi vahidlərinə (şəhərlərə, rayonlara, şəhər rayonlarına, qəsəbələrə və kəndlərə) adların verilməsi və onların adlarının dəyişdirilməsi «Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.

3.4. Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektlərinə adların verilməsi və onların adlarının dəyişdirilməsi bu Qanunun 5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, müvafiq qanunvericiliyə uyğun olaraq həyata keçirilir.

Maddə 4. Coğrafi obyektlərin adlarının müəyyənləşdirilməsi, dəqiqləşdirilməsi, işlədilməsi, qeydiyyatı, uçotu və qorunub saxlanılması sahəsində dövlətin əsas vəzifələri

4.0. Coğrafi obyektlərin adlarının müəyyənləşdirilməsi, dəqiqləşdirilməsi, işlədilməsi, qeydiyyatı, uçotu və qorunub saxlanılması sahəsində dövlətin əsas vəzifələri aşağıdakılardır:

4.0.1. coğrafi obyektlərin adları ilə bağlı dövlət siyasətinin müəyyən edilməsi;

4.0.2. coğrafi obyektlərin adlarının Azərbaycan Respublikasının dövlət dilinin normaları nəzərə alınmaqla müəyyənləşdirilməsinin və dəqiqləşdirilməsinin təmin edilməsi;

4.0.3. coğrafi obyektlərin adlarının qeydiyyatının və uçotunun aparılmasının təşkili;

4.0.4. coğrafi obyektlərin adları lüğətlərinin və soraq kitablarının nəşrinin təşkili;

4.0.5. Coğrafi obyektlərin adlarının dövlət kataloqunun yaradılması və aparılmasının təşkili;

4.0.6. coğrafi obyektlərin adları ilə bağlı dövlət proqramının hazırlanması və qəbulu;

4.0.7. coğrafi obyektlərin adları sahəsində görüləcək işlərin maliyyələşdirilməsi qaydasının müəyyənləşdirilməsi;

4.0.8. coğrafi obyektlərin adlarının işlənməsində bu Qanunun tələblərinə riayət olunmasının təmin edilməsi;

4.0.9. coğrafi obyektlərin adlarının qeydiyyatının və uçotunun aparılması qaydasının, coğrafi obyektlərin adları lüğətlərinə və soraq kitablarına dair tələblərin, Coğrafi obyektlərin adlarının dövlət kataloqunun yaradılması və aparılması qaydalarının, coğrafi obyektlərin adları sahəsində vahid norma və qaydaların müəyyənləşdirilməsi;

4.0.10. coğrafi obyektlərin adları və ekzonimlərlə bağlı vahid tələblərin və qaydaların müəyyənləşdirilməsi;

4.0.11. coğrafi obyektlərin adları sahəsində digər məsələlər.

Maddə 5. Coğrafi obyektlərin adlarının müəyyənləşdirilməsi

5.1. Coğrafi obyektin mövcud adı müvafiq dövlət orqanlarının və yerli özünüidarə orqanlarının sənədlərinə, rəsmi kartoqrafiya, soraq nəşrlərinə və digər mənbələrə, müvafiq ərazilərin əhalisinin, habelə mütəxəssislərin rəyinə əsaslanmaqla aydınlaşdırılır və bu Qanunun 5.5.1-5.5.4-cü maddələrində nəzərdə tutulan hallar olduqda dəyişdirilir.

5.2. Coğrafi obyektə verilən ad həmin coğrafi obyektin xüsusi əlamətlərini əks etdirməli və ad verilərkən ümumdövlət və ümumxalq mənafeyi, bu obyektin yerləşdiyi ərazinin coğrafi, tarixi, təbii və digər xüsusiyyətləri, həmin ərazidə yaşayan əhalinin rəyi nəzərə alınmalıdır. Coğrafi obyektin adı üç sözdən artıq olmamalıdır.

5.3. Coğrafi obyektə onun kəşfində, öyrənilməsində, yaxud əsasının qoyulmasında bilavasitə iştirak etmiş şəxslərin, görkəmli dövlət, ictimai, elm və mədəniyyət xadimlərinin, dövlət qarşısında xüsusi xidmətləri olmuş şəxslərin adları, bir qayda olaraq, ölümündən sonra və adı olmayan coğrafi obyektə verilə bilər.

5.4. Bir ərazi vahidi hüdudları daxilində eyni növlü bir neçə coğrafi obyektin eyni adla adlandırılmasına yol verilmir.

5.5. Coğrafi obyektin adı aşağıdakı hallarda dəyişdirilə bilər:

5.5.1. bir ərazi vahidi hüdudları daxilində eyni növlü coğrafi obyektlərin adları təkrarlandıqda;

5.5.2. coğrafi obyektin tarixi adını bərpa etmək zərurəti yarandıqda;

5.5.3. coğrafi obyektin funksiyası və ya təyinatı əhəmiyyətli dərəcədə dəyişdikdə;

5.5.4. coğrafi obyektin adı bu Qanunun 5.2-ci maddəsində göstərilən tələblərə uyğun olmadıqda.

5.6. Coğrafi obyektin adının dəyişdirilməsi zamanı müvafiq ərazinin əhalisinin rəyinin nəzərə alınmasına dair tələb hava və dəniz limanlarına, dəmiryol stansiyalarına ad verilməsi və ya bu cür coğrafi obyektlərin adlarının dəyişdirilməsi, coğrafi obyektin tarixi adının bərpa edilməsi, habelə coğrafi obyektin iki və daha çox inzibati ərazi vahidləri ərazisində yerləşdiyi hallarına şamil edilmir.

5.7. Coğrafi obyektə ad verilərkən müvafiq ərazinin əhalisinin rəyinin nəzərə alınmasına dair tələb coğrafi obyektin iki və daha çox inzibati ərazi vahidi ərazisində yerləşdiyi hallarına şamil edilmir.

Maddə 6. Coğrafi obyektlərə adların verilməsi və coğrafi obyektlərin adlarının dəyişdirilməsi qaydası

6.1. Coğrafi obyektlərə adların verilməsi və ya coğrafi obyektlərin adlarının dəyişdirilməsi haqqında təkliflər müvafiq icra hakimiyyəti orqanına Azərbaycan Respublikasının dövlət orqanları, yerli özünüidarə orqanları, qeyri-hökumət təşkilatları, hüquqi şəxslər və Azərbaycan Respublikasının vətəndaşları tərəfindən verilə bilər.

6.2. Coğrafi obyektlərə adların verilməsi və ya onların adlarının dəyişdirilməsi haqqında təkliflər və həmin təklifləri əsaslandıran sənədlər müvafiq normativ hüquqi aktlara uyğun hazırlanır.

6.3. Müvafiq icra hakimiyyəti orqanı bu Qanunun 6.1-ci maddəsində göstərilən təkliflərə baxır və onları məqbul hesab etdikdə, bu Qanunla tələb olunan hallarda müvafiq ərazidə yaşayan əhalinin rəyini öyrənir və əhalinin müsbət rəyi olduqda coğrafi obyektə ad verilməsi və ya coğrafi obyektin adının dəyişdirilməsi barədə qərar qəbul edir.

Maddə 7. Coğrafi obyektlərin adlarının dəqiqləşdirilməsi və işlədilməsi

7.1. Coğrafi obyektlərin adlarının dəqiqləşdirilməsi zamanı tarixi, mədəni, etnik, dil və digər xüsusiyyətlər, habelə xüsusi elmi tədqiqatların nəticələri nəzərə alınmalıdır.

7.2. Coğrafi obyektlərin adlarının dəqiqləşdirilməsi «Azərbaycan Respublikasında dövlət dili haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.

7.3. Azərbaycan Respublikasının ərazisindəki yol nişanlarında, reklamlarda, lövhələrdə və digər göstəricilərdə coğrafi obyektlərin adları dövlət dilində yazılır.

7.4. Azərbaycan Respublikasının ərazisindəki beynəlxalq avtomobil yollarındakı yol nişanlarında coğrafi obyektlərin adları dövlət dilindən başqa beynəlxalq sazişlərə uyğun olaraq xarici dillərdə də yazıla bilər.

Maddə 8. Coğrafi obyektlərin adlarının qeydiyyatı və uçotu

8.1. Coğrafi obyektlərin mövcud və yeni verilən adları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınır və onların uçotu aparılır.

8.2. Azərbaycan Respublikasının ərazisində yerləşən coğrafi obyektlərin adlarının eyni cür və sabit işlədilməsinin təmin edilməsi və həmin adların qorunub saxlanılması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən Coğrafi obyektlərin adlarının dövlət kataloqu yaradılır.

8.3. Müvafiq icra hakimiyyəti orqanı coğrafi obyektlərin adları lüğətlərini və soraq kitablarını, habelə Azərbaycan Respublikasının xəritə və atlaslarını hazırlayır və nəşr edir.

8.4. Coğrafi obyektlərin adlarının qeydiyyatı və uçotunun aparılması qaydası, coğrafi obyektlərin adları lüğətlərinə və soraq kitablarına dair tələblər, Coğrafi obyektlərin adlarının dövlət kataloqunun yaradılması və aparılması qaydaları müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi Əsasnamə ilə tənzimlənir.

Maddə 9. Coğrafi obyektlərin adlarının işlədilməsi və qorunub saxlanılması

9.1. Dövlət və yerli özünüidarə orqanları, hüquqi şəxslər, kütləvi informasiya vasitələri tərəfindən, habelə tədris, kartoqrafiya, soraq, ensiklopedik nəşrlərdə, elanlarda, reklamlarda, lövhələrdə, yol göstəricilərində, poçt göndərişlərində və digər sahələrdə coğrafi obyektlərin adlarına istinad edilərkən onların bu Qanuna uyğun olaraq müəyyənləşdirilmiş adlarından istifadə edilməlidir.

9.2. Azərbaycan Respublikasının ərazisində yerləşən coğrafi obyektlərin adlarının təhrif olunmasına yol verilmir.

9.3. Azərbaycan Respublikasının ərazisində yerləşən coğrafi obyektlərin adları dövlət tərəfindən mühafizə olunur.

Maddə 10. Qanunun pozulmasına görə məsuliyyət

Bu Qanunun tələblərinin pozulması Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyətə səbəb olur.

Maddə 11. Qanunun qüvvəyə minməsi

Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.


Azərbaycan Respublikasının Prezidenti

İlham ƏLİYEV


Bakı şəhəri, 18 dekabr 2007-ci il

№ 512-IIIQ


«Respublika» qəzetində dərc edilmişdir (12 mart 2008-ci il, № 55) («VES Consultancy» LLC).

«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 mart 2008-ci il, № 3 (129), maddə 139) («VES Consultancy» LLC).

28 oktyabr 2008-ci il tarixli, 703-IIIQD nömrəli Qanuna əsasən əlavələrlə