Bu gün Azərbaycanın müstəqilliyinin, yəni müstəqillik haqqında qəbul olunmuş Konstitusiya Aktının 9-cu ildönümüdür. Xalqımız bunu bayram edir. Biz bayram əhval-ruhiyyəsindəyik. Siz bizim bayramımızı daha da yüksəklərə qaldırdınız, bəzədiniz, gözəlləşdirdiniz. Ona görə də sizə bir daha təşəkkür edirəm.
Bu doqquz il ərzində Azərbaycan xalqı ağır, çətin, eyni zamanda, çox şərəfli yol keçibdir. Doqquz il bundan öncəki Azərbaycanın vəziyyətini xatırlayın. İlham Əliyev burada doğru dedi ki, bugünkü idmançılarımız – 18–19 yaşında olan, qələbə qazanmış idmançılarımız o vaxt 10–11 yaşında idilər, yaşları bəlkə bundan da az idi. Demək, onlar Azərbaycanın müstəqilliyi dövründə böyümüş və bu səviyyəyə çatmış gənclərdir. Ancaq doqquz il bundan öncə Azərbaycanda belə şeylər üçün şərait yox idi. Çünki Azərbaycan od içində yanırdı, dağılırdı, parçalanırdı.
İndi müstəqilliyimizin doqquzuncu ildönümünü hamımız iftixar hissi ilə qeyd edirik. Amma bir az arxaya baxmaq lazımdır. Bu doqquz illik tarixin hər ilinə, hər ayına baxmaq lazımdır. Onda hamı üçün aydın olar ki, bu müstəqillikdən sonra keçdiyimiz yol nə qədər ağır, çətin, eyni zamanda, nə qədər şərəfli olmuşdur. Biz xoşbəxtik ki, o ağır, çətin dövrdən uğurla keçdik, indi Azərbaycan müstəqil dövlət kimi yaşayır və inkişaf edir.
Bu illərdə bizim ən böyük nailiyyətimiz o olub ki, Azərbaycanda ictimai-siyasi sabitlik yarada bildik, 1993-cü ildə ölkəmizi vətəndaş müharibəsindən xilas etdik, Azərbaycanın parçalanmasının qarşısını aldıq, respublikamızda daxili çəkişmələrə, silahlı dəstələrin bir-biri ilə hakimiyyət mübarizəsinə son qoyduq. Qarşımıza çıxan çətinliklər çox olubdur. Amma ən böyüyü ondan ibarət idi ki, bilirsiniz, 1994-cü ilin oktyabrında və 1995-ci ilin martında Azərbaycan yenidən böyük təhlükə altında idi. Çünki dövlətimizə, müstəqilliyimizə qarşı dövlət çevrilişi cəhdi göstərilirdi. Həmin qüvvələr çox güclü, silahlı idi. Amma xalq buna imkan vermədi. Xalq dövlət çerilişi cəhdinin qarşısını aldı. Dövlət bunların qarşısını ala bildi. Nə üçün? Çünki dövlət ilə xalqın birliyi yaranmışdı. Çünki xalq dövləti dəstəkləyirdi, apardığımız siyasəti bəyənirdi və ona görə də dövlətin, dövlətçiliyin mübarizəsində sinəsini qabağa verdi.
Azərbaycan ötən doqquz il ərzində böyük inkişaf yolu keçibdir. Bəli, altı il bundan öncə atəşin dayandırılması böyük nailiyyətdir. Çünki təsəvvür edin, əgər müharibə, o vaxta qədər aparılan uğursuz müharibə davam etsəydi, bax bu gün oxuyan, təhsil alan, idmançı olan, istedadlarını göstərən nə qədər gənclərimiz həlak, şəhid olmuşdu. Ona görə də 1994-cü ilin mayında atəşkəsin yaranması Azərbaycanın gələcəyi, bu günü üçün ən böyük şərtlərdən biri idi.
Azərbaycan hüquqi, demokratik, dünyəvi dövlətdir. Biz bu yolu uğurla keçirik. Azərbaycanda demokratiya inkişaf edibdir. Azərbaycanda bütün insanlara azadlıq verilibdir. Azərbaycanda söz, vicdan, insan azadlığı tamamilə təmin olunubdur. Azərbaycanın iqtisadiyyatı 1995-ci ildə tənəzzülə son qoydu, o vaxtdan indiyə qədər inkişaf yolu keçibdir.
Bizim dövlət nümayəndələri, nazirlər ayrı-ayrı analitik materiallarda bu barədə çoxlu rəqəmlər göstəriblər. Bütün bu inkişaf yolumuzun rəqəmləri, konkret sübutları göz qabağındadır, biz bu yolu uğurla gedirik və gedəcəyik.
Təbiidir ki, biz əldə etdiyimiz nailiyyətlərlə də kifayətlənmirik, razı deyilik. Bunlar Azərbaycanı ancaq siyasi-iqtisadi böhrandan çıxartdı, ölkəmizin iqtisadiyyatında tənəzzülün qarşısını aldı, respublikamızın iqtisadiyyatının inkişafını və Azərbaycan xalqının rifah halının ardıcıl, davamlı surətdə yaxşılaşdırılmasını təmin etdi.
Bizim hələ görüləsi çox işlərimiz var. Biz Azərbaycanın güclü, hüquqi, demokratik, dünyəvi və iqtisadi cəhətdən inkişaf etmiş ölkə olmasına çalışırıq. Azərbaycanın Milli Ordusu yaranıbdır. Bu Milli Orduda bizim gənclərimiz xidmət edir və çox da yaxşı xidmət edirlər.
Azərbaycan bir dövlət kimi artıq formalaşıbdır. Bu bizim doqquz illik nailiyyətimizdir. Xalqımız bunu bilir, qiymətləndirir və ona görə də öz dövlətinə, vətəninə sədaqətini və Azərbaycanın demokratiya yolu ilə gedən dövlətinə öz dəs¬təyini göstərir. Bu da bizi, Azərbaycan prezidenti kimi şəxsən məni daha da çox iş görməyə məcbur edir, yəni mənim qarşımda, dövlətin, hökumətin qarşısında yeni-yeni vəzifələr qoyur. Mən sizi əmin edə bilərəm ki, biz bu vəzifələri yerinə yetirəcəyik, Azərbaycan ilbəil inkişaf edəcəkdir.
Noyabrın 5-də Azərbaycanda növbəti parlament seçkiləri keçiriləcəkdir. 1995-ci ilin noyabrında müstəqil Azərbaycanın ilk demokratik Konstitusiyasının qəbul olunması tarixi hadisədir. O vaxt, eyni zamanda, müstəqil Azərbaycanın yeni Milli Məclisi seçildi. Həmin Milli Məclis ötən beş ildə çox işlər gördü. İndi Azərbaycan hüquqi dövlətdir, bizdə hər şey qanunla tənzimlənir. Amma bu qanunları yaratmaq, işlətmək lazımdır. Biz bunları etmişik.
Bizim Milli Məclisimiz çox qanunlar qəbul edibdir, işini uğurla başa çatdırır. Azərbaycanın hakimiyyət, icra orqanları bu qanunların yerinə yetirilməsi üçün çalışır və çoxlu nailiyyətlər əldə edibdir. Bu nailiyyətlər bundan sonra daha da çox olacaqdır.
Mən inanıram ki, noyabrın 5-dəki seçkilərdə xalq yenə də ədaləti, haqqı, əldə olunan nailiyyətləri dəstəkləyəcəkdir, ayrı-ayrı təxribatçıların, yaxud müxalifətçilərin yalan, böhtan sözlərinə uymayacaqdır. İndi demokratiyadır. Bütün müxalifət partiyalarına imkan verilibdir ki, seçkiqabağı televiziyada çıxış etsinlər – onlar onsuz da qəzetlərdə istədiklərini daim ya¬zırlar – öz seçiciləri ilə görüşsünlər, danışsınlar. Ancaq nə müşahidə olunur? Seçkilərə qoşulan partiyaların tam əksəriyyəti müxalifət mövqeyində duranlardır. Onların hamısı iqtidarı tənqid edir. Tənqid bizə lazımdır, amma təhrif, yalan, böhtan lazım deyildir. Bu, xalqımıza, millətimizə lazım deyildir. Ancaq onlar bu yola düşüblər. Bunların sözünün əvvəli də, axırı da ondan ibarətdir ki, Azərbaycanda demokratiya yox¬dur.
Əgər demokratiya yoxdursa, müxalifət partiyaları nə üçün bu qədər qəzetlər çıxarırlar və bu qəzetlərdə olmazın yalanlar, böhtanlar, iftiralar dərc olunur? Əgər demokratiya yoxdursa, müxalifət partiyaları televiziyada, radioda necə sərbəst çıxış edir, iqtidara qarşı böhtan yağdırırlar?
Bəli, məhz Azərbaycanda ictimai-siyasi vəziyyət sabit olandan bir neçə vaxt sonra bu partiyalar yavaş-yavaş canlandı və indi onlara bütün imkanlar yaradılıbdır. Amma onlar da, hamı da düşünməlidir ki, bu imkanları kim, hansı hakimiyyət, iqtidar yaradıbdır? Bunu bizim iqtidar yaradıbdır. Bunu biz yaratmışıq.
Mən bu günlər televiziyada çıxış edənləri müşahidə edirəm. Müxalifət partiyalarının televiziyada çıxış edən hər bir nümayəndəsi xalqı, milləti müstəqillik aktının doqquz illiyi müna-sibətilə təbrik edir. Çox gözəl. Bu onların haqlarıdır. Mən bundan çox məmnunam. Amma onlardan soruşmaq lazım¬dır, bu doqquz illik müddətin yeddi il beş ayı Azərbaycanın bugünkü iqtidarının üzərinə düşür. Əgər Azərbaycan 1991-ci ilin sonunda müstəqilliyini əldə edibsə, ondan sonrakı bir il altı ay müddətində ölkəmizdə hakimiyyətsizlik, hərc-mərclik davam edib və nəhayət, 1992-ci ilin iyununda Xalq Cəbhəsi – Müsavat hakimiyyətə gələndən sonra Azərbayca-nın dağıdılması daha da sürətləndi. Bunlar da axırda gətirib vətəndaş müharibəsinə çıxartdı.
1990-cı ilin yanvar hadisələrindən sonra, ondan qabaq da Azərbaycanda ictimai-siyasi sabitlik pozulmuşdu, hərc-mərclik idi. Dövlətin on illərlə qazandığı sərvətlər dağıdılırdı və Azərbaycan bir neçə dəfə fövqəladə vəziyyətdə, avtomatçıların qarşısında yaşayıbdır.
1990-cı ilin 20 Yanvar hadisəsindən sonra Azərbaycanda fövqəladə vəziyyət elan olundu. Bu fövqəladə vəziyyət 1991-ci ilin axırınadək davam etdi. Yalnız müstəqillik elan olunan¬dan sonra Azərbaycanda, Bakıda fövqəladə vəziyyət aradan götürüldü. Ancaq ondan sonra nə oldu? Xalq Cəbhəsi – Müsavat hakimiyyətə gəldi, bir ilin içərisində Azərbaycanda daxili sabitliyi daha da pozdu. Xatırlayın, əvvəllər fövqəladə vəziyyətin əleyhinə çıxan adamlar 1993-cü ilin aprelində Kəlbəcər Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilən¬dən sonra, hakimiyyətdə ola-ola, bütün Azərbaycanda fövqəladə vəziyyət rejimi yaratdılar. Həmin fövqəladə vəziyyət rejimində də hakimiyyəti saxlaya bilmədilər. 1993-cü ildə öl¬kə¬mizdə vətəndaş müharibəsi başlandı.
Ölkənin daxilində müxtəlif proseslər ola bilər. Əgər dövlət, hakimiyyət güclüdürsə və xalqın dəstəyinə malikdirsə, o hər bir şeyin qarşısını ala bilər. 1993-cü ilin iyununda nə üçün Azərbaycanda vətəndaş müharibəsi, siyasi böhran başlandı, nəhayət, həmin hakimiyyət dağıldı? Ona görə ki, onlar xalqın dəstəyini, inamını əldə edə bilmədilər. Əksinə, bir ilin içərisində xalqı özlərindən diksindirdilər, uzaqlaşdırdılar və xalq belə bir hakimiyyətə artıq dözə bilmirdi.
Hakimiyyət dağıldı. Hakimiyyətdə olan şəxslər, yəni Azərbaycanın prezidenti, Baş naziri, Milli Məclisin sədri, nazir¬lər qaçdılar, dağıldılar, gizləndilər. Bəziləri ayrı-ayrı yerlərdə 2–3–4 il gizləndilər. Əgər siz doğrudan da hakimiyyət adamısınızsa, doğrudan da xalq uğrunda mübarizə aparırsınızsa, doğrudan da hakimiyyətə gələrək Azərbaycanı idarə etmək istəyirdinizsə, niyə qaçırdınız, niyə gizlənirdiniz?
1995–1996-cı ildən sonra, Azərbaycanda ictimai-siyasi sabitlik tamam bərqərar olunandan sonra onlar yavaş-yavaş peyda oldular, deyə bilərəm ki, gizləndikləri yuvalarından çıxdılar, indi sərbəstdirlər. Bu sərbəstliyi, bu ictimai-siyasi sabitliyi kim yaradıb? Onu bugünkü iqtidar yaradıbdır. Bugünkü iqtidar bunu yaradaraq, onlara imkan veribdir ki, yenidən həyata qayıtsınlar, öz siyasi fəaliyyətlərini aparsınlar, bunu da qiymətləndirsinlər. Ancaq bunun əvəzində onlar öz çı-xışlarında deyirlər ki, yeddi il müddətində heç bir şey görülməyibdir. Bəs onda bu müstəqillik dövründə nə görülübdür? Bəs onda bu müstəqillik münasibətilə siz xalqı niyə təbrik edirsiniz?
Mən yenə də deyirəm, bu doqquz ilin yeddi il beş ayı bugünkü iqtidarın rəhbərliyi altında gedibdir. Ondan əvvəl, müstəqillik elan olunandan sonrakı bir il yarım ərzində bir neçə hakimiyyət dəyişilib, hərc-mərclik olubdur və Azərbaycan dağılırdı. Demək, bunları görməyən, yaxud görərək inkar edən adamlar, heç təsəvvür etmək mümkün deyil ki, hansı psixologiyaya malikdirlər. Bir daha deyirəm ki, bu doqquz ildə Azərbaycanın müstəqilliyini təmin edən, yaşadan bugünkü iqtidardır.
Azərbaycanın dövlət müstəqilliyinin elan olunması tarixi zərurətdən meydana gəlmiş bir hadisədir. Bu, o illərdə, ondan əvvəlki bir neçə ildə SSRİ-də və bütün dünyada gedən icti¬mai-siyasi proseslərin məntiqi nəticəsidir. Bu müstəqillik talenin bi¬zə bəxş etdiyi nemətdir. Əgər SSRİ dağılmasaydı, heç bir qüvvə, heç bir respublika heç bir müstəqillik əldə edə bilməzdi. Amma indi həmin müxalifətdə olan adamlar döşlərinə vururlar ki, biz mübarizə etmişik, Azərbaycanın müstəqilliyini əldə etmişik. Onda Türkmənistan, Özbəkistan, Ukrayna, Belarus, Qazaxıstan öz müstəqilliklərini necə əldə ediblər?
Bəli, SSRİ hökumətinin Dağlıq Qarabağ problemi ilə əlaqədar ədalətsiz mövqeyinə görə xalq etiraz səsini qaldırdı. Bu etiraz səsini təkcə özü yox, kütlələr bildirib, küçələrə, meydanlara çıxıbdır. Bəli, belə bir xalq hərəkatı olubdur. Ancaq indi bəziləri döşünə döyür ki, biz milli azadlıq hərəkatının liderləri olmuşuq və bunun nəticəsində Azərbaycanın müstəqilliyinə nail olmuşuq. Bu cür yalan heç bir şeyə sığışmır.
Yenə də deyirəm, bizim xoşbəxtliyimizdir ki, SSRİ dağıldı. Təbiidir ki, SSRİ dağılanda bu ittifaqa daxil olan bütün müttəfiq respublikalar öz müstəqilliklərini elan etdilər. Onu da bilməlisiniz ki, digər respublikalar öz müstəqilliyini Azərbaycandan əvvəl – 1991-ci ilin iyununda, iyulunda, sentyabrında elan etdilər. Azərbaycan isə 1991-ci il oktyabrın 18-də müstəqillik haqqında akt qəbul etdi. Amma həqiqi müstəqillik 1991-ci il dekabrın 30-da ümumi referendum keçiriləndən sonra olubdur. Yəni biz o vaxt bu məsələdə də irəlidə deyildik. Əgər müstəqillik uğrunda mübarizə aparılırdısa, burada da o biri respublikalardan geri qalmışdıq. Bax, həqiqət budur. Gərək heç kəs bu tarixi həqiqətləri unutmasın və heç kəs də təhrif etməsin.
Bizim bugünkü nailiyyətimiz Azərbaycanda məhz son illər, yəni 1993-cü ilin iyunundan indiyədək aparılan işlərin nəticəsidir və biz bundan sonra daha da böyük nailiyyətlər əldə edəcəyik.
Mən bu fikirlərimi sizə çatdıraraq, olimpiya oyunlarında əldə etdiyiniz qələbə münasibətilə sizi təbrik edirəm. Mən bütün Azərbaycan xalqını təbrik edirəm. Bir daha deyirəm, sizin bu nailiyyətiniz Azərbaycanın dövlət müstəqilliyinin bəhrəsidir və 1993-cü ildən başlayaraq Azərbaycan iqtidarının apardığı doğru, düzgün daxili və xarici siyasətinin nəticəsidir.
Mən bütün Azərbaycan xalqını Müstəqillik günü münasibətilə təbrik edirəm və Azərbaycana bir daha, bir daha əbədi müstəqillik arzulayıram. Sağ olun.