Əziz və hörmətli həmvətənlər!

Xanımlar və cənablar!

    Bu gün biz Azərbaycan Respublikasının dövlət müstəqilliyinin üçüncü ildönümünü bayram edirik. Bu bayram münasibətilə sizi, bütün Azərbaycan xalqını, bütün Azərbaycan vətəndaşlarını təbrik edirəm.

    Azərbaycan xalqı əsrlər boyu müstəqillik arzusu ilə yaşamış, milli azadlıq uğrunda mübarizə aparmışdır. XX əsrin əvvəlində Azərbaycan torpağında ilk Azərbaycan Demokratik Respublikası yaranmış, Azərbaycan xalqı, Azərbaycan Respublikası öz müstəqilliyini dünyaya elan etmişdir. 1918-ci il mayın 28-də yaranmış Azərbaycan Demokratik Respublikası Azərbaycan xalqının çoxəsrlik arzusunun, istəyinin həyata keçirilməsinin ilk addımı olmuşdur. İlk Azərbaycan Demokratik Respublikası ölkəmizin müstəqilliyini dünyaya bəyan etmək üçün və müstəqil demokratik dövlət qurmaq üçün ilk addımlarını atmış, bir çox tədbirlər görmüşdür.

    Artıq bütün dünyaya bəyan olmuşdur ki, Azərbaycan xalqı öz müstəqil dövlətini qurmağa qadirdir. Lakin ilk Azərbaycan Demokratik Respublikası çox yaşamamış, 1920-ci il aprelin 28-də süquta yetmişdir. Azərbaycan Demokratik Respublikasının fəaliyyəti bununla da bitmişdir. O vaxt Azərbaycanda Sovet hakimiyyəti qurulmuş, Azərbaycan Respublikası Sovetlər İttifaqının tərkibinə daxil olmuş və 70 il ərzində xalqımız bu İttifaqın tərkibində yaşamış, yaratmışdır.

    Bu, Azərbaycan xalqı üçün əhəmiyyətli və məhsuldar dövr olmuşdur. Doğrudur, Azərbaycan, onun xalqı müstəqillikdən məhrum olmuş, böyük əzab-əziyyətlə yaradılan demokratik respublika fəaliyyətini dayandırmış, ancaq xalqımız yaşamış, yaratmış və mövcud iqtisadi, sosial-siyasi sistem daxilində öz həyatını qurmuş, inkişaf etdirmişdir. Bu dövrdə Azərbaycanın iqtisadiyyatı, xalqın həyat tərzi yüksəlmiş, elm, mədəniyyət inkişaf etmişdir. Azərbaycanda böyük iqtisadi potensial yaranmış, intellektual potensial ölkəmizin bu gün müstəqil dövlət olması üçün böyük, əsas zəmin yaratmışdır.

    Ancaq Azərbaycan xalqının qəlbində milli azadlıq ruhu, müstəqillik ruhu daim yaşamışdır. Azərbaycanın qabaqcıl adamları, mütəfəkkir şəxsiyyətləri, ziyalıları, milli şüura malik olan insanları daim ümidlə yaşamışlar ki, Azərbaycan öz müstəqilliyini əldə edəcəkdir, milli azadlığa nail olacaqdır. 1980-1990-cı illərdə baş verən proseslər Azərbaycanda milli azadlıq uğrunda mübarizəni yenidən gücləndirmiş və o zaman Sovetlər İttifaqında, bütün dünyada gedən obyektiv tarixi proseslər nəticəsində Azərbaycanın öz müstəqilliyini əldə etməsi üçün şərait yaranmışdır.

    Doğrudur, bu dövr Azərbaycan Respublikası üçün çox çətin və ağır dövr olmuşdur. Bir tərəfdən xalqın əksəriyyəti milli azadlıq, müstəqillik uğrunda çarpışmış, ikinci tərəfdən isə sovetlər hakimiyyətini, imperiyanı saxlamaq meylində olan Azərbaycandakı mühafizəkar qüvvələr yenə də bu hərəkatların qarşısını almağa çalışmışlar. Ancaq bu maneələr bir nəticə verməmişdir.

    Tarixin bir neçə səhifəsini yada salmaq istəyirəm. Artıq 1980-ci illərin axırlarında məlum idi ki, sovet imperiyası, Sovet İttifaqı dağılmaqdadır. Ancaq onu saxlamağa cəhd göstərən qüvvələr hələ güclü və çox idi: Məhz buna görə də Azərbaycanın o vaxtkı dövründə milli azadlıq hərəkatını, milli şüuru boğmaq üçün qanlı yanvar hadisələri törədildi. 1990-cı il yanvarın 20-də Azərbaycan xalqına qarşı hərbi təcavüz oldu. Bu, Azərbaycanı sıxmağa, boğmağa, Azərbaycanda ayağa qalxmış xalqın iradəsini sındırmağa yönəldilmiş təcavüz idi.

    Doğrudur, bu, xalqımıza çox baha oturdu, böyük faciələrə gətirib çıxardı. Ancaq xalqımızın milli azadlıq ruhunu öldürə bilmədi. Bundan sonra Sovetlər İttifaqını, imperiyanı saxlamağa cəhd göstərənlər, o dövrdə Azərbaycan Respublikasının taleyinə rəhbərlik edənlər respublikamızı yenə də Sovetlər İttifaqının tərkibində saxlamağa çalışırdılar.

    1991-ci ilin martında Sovetlər İttifaqının qalıb-qalmaması məsələsi həll edilərkən, Azərbaycanda xalqın əksəriyyəti müstəqillik arzusunda olduğu bir zaman Azərbaycanın o vaxtkı rəhbərliyi xalqın iradəsinə zidd olaraq, martın 17-də respublikanın guya Sovetlər İttifaqı tərkibində saxlanmasına səs verdiyini bildirdi. Ancaq bu da, şübhəsiz ki, Azərbaycanda müstəqillik, milli azadlıq əzminin qarşısını saxlaya bilmədi. Nəhayət, 1991-ci ilin avqustunda Moskvada həyata keçirilən dövlət çevrilişi və onun qarşısının alınması sovet imperiyasının dağılmasına gətirib çıxardı və bundan sonra gedən proseslər nəticəsində ittifaq dağıldı. Bununla əlaqədar olaraq Azərbaycan Respublikası da öz müstəqilliyini bəyan etməyə nail oldu.

    Bildiyiniz kimi, 1991-ci il avqustun 30-da Azərbaycanın müstəqilliyi haqqında bəyanat qəbul olundu. 1991-ci il oktyabrın 18-də isə "Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında" Konstitusiya Aktı qəbul edildi. Bununla da Azərbaycan bir müstəqil dövlət kimi özünü dünyaya bəyan etdi. Azərbaycanın müstəqilliyini dünya ictimaiyyəti bəyəndi, qəbul etdi, tanıdı. Ötən üç il müddətində Azərbaycan Dünya Birliyində öz layiqli yerini tutub, Birləşmiş Millətlər Təşkilatının, digər beynəlxalq təşkilatların üzvüdür, dünya dövlətləri tərəfindən müstəqil dövlət kimi tanınıb, bir çox dövlətlərlə diplomatik əlaqələr qurmuşdur. Azərbaycan üç ildir ki, müstəqil dövlət kimi fəaliyyət göstərir. Bu, Azərbaycan xalqının həyatında böyük tarixi, əlamətdar bir hadisədir və mən bu gün, müstəqilliyin üçüncü ildönümü günü tam qətiyyətlə deyə bilərəm ki, Azərbaycan xalqı bundan sonra da müstəqillik yolu ilə gedəcək, öz müstəqilliyini əldən verməyəcək və Azərbaycan Respublikası müstəqil dövlət kimi daim yaşayacaqdır.

    Üç il – müstəqillik yolu çox ağır, çətin olmuşdur. Bu üç il müddətində respublikamız dünyada tanınmaq üçün bir çox addımlar atmış və uğurlu nəticələr əldə etmişdir. Ancaq eyni zamanda bu üç il müddətində Azərbaycan Respublikası Ermənistan tərəfindən hələ 1988-ci ildən başlanmış hərbi təcavüzün davamı olaraq yenə də həmin hərbi təcavüzə məruz qalmışdır. Bu, həm respublikamızın daxilində olan vəziyyəti gərginləşdirmiş, həm də Azərbaycanın xarici siyasətinə çox böyük maneələr törətmişdir. Bu müharibə – Ermənistanın Azərbaycana təcavüzü nəticəsində, altı il davam edən müharibə dövründə buraxılmış böyük səhvlər, nöqsanlar və çatışmazlıqlar nəticəsində, bəzən də ayrı-ayrı qrupların xalqımıza qarşı etdiyi xəyanətlər nəticəsində Azərbaycan Respublikasının ərazisinin bir qismi – 20 faizi Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş, bu torpaqlardan bir milyondan artıq Azərbaycan vətəndaşı didərgin düşmüş və hazırda qaçqın vəziyyətində respublikanın başqa regionlarında yaşayırlar.

    Şübhəsiz ki, bunlar hamısı ilk addımlarını atan müstəqil Azərbaycan Respublikasının həyatını daha da gərginləşdirir, daha da çətinləşdirir. Bunlarla yanaşı, Azərbaycanın daxilində də üç il müddətində ictimai-siyasi vəziyyət sabit olmamışdır. Çox təəssüf ki, bu bayram – bizim üçün əziz olan bu gün ərəfəsində xalqın qüvvəsini toplayıb, birləşdirib Ermənistanın təcavüzünə qarşı mübarizə aparmaq əvəzinə, beynəlxalq aləmdə müstəqil Azərbaycanın mövqeyinin möhkəmləndirilməsi əvəzinə, respublikamızın içərisində ayrı-ayrı qüvvələr hakimiyyət mübarizəsi ilə məşğul olmuşlar. Onlar vəzifə hərisliyinə düşərək, şəxsi mənafelərini ümummilli, ümumxalq, ümumrespublika mənafeyindən üstün tutaraq respublikada qarmaqarışıqlıq yaratmağa çalışmış, ölkəni bir çox hallarda vətəndaş müharibəsi həddinə gətirib çıxarmışlar.

    Məhz bunların nəticəsində və ondan qabaqkı dövrdə buraxılmış böyük səhvlər, Ermənistanın təcavüzü nəticəsində Azərbaycan bir çox məğlubiyyətlərə uğramış və torpaqlarımızın bir qismi işğal olunmuşdur. Şübhəsiz ki, bunlar Azərbaycanın öz müstəqillik imkanlarından həm daxildə, həm də ümumdünya miqyasında istifadə etməsi üçün çox maneələr törətmişdir. Bunlar həqiqətdir. Bunlar hamımızın gözümüzün qabağında olan hadisələrdir. Bu gün mən bunlar haqqında ürək ağrısı ilə, böyük kədər hissi ilə söhbət açıram.

    Lakin bunlara baxmayaraq, Azərbaycan xalqının iradəsi heç vaxt sınmayıbdır. Xalqımızın Azərbaycan vətəndaşlarının tam əksəriyyəti dövlətimizin müstəqilliyini qoruyub saxlamağa, Azərbaycan Respublikasının bir müstəqil dövlət kimi yaşayıb inkişaf etməsinə, müstəqil dövlət kimi dünyada tanınmasına çalışmışdır.

    Ona görə də bu bayram günündə mən Azərbaycan Respublikasının müstəqilliyi uğrunda çalışanlara, bu 3 il ərzində Azərbaycan Respublikasının müstəqilliyinin möhkəmləndirilib saxlanılması yolunda fəaliyyət göstərənlərə, vətənpərvər, Vətənini sevən, qeyrətli, namuslu Azərbaycan vətəndaşlarına öz təşəkkürümü, minnətdarlığımı bildirirəm və Azərbaycan xalqını bu üç il müddətində keçdiyi ağır, çətin müstəqillik yolunda əldə etdiyi nailiyyətlər münasibətilə bir daha təbrik edirəm.

    Qeyd etdiyim kimi, altı ildir ki, Azərbaycan Respublikası Ermənistan tərəfindən hərbi təcavüzə məruz qalmışdır. Azərbaycanın mərd, cəsur, qeyrətli, qəhrəman oğulları torpaqlarımızın müdafiəsi uğrunda döyüşüb həlak olmuşlar. Azərbaycanın müstəqilliyini əldə etmək üçün çalışıb vuruşan adamlar da əsrimizin əvvəlindən indiyədək böyük fəaliyyət göstərmişlər və bu yolda xalqımız qurbanlar, şəhidlər vermişdir. Bu gün, müstəqilliyimizin üçüncü ildönümünü bayram etdiyimiz bir anda mən Azərbaycan Respublikasının müstəqilliyi yolunda canını qurban vermiş, şəhid olmuş adamların, Azərbaycan Respublikasının ərazi bütövlüyünü, Vətən torpağını qorumaq uğrunda şəhid olmuşların ruhunu bir dəqiqəlik sükutlu yad etməyi rica edirəm.

    Allah bütün şəhidlərə rəhmət eləsin.

    Biz müstəqilliyimizin dördüncü ilinə qədəm qoyuruq. Həyatımız çətindir, ağırdır. Bir tərəfdən müharibə şəraiti, digər tərəfdən respublikanı bürümüş sosial-iqtisadi böhran, bunlarla yanaşı olaraq respublikamızda ictimai-siyasi sabitliyi pozmağa cəhd edən qüvvələr və onların cinayətkar əməlləri – bunlar hamısı respublikanın vəziyyətini ağırlaşdırır, gərginləşdirir. Ancaq müstəqil Azərbaycan dövləti bu çətinliklərin hamısının öhdəsindən gəlməyə qadirdir. Xalqımız bütün bu çətinlikləri ötüb keçəcək və Azərbaycanın müstəqilliyinin qarşısını heç kəs ala bilməyəcəkdir. Buna tam əmin ola bilərsiniz.

    Qeyd etmək lazımdır ki, son vaxtlarda aparılan tədbirlər Azərbaycanın beynəlxalq aləmdə mövqelərinin möhkəmlənməsini təmin etmişdir.

    Bildiyiniz kimi, son bir ildə Azərbaycanın beynəlxalq aləmdə mövqelərini möhkəmləndirmək üçün çox ciddi və uğurlu addımlar atılıbdır. Respublikamız dünyanın böyük və nüfuzlu dövlətləri ilə birbaşa əlaqələr yaradıb, rəsmi səfərlər olub, mühüm müqavilələr və sazişlər imzalanıbdır. Bütün bunlar Azərbaycan Respublikasının dünyanın böyük və nüfuzlu dövlətləri tərəfindən həm tamamilə tanındığını, həm də işgüzar əlaqələr yaradıldığını geniş və aşkar şəkildə nümayiş etdiribdir.

    Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin 49-cu sessiyasında Azərbaycan Respublikasının beynəlxalq aləmdə mövqeyi ilk dəfə geniş bəyan olunubdur. Bununla da biz Azərbaycan Respublikasının indən sonra da müstəqillik yolu ilə gedəcəyini dünyaya bildirmişik.

    Xarici siyasət sahəsində atdığımız addımlar yaxşı nəticələr verir. Məhz buna görə indi biz Ermənistanın Azərbaycana qarşı təcavüzünü sülh yolu ilə aradan qaldırmaq üçün müəyyən imkanlara nail olmuşuq.

    Bildiyiniz kimi, aparılan danışıqlar nəticəsində, beynəlxalq aləmdə həyata keçirilən siyasət nəticəsində, böyük dövlətlərin, beynəlxalq təşkilatların vasitəçiliyi sayəsində, Rusiyanın, ATƏM-in vasitəçiliyi sayəsində Ermənistanla Azərbaycan arasında müharibədə atəşkəs haqqında saziş əldə olunubdur. Beş aydır ki, biz bu atəşkəs rejiminə riayət edirik və son görüşlərimizdə, o cümlədən Nyu-Yorkda keçirilmiş görüşlərdə də bir daha bildirmişik və zəmanət almışıq ki, atəşkəs rejimi davam edəcək və Böyük Sülh Müqaviləsi əldə olunana qədər buna əməl edəcəyik.

    Biz dəfələrlə demişik ki, Azərbaycan sülhsevər siyasət yeridir, Azərbaycan müharibəyə cəlb olunubdur. Böyük itkilər verməyimizə, böyük çətinliklərimiz olmasına baxmayaraq, biz müharibəyə son qoymaq və Ermənistan ilə Azərbaycan arasında gedən müharibəni sülh yolu ilə qurtarmaq istəyirik. Bunun şərtləri də məlumdur: Azərbaycanın ərazi bütövlüyü, onun sərhədlərinin toxunulmazlığı təmin edilməli, işğal olunmuş torpaqlarımızdan erməni silahlı qüvvələri şərtsiz çıxmalıdır. Bu sahədə çox intensiv işlər görülür. Bu işlər indi də gedir, gələcəkdə də gedəcəkdir. Güman edirəm ki, onlar öz nəticəsini verəcəkdir.

    Beləliklə, ötən üç il müddətində, xüsusən də son bir ildə Azərbaycanın apardığı düzgün, müstəqil siyasət nəticəsində biz bu nailiyyətləri əldə edə bilmişik. Artıq hamıya məlumdur ki, Azərbaycan bütün dünya dövlətləri ilə ikitərəfli, çoxtərəfli əlaqələr saxlamaq niyyətindədir və bu əlaqələr bundan sonra da saxlanılacaqdır. Qarşılıqlı surətdə faydalı əlaqələr bundan sonra da yaradılacaqdır.

    Azərbaycan beynəlxalq təşkilatlarda – Birləşmiş Millətlər Təşkilatında, ATƏM-də, Müstəqil Dövlətlər Birliyində, İslam Konfransı Təşkilatında və digər beynəlxalq təşkilatlarda iştirak edir. Azərbaycan onların hamısında iştirak etməklə yanaşı, öz müstəqil mövqeyini, öz müstəqilliyini qoruyub saxlayır, müstəqil siyasət yeridir və bu siyasəti bundan sonra da davam etdirəcəkdir. Mən bir daha bildirirəm ki, bu nailiyyətləri məhz müstəqil siyasətin nəticəsində əldə etmək mümkün olmuşdur.

    Lakin Azərbaycanın bu müstəqil siyasəti, təəssüflər olsun, həm respublikamızın xarici düşmənləri tərəfindən, həm də Azərbaycanın daxilindəki düşmən qüvvələr, düşmən qruplar tərəfindən nəinki bəyənilmir, qəbul edilmir, hətta bu siyasətə, bu mövqeyə qarşı biz təcavüzlər, təsirlər hiss edirik, təxribatçı qüvvələrin meydana çıxdığını görürük.

    Bildiyiniz kimi, apardığımız müstəqil siyasət nəticəsində sentyabrın 20-də Bakıda Azərbaycan Respublikası ilə xarici neft şirkətləri konsorsiumu arasında böyük neft müqaviləsi imzalandı. Bu, tarixi bir hadisədir və Azərbaycanın gələcəyi üçün, iqtisadiyyatımızın, elm və mədəniyyətimizin inkişafı üçün çox böyük və əhəmiyyətli bir addımdır. Belə bir müqavilənin imzalanması Azərbaycan Respublikasının məhz müstəqil dövlət olduğunu və müstəqil siyasət yeritdiyini dünyada bir daha nümayiş etdirdi.

    Şübhəsiz ki, xalqımız bunu alqışladı, bəyəndi. Bu, Azərbaycanda böyük nikbinlik hissi yaratdı. Lakin eyni zamanda Azərbaycanın müstəqilliyinə təcavüz, qəsd etmək istəyən qüvvələr, Azərbaycanın müstəqilliyini pozmağa can atan qüvvələr dərhal hərəkətə gəldilər.

    Bildiyiniz kimi, bu müqavilə imzalandıqdan sonra Azərbaycanın həyatında çox faciəli, dəhşətli hadisələr baş verdi. Azərbaycanın dövlətçiliyinə qarşı cinayət törətmiş dörd cinayətkar sentyabrın 22-də həbsxanadan qaçırıldı. Şübhə yoxdur ki, bu, düşmən qüvvələr tərəfindən xüsusi olaraq hazırlanmış, təşkil edilmiş, planlaşdırılmış bir təxribat idi. Ondan sonra, yəni sentyabrın 29-da Azərbaycanın iki nəfər dövlət xadimi vəhşicəsinə qətlə yetirildi, başqa sözlə desək, siyasi terror həyata keçirildi. Nəhayət, oktyabrın əvvəllərində Azərbaycanda daxili ictimai-siyasi sabitliyi pozmağa çalışan qüvvələr hərəkətə gəldilər. Bütün bu əməllərin kulminasiyası, ən yüksək nöqtəsi isə oktyabrın 4-də Azərbaycanın sabiq baş naziri Surət Hüseynov və onun əlaltıları tərəfindən hazırlanmış, həyata keçirilmiş dövlət çevrilişi cəhdidir. Bu dövlət çevrilişi Gəncədə artıq baş tutmuşdu. səhərin hakimiyyət orqanları təxribatçılar, çevriliş edənlər tərəfindən ələ keçirilmişdi. Gəncə artıq bu təxribatçıların, qiyamçıların əlində idi.

    Lakin bu cinayətkar qüvvələr bilməlidirlər ki, Azərbaycan xalqı, Azərbaycan dövləti onların qarşısını almağa qadirdir və onların qarşısı alındı da. Cinayətkarların bəziləri yaxalandılar, bəziləri isə qaçıb gizlənmişlər, ya cəzadan canlarını qurtarmaq istəyir, ya da təzədən qüvvə toplayıb yeni təxribat, terror əməllərinə əl atmaq istəyirlər.

    Bilirsinizmi, bu, çox ürəkağrıdıcı haldır. Uç ildir ki, biz müstəqil dövlət şəraitində yaşayırıq. Amma bir nəzər salın, görün bu üç ildə Azərbaycan xalqının başına nə kimi bəlalar gəlibdir. Keçən ilin iyun ayında Azərbaycan Respublikası vətəndaş müharibəsi həddinə gəlib çıxmışdı. Bu vətəndaş müharibəsinin qarşısını xalqın iradəsi, Azərbaycanın mütəfəkkir qüvvələrinin birliyi aldı. Qardaş qanı töküldü, biz böyük çətinliklərə məruz qaldıq, lakin vətəndaş müharibəsinin qarşısı alındı. Bir il keçmədi ki, ayrı-ayrı cinayətkar qruplar, qüvvələr Azərbaycanı parçalamaq, dağıtmaq üçün yenə də təxribatlara əl atdılar, dövlət çevrilişi etməyə cəhd göstərdilər, keçən il həmin dövlət çevrilişi cəhdində iştirak etmiş, Azərbaycanı parçalamağa can atmış adamları həbsxanadan qaçırtdılar və bundan sonra da belə cinayətkar hərəkətlərə başladılar. Bunların da qarşısı alındı.

    Mən bu gün tam qətiyyətlə deyə bilərəm ki, son bir il müddətində ikinci dəfədir Azərbaycanda vətəndaş müharibəsi təhlükəsinin qarşısı alınır. Bütün bunlar onu göstərir ki, Azərbaycanın daxilində ictimai-siyasi sabitliyi pozmağa çalışan düşmən, cinayətkar qüvvələr olmasına baxmayaraq, Azərbaycan vətəndaşları, onların əksəriyyəti sağlam əhval-ruhiyyə ilə yaşayır, öz dövlətçiliyini, ictimai-siyasi sabitliyi qorumağa çalışır, Azərbaycanı bu ağır vəziyyətdən çıxarmağa çalışır. Məhz buna görə də oktyabrın 4-ü gecəsi mənim xalqa müraciətim böyük əks-səda doğurdu. Bakı sakinləri, ümumiyyətlə, şəhər və rayonlarımızda, qəsəbə və kəndlərimizdə sakinlər həmin gecə ayağa qalxdılar, Azərbaycanın dövlətçiliyinin keşiyində durdular və baş verə biləcək böyük bir faciənin qarşısını aldılar.

    Bütün bunlar bir daha onu göstərir ki, üçillik müstəqillik yolu ağırdır, çətindir, bəlalıdır. Buna baxmayaraq, xalqımızda, Azərbaycan vətəndaşlarında müstəqil dövlət şəraitində yaşamaq əhval-ruhiyyəsi güclüdür. Dövlətçiliyi qorumaq əzmi xalqımızın yenilməz iradəsinə əsaslanır. Buna görə də biz bu gün bu bayramı qeyd edərkən mən Azərbaycan xalqının iradəsi qarşısında, qəhrəman Azərbaycan övladları qarşısında bir daha baş əyirəm və əmin edirəm ki, bundan sonra da Azərbaycanın dövlətçiliyinin qorunması üçün bütün tədbirlər görüləcək və heç kəs, heç bir qüvvə Azərbaycanın müstəqilliyini, dövlətçiliyini poza bilməyəcək, Azərbaycanın müstəqil dövlət kimi yaşamasının qarşısını ala bilməyəcəkdir.

    Biz bu gün müstəqilliyimizin üçüncü ildönümünü bayram edirik. Lakin bununla yanaşı, respublikamız müharibə şəraitindədir. Düzdür, beş aydır ki, atəş kəsilib. Dediyim kimi, biz bu atəşkəsi davam etdirəcəyik, sülh danışıqları aparırıq. Bununla bərabər, Azərbaycan xalqı ayıq-sayıq olmalıdır. Azərbaycanın Silahlı Qüvvələri torpaqlarımızın keşiyində, müdafiəsində ayıq-sayıq, hazır durmalıdırlar. Ordumuzun hissələri cəbhə boyunca mövqelərimizin keşiyində dayanmışlar. Bu gün, bu bayram günü mən Azərbaycan Ordusunu xüsusi salamlayıram və Azərbaycan Respublikasının torpaqlarının keşiyində duran əsgərləri, zabitləri, bütün cəbhə boyu Azərbaycan torpaqlarını qoruyan vətəndaşlarımızın hamısını təbrik edir, onlara buradan, bu salondan təbrik salamı göndərirəm. Əmin olduğumu bildirmək istəyirəm ki, onlar bundan sonra da torpaqlarımızın müdafiəsində mətanətlə, cəsarətlə duracaq və Azərbaycanın ərazi bütövlüyünün təmin olunması üçün bundan sonra da vuruşacaq, döyüşəcək, çalışacaqlar.

    Son günlər Azərbaycan xalqı böyük bir imtahandan keçdi. Lakin bu o demək deyil ki, respublikamızda cinayətkarlar məhv edilib, təxribatçı qruplar yoxa çıxıblar, yaxud respublikamızda, Bakıda, başqa şəhərlərdə ictimai-siyasi sabitliyi pozmağa yenə də can atan adamlar yoxdur. Xeyr, onlar hələ mövcuddurlar. Buna görə də mən o cinayətkar qrupları, Azərbaycanın daxili ictimai-siyasi vəziyyətini pozmağa çalışanları xəbərdar etmək istəyirəm ki, onlar heç nəyə nail ola bilməyəcəklər və bu cinayətkar yoldan çəkinməlidirlər.

    Bizim məqsədimiz Azərbaycanda hüquqi, demokratik, sivilizasiyalı dövlət qurmaqdır və biz bu yol ilə gedirik. Bizim məqsədimiz Azərbaycanda demokratik cəmiyyət yaratmaqdır, biz bu yolla gedirik. Biz Azərbaycan iqtisadiyyatında islahatlar aparıb, iqtisadiyyatımızı dünya iqtisadiyyatına bağlamaq istəyirik, biz bu yolla gedirik. Biz Azərbaycanda insan azadlığını, söz azadlığını, insan hüquqlarının qorunmasını təmin etmək yolundayıq, bu yolla da gedirik. Mən Azərbaycanda çoxpartiyalı sistemin yaranmasının və inkişaf etməsinin təminatçısı kimi çıxış edirəm və buna gələcəkdə də təminat verəcəyəm.

    Lakin bunların hamısı Azərbaycanın məhz dövlətçiliyinin, müstəqilliyinin qorunmasına və respublikamızın bu ağır iqtisadi, sosial böhrandan çıxarılmasına yönəldilməlidir. Odur ki, Azərbaycanda bu ağır vəziyyətdən istifadə edərək öz şəxsi mənafelərini güdən adamları xəbərdar edirəm: onlar heç nəyə nail ola bilməyəcəklər. Cəmiyyət, xalqımızın milli birliyi, vətəndaş birliyi onların hamısını yolumuzun üstündən kənara atacaqdır. Qoy buna heç kəsin şəkk-şübhəsi olmasın. Ancaq belə ünsürlər indi Azərbaycanda iqtisadiyyatın ağır vəziyyətdə olmasından istifadə edərək qarmaqarışıqlıq yaratmaq istəyirlər.

    Son vaxtlar respublikamızda əhalinin çörəklə təchizatında bəzi çətinliklər yaranmışdır. Bütün bunlar həmin o cinayətkar qrupların təxribatçı fəaliyyətinin nəticəsidir. Əlbəttə ki, Nazirlər Kabineti və onun başçısı – bas nazir iqtisadiyyatla məşğul olmaq əvəzinə Nazirlər Kabinetini cinayət yuvasına çevirib, orada ayrı-ayrı təxribatçı qruplar hazırlayıb. Dövlət çevrilişinə hazırlaşdığına görə, başqa məsələlərin həlli üçün onun nəinki vaxtı yox idi, hətta bu məsələlərin həllinə əngəllər törədilirdi.

    Bu məsələlər dünən müzakirə edildi, müəyyən tədbirlər görüldü. Öz vəzifələrini yerinə yetirə bilməyən bəzi adamlar vəzifələrindən götürüldü. Bundan sonra da belə qətiyyətli addımlar atılacaq, belə qətiyyətli tədbirlər görüləcəkdir. Bütün bunlar respublikamızı yalnız və yalnız bu ağır vəziyyətdən çıxarmaq naminədir. Azərbaycanda ictimai-siyasi sabitliyi təmin etmək naminədir, respublikamızda ümumi həmrəylik, vətəndaşlıq birliyi yaratmaq naminədir. Bu addımlar atılıb və bundan sonra da atılacaqdır. Odur ki, ümumi işimizə mane olan adamlar bilməlidirlər ki, onlara qarsı ciddi tədbirlər görüləcəkdir. Respublikada ictimai-siyasi sabitliyi pozmağa cəhd göstərən adamlar, təxribatla məşğul olmağa çalışan ayrı-ayrı qüvvələr, yaxud terror əməllərinə əl atan qüvvələr bilməlidirlər ki, onların qarşısı alınacaqdır. Onlar bu hərəkətləri ilə bizi nə qorxuda, çəkindirə biləcək, nə də bizi tutduğumuz yoldan döndərə biləcəklər. Mən onların hamısına xəbərdarlıq edirəm.

    Eyni zamanda bu gün, bu bayram günü bütün Azərbaycan vətəndaşlarına üz tutaraq, onları bir daha milli həmrəyliyə, vətəndaş birliyinə dəvət edirəm. Biz müstəqilliyimizi yalnız milli həmrəylik əsasında, vətəndaş birliyi əsasında qoruyub saxlaya biləcəyik. Biz Azərbaycanın xoşbəxt gələcəyini yalnız bu əsasda təmin edə biləcəyik. Məhz bu əsasda biz Azərbaycanı müharibə şəraitindən çıxara biləcəyik. Məhz bu əsasda biz Azərbaycanın ərazi bütövlüyünü təmin edə biləcəyik.

    Ona görə də mən bu gün bir daha xalqa müraciət edirəm, xalqın müdrikliyinə inanıram, xalqın iradəsinə inanıram, xalqın iradəsinə güvənirəm və ona güvənərək Azərbaycanın müstəqilliyinin və daxili sabitliyinin təminatçısı kimi, bir prezident kimi bu gün xalq qarşısında bir daha söz verirəm ki, Azərbaycanın müstəqilliyini bundan sonra da qoruyacağam, Azərbaycanın daxili və xarici siyasətində aparılan müsbət işlər bundan sonra da davam etdiriləcək, Azərbaycan müstəqil dövlət kimi yaşayıb və daim yaşayacaqdır.

    Bu bayram münasibətilə sizi, bütün Azərbaycan vətəndaşlarını bir daha ürəkdən təbrik edir, hamıya cansağlığı, səadət arzulayıram, işlərinizdə uğurlar diləyirəm. Əmin ola bilərsiniz ki, Azərbaycan bu ağır şəraitdən çıxacaq, müstəqillik yolu ilə irəliləyəcəkdir.

    Yaşasın müstəqil Azərbaycan Respublikası!