Gülüstan sarayı

Hörmətli xanımlar və cənablar, dostlar!

Hörmətli qonaqlar!

Bu gün Azərbaycan xalqının tarixində əlamətdar bir gündür: Azərbaycanda dövlət müstəqilliyinin elan edilməsinin yeddinci ildönümüdür və oktyabr ayının 11-də keçirilmiş prezident seçkilərində xalq tərəfindən seçilmiş Azərbaycan prezidentinin andiçmə günüdür.

Bu iki əlamətdar hadisənin bir günə düşməsi Allahın işidir. Ancaq hesab edirəm ki, bu, heç də təsadüfü bir hal deyildir. Çünki Azərbaycan yeddi il bundan öncə öz dövlət müstəqilliyini dünyaya bəyan edərkən hələ faktiki olaraq müstəqil deyildi. O, sadəcə, öz müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul etdi və dünyaya bəyan etdi ki, müstəqil yaşamaq istəyir. Bu, öz-özlüyündə böyük tarixi hadisədir. Ancaq bəyan etməklə müstəqil yaşamaq arasında çox çətin bir yol olmuşdur. Azərbaycan xalqı itkilər verməsinə, zərbələr almasına, daxilində çox mürəkkəb proseslər getməsinə baxmayaraq, bu çətin, ağır yolu uğurla keçmişdir.

1993-cü ilin iyun ayında Azərbaycan məhz 1991-ci ilin oktyabr ayında başlanmış prosesin zirvəsi olan, - "Zirvə" sözü müsbət mənada işlənildiyi halda, təəssüf ki, mən bu gün onu mənfi mənada deyirəm, - vətəndaş müharibəsi ilə üzləşmiş və parçalanma təhlükəsi qarşısında olmuşdur. 1993-cü il Azərbaycan üçün çox həlledici il olmuşdur. Azərbaycanın müstəqilliyi davam edəcək, Azərbaycan bir müstəqil dövlət kimi yaşayacaq, yaxud da ki, daxili çəkişmələr, vətəndaş müharibəsi nəticəsində, meydana çıxmış separatçı qüvvələrin pozuculuq və dağıdıcılıq fəaliyyəti nəticəsində parçalanacaq, məhv olacaqdı. Əgər məşhur ifadədən istifadə etsək, Azərbaycan "olum ya ölüm " qarşısında idi. Ancaq xalqımız öz müdrikliyini, zəkasını, qüdrətini, daxili potensialını bu ağır böhran dövründə bir daha nümayiş etdirdi və Azərbaycan bu təhlükələrdən xilas oldu. Biz Azərbaycanı bu təhlükələrdən xilas etdik. O vaxt həmin təhlükələrin, Azərbaycanı böyük faciə həddinə gətirib çıxarmış əməllərin səbəbkarları indi o dövrü, günləri, ağır məqamı unutmağa çalışırlar. Ancaq xalq heç bir şeyi unutmayıb və unutmayacaqdır.

Özümü xoşbəxt hesab edirəm ki, Azərbaycanın o ağır, çətin, müqəddəratının həll edildiyi bir məqamda mənə üz tutuldu, müraciət edildi. Mən öz vətənimə oğulluq borcumu yerinə yetirdim, sədaqətimi bir daha nümayiş etdirdim, özümü oda-alova atdım. Biz birləşib Azərbaycanı bu ağır vəziyyətdən çıxara bildik. Azərbaycan xalqı həmin o ağır ildə məni özünə prezident seçdi. Mən doğma xalqıma, millətimə, Azərbaycan vətəndaşlarına həyatımın bütün mərhələlərində mənə göstərdikləri etimada görə əbədi minnətdaram. Ancaq Azərbaycan xalqı da bilir ki, mənim bütün həyatım xalqıma xidmət etməyə həsr olunubdur.

Azərbaycan xalqının 1993-cü ildən bu günə qədər keçdiyi bu ağır, çətin yolda mən öz xidmətlərimi göstərmişəm. Ona görə heç də təsadüfü deyil ki, 1991-ci il oktyabrın 18-də dövlət müstəqilliyinin elan olunması günü, eyni zamanda ölkəmizdə qəbul edilmiş müstəqil Azərbaycanın Konstitusiyası əsasında Azərbaycanda keçirilən ilk prezident seçkilərində xalq tərəfindən seçilmiş prezidentin andiçmə mərasimi ilk dəfə eyni günə düşmüşdür.

Vətəninə, xalqına xidmət etmək hər bir vətəndaşın borcudur. Heç kəs buna görə ölkəsinə, vətəninə, xalqına minnət qoya bilməz. Ancaq xidmətə görə etimad almaq və bu etimadı doğrultmaq böyük şərəfdir. Mən xoşbəxtəm ki, həyatım boyu vətənimə, ölkəmə xalqıma, xidmət etmişəm. Mən bunu həmişə həyatımın, ömrümün mənası hesab etmişəm. Bu gün də sona qədər mənim ömrümün mənası xalqa sədaqətlə xidmət etməkdən ibarət olacaqdır. Ancaq xalqa xidmət edən hər bir kəs öz xidmətinin qiymətləndirilməsi arzusunda olur. Mən də həmişə bu arzuda olmuşam. Mən bəxtəvərəm ki, xalqa etdiyim xidmətlər qiymətləndirilib. Mən, adi bir Azərbaycan oğlu xalqımın on illərlə böyük etimadına layiq ola bilmişəm. Bir daha təkrar edirəm, öz xalqına xidmət etmək hər bir vətəndaşın ümdə borcudur. Ancaq xidmətinə görə qiymətləndirilmək və böyük etimada layiq görülmək hər bir kəsə nəsib olmur. Mən isə xoşbəxtəm ki, belə bir böyük etimada layiq olmuşam və xalq mənə etimad göstəribdir.

Bu gün mənim keçirdiyim ən ülvi hissiyyatlar vətənimə, xalqıma, millətimə, vətəndaşlarımıza hədsiz minnətdarlığımdır. Mən hədsiz dərəcədə minnətdaram ki, gördüyüm işlərə bu qədər yüksək qiymət verilibdir. Hədsiz minnətdaram ki, mənə yenidən etimad göstərilibdir. Və mən yenidən Azərbaycanın xalq tərəfindən, demokratik prinsiplər əsasında seçilmiş prezidentiyəm. Mən bununla fəxr edirəm, şərəf duyuram, Azərbaycan xalqına, vətəndaşlarına bir daha, bir daha minnətdarlığımı bildirirəm. Ona görə də qədəhləri müstəqil Azərbaycanın şərəfinə qaldırmağı rica edirəm. Azərbaycan xalqına hədsiz minnətdarlıq hissi ilə xalqımızın şərəfinə badə qaldırmağı rica edirəm.

Azərbaycan mənim ürəyimdir. Azərbaycan mənim nəfəsimdir. Azərbaycan mənim həyatımdır. Azərbaycan haqqında hər bir vətəndaş öz ürək sözlərini deyə bilər. Mənim ürəyim daim öz doğma vətənim Azərbaycanla bağlı, Azərbaycan haqqında hissiyyatlarla dolu olubdur. Bu hissiyyatları sözlə demək mümkün deyildir. Hətta böyük şairimiz Səməd Vurğunun dediyi sözlər də bunun hamısını əhatə etmir. Ancaq şerə ehtiyac olduğuna görə Səməd Vurğunun sözlərini bir daha təkrar etmək istəyirəm:

El bilir ki, sən mənimsən,

Yurdum, yuvam məskənimsən,

Anam doğma vətənimsən.

Ayrılarmı könül candan?

Azərbaycan, Azərbaycan!

Azərbaycan, Azərbaycan! Azərbaycanın şərəfinə, Azərbaycan xalqının şərəfinə!

Mən böyük məmnuniyyət hissi ilə bildirirəm ki, bu gün müstəqil Azərbaycanın prezidentinin andiçmə mərasiminə qonşu ölkələrdən bizim hörmətli qonaqlarımız gəlmişlər.

Bilirsiniz ki, adət və ənənəyə, müəyyən diplomatik qaydalara görə andiçmə mərasiminə adətən dəvət göndərilmir. Ancaq bizə qonşu, dost ölkələrin nümayəndələri öz dövlətlərinin iradəsini ifadə edərək təşəbbüs göstərib Azərbaycana qonaq gəliblər və bizim bu mərasimdə iştirak edirlər. Şübhəsiz ki, bu, bizim xalqımızı, vətəndaşlarımızı və şəxsən məni çox sevindirir.

Mən çox məmnunam ki, bu gün bu əlamətdar gündə bizimlə bərabər sevincimizi bölüşənlərin içərisində qonşu, dost ölkələrin yüksək səviyyəli və çox mötəbər tərkibli nümayəndə heyətləri vardır. Rusiya Federasiyasının, Türkiyə Cümhuriyyətinin, İran İslam Respublikasının, Gürcüstanın nümayəndə heyətləri Azərbaycana gəliblər. Rusiya Federasiyası Qafqaz respublikalarının prezidentləri bu hadisəyə xüsusi əhəmiyyət verərək özləri Azərbaycana gəliblər və bizimlə bir yerdədirlər. Bunlar ictimaiyyətimizi sevindirir.

Mən çox məmnunam ki, bizə dost ölkə olan Rusiya Federasiyasının nümayəndə heyəti bu gün burada bizimlədir. Rusiyanı və Azərbaycanı bir çox tellər bağlayır. Müstəqil Azərbaycan Rusiya Federasiyası ilə dostluq münasibətlərini inkişaf etdirməyi və möhkəmləndirməyi vacib sayır. Xalqlarımızın, ölkələrimizin, dövlətlərimizin mənafeyi naminə biz bunu edirik və edəcəyik.

Mən şadam ki, Rusiya Federasiyasının mötəbər nümayəndə heyəti - xarici işlər naziri İqor Sergeyeviç İvanov, Müstəqil Dövlətlər Birliyi naziri Boris Nikolayeviç Pastuxov, Rusiya Dövlət Duması sədrinin müavini Mixail Qutseriyev, Azərbaycan və Rusiyanın xalq artisti, sevimli müğənnimiz Lyudmila Georgiyevna Zıkina və bir çox başqa dostlarımız bu gün bizimlədir.

Şadam ki, Müstəqil Dövlətlər Birliyinin icraçı katibi Boris Abramoviç Berezovski bizimlədir. Bütün bunlar bizim dostluq münasibətlərimizin həm rusiyalılar, həm də azərbaycanlılar üçün nə qədər əziz olduğunu inandırıcı şəkildə göstərir. Mən bu gün bəyan edirəm ki, biz bu münasibətləri möhkəmləndirəcək, inkişaf etdirəcək və dərinləşdirəcəyik. Hörmətli dostlar, mən təşəkkür edirəm ki, siz buraya gəlmisiniz və bizimləsiniz.

Bizim üçün dost, qardaş olan Türkiyə Cümhuriyyətinin yüksək səviyyəli nümayəndə heyətinin məhz bu gün Azərbaycanda olması bizim üçün çox əzizdir və hörmətlidir. Mən çox məmnunam ki, Türkiyə Cümhuriyyətinin nümayəndə heyətini Türkiyənin enerji və təbii ehtiyatlar naziri, bizim dostumuz cənab Cümhur Ərsümər təmsil edir. Türkiyədən gəlmiş dostlarımıza, qardaşlarımıza və Türkiyənin naziri, dostumuz Cümhur Ərsümərə təşəkkürümü bildirirəm. Bir daha bəyan edirəm ki, Türkiyə ilə Azərbaycan arasında olan dostluq, qardaşlıq əlaqələri əbədi, daimi və sarsılmazdır. Biz bu əlaqələri bundan sonra da inkişaf etdirəcək və möhkəmləndirəcəyik.

Şadam ki, bizə dost ölkə olan Gürcüstanın nümayəndə heyəti - Gürcüstan Parlamentinin sədri, dostumuz Zurab Jvaniya başda olmaqla, nümayəndə heyəti buradadır. Böyük tarixi, dərin kökləri olan və bu gün bütün dünyaya xeyirxah hisslərini, münasibətlərini nümayiş etdirən Gürcüstan - Azərbaycan dostluğu dostluq etməyə, bir-birini sevməyə, əsrlər boyu yanaşı, qonşuluqda, mehriban qonşuluq münasibətləri şəraitində yaşayaraq öz aralarında heç bir münaqişə yaratmamağa parlaq misaldır. Bu, beynəlxalq münasibətlər, dövlətlərarası münasibətlərdir və biz bunun qədrini bilirik. Biz bütün tədbirləri görəcəyik ki, xalqlarımız, ölkələrimiz arasında dostluğu möhkəmləndirək və inkişaf etdirək.

Mən çox məmnunam ki, qonşu, dost İran İslam Respublikasının yüksək səviyyəli nümayəndəsi də bu gün Azərbaycanda, bizimlə birlikdədir və Azərbaycanın müstəqillik günündə, Azərbaycan prezidentinin andiçmə mərasimində iştirak edir. Qafqaz respublikaları prezidentlərinin şəxsən bu gün Azərbaycana gəlmələri və Azərbaycan Respublikasının xalq tərəfindən seçilmiş prezidentinin andiçmə mərasimində iştirak etmələri xalqımız və ictimaiyyətimiz üçün tarixi hadisədir. Mən bunu yüksək qiymətləndirir və hesab edirəm ki, bu, xüsusi əhəmiyyəti olan bir hadisədir. Bu, Qafqaz xalqlarının həmrəyliyini, "Ümumi Qafqaz evi" ideyasının reallığını, dinc Qafqaz yaratmağın mümkünlüyünü, onların azad yaşamağı, öz xalqlarının ənənələrinə, tarixi köklərinə sadiq qalmaqla yaşamağı arzu edərək, eyni zamanda bir yerdə olmağı, qarşılıqlı əlaqə saxlamaq, bir-birini dəstəkləmək istədiklərini göstərir. Qafqazın müxtəlif regionlarında baş verən hadisələr fonunda bu, müstəsna dərəcədə vacibdir.

Qafqaz xalqlarının liderlərinin, Qafqaz respublikaları prezidentlərinin bu gün Bakıdakı, Azərbaycandakı görüş onu göstərir ki, biz Qafqazın hər bir xalqının, hər bir Qafqaz Respublikasının mənafeyi naminə, eyni zamanda Qafqazda dostluq, qarşılıqlı anlaşma naminə, sülh və sabitliyin möhkəmləndirilməsi naminə səylərimizi birləşdirə bilərik. Biz qafqazlılara bu, indi xüsusilə zəruridir. Qafqaz dünyanın nadir regionudur, öz təbiətinə, çox milliliyinə, adət və ənənələrinə, tarixi köklərinə görə nadir bir regiondur. Bizim xalqlarımız bu qocaman Qafqazda əsrlərlə, min illər boyu bir yerdə yaşamışlar, bir-birini dəstəkləmiş, bir-birinə kömək göstərmişlər. Onda bəs bu gün biz Qafqazı dinc, sabit regiona çevirmək, Qafqazın sülhsevərlik, dini dözümlük, bütün dünya üçün əmin-amanlıq nümunəsi olması üçün niyə birlikdə irəliləməyək? Mən inanıram ki, biz bunu etməyə qadirik. Bunun da rəhni odur ki, bu gün bizr yerdəyik.

Mən Dağıstan xalqlarını və onların lideri, bizim dostumuz Məhəmmədəli Məhəmmədovu səmimi qəlbdən salamlayıram.

Mərd çeçen xalqını və Çeçenistanın lideri Aslan Məshədovu ürəkdən salamlayıram.

Mən cəsur inquş xalqını və onun şanlı oğlu, qəhrəman Ruslan Auşevi ürəkdən salamlayıram.

Kabarda - Balkarı - Qafqazın mərkəzində yerləşən, gözəl təbiəti, mərd insanları, eyni zamanda bir çox problemləri olan respublikanı ürəkdən salamlayıram. Mən şadam ki, Kabarda - Balkarın lideri, bizim dostumuz Valeri Məhəmmədoviç Kokov bu respublikaya layiqincə rəhbərlik edir. Bu gün onun ad günüdür. Mənə xüsusilə xoşdur ki, o, özünün ad günündə Azərbaycan gəlib, dostları ilə bir yerdədir. Hesab edirəm ki, biz bunu layiqincə qiymətləndirməli və dostumuz Valeri Kokovun ad gününü birlikdə qeyd etməliyik.

Şimali Osetya-Alaniya prezidenti, dostumuz Aleksandr Sergeyeviç Dzasoxovu səmimi qəlbdən salamlayıram. Aleksandr Sergeyeviç Dzasoxov Moskvada yüksək vəzifələrdə işləyərkən Azərbaycanda tez-tez olmuşdur. O, Azərbaycanı çox gözəl tanıyır və biz onu yaxşı tanıyırıq. Onun sonuncu seçkilərdə inandırıcı qələbə qazanaraq Şimali Osetiya Respublikasının prezidenti seçilməsi bizim üçün çox xoş hadisə idi. Mən osetin xalqına səadət və firəvanlıq, dostumuz Aleksandr Sergeyeviç Dzasoxova yeni-yeni uğurlar arzulayıram.

Adıgey prezidenti Aslan Carimovun burada olmasından biz hamımız son dərəcə şadıq. Adıgey nadir respublika, nadir ölkədir. Təəssüf ki, keçmişdə o, Krasnodar diyarına qatılmışdı. İndi Adıgey ayrıca respublika, Rusiya Federasiyasının subyektidir. Biz buna çox şadıq. Ona da şadıq ki, Adıgey prezidenti Aslan Carimov buradadır. Mən onu ürəkdən təbrik edir və adıgey xalqına müvəffəqiyyətlər arzulayıram.

Qaraçay-Çərkəz Respublikasının taleyi hamımıza yaxşı məlumdur. 1944-cü ildə çeçenləri, inquşları olduğu kimi, qaraçaylıları da deportasiya etmişdilər. Onlar çox böyük faciəyə məruz qalmışlar. Mən şadam ki, indi Qaraçay - Çərkəz Respublikası mövcuddur, inkişaf edir və Qafqazda özünün layiqli yerini tutur. Əminəm ki, mərd xalqlar olan qaraçaylılar, çərkəzlər doğma, çox gözəl torpaqlarında öz həyatlarını istədikləri kimi quracaqlar. Bizə xoşdur ki, Qaraçay - Çərkəz Respublikasının prezidenti Valdimir Xubiyev bu gün Bakıda, Azərbaycandadır.

Deyəsən, mən Qafqazdan gələnlərin hamısının adını çəkdim. Heç kimi yaddan çıxarmadım ki? Görürsünüz, bu, mənim üçün nə qədər əzizdir, xoşdur ki, bu barədə birnəfəsə danışıram.

Bir daha Qafqaz, onun gözəl gələcəyi haqqında danışıram. Hesab edirəm ki, biz qafqazlılar mehriban qonşularımızla, dost ölkələrimizlə birlikdə Qafqazı dinc, azad, sabit və çiçəklənən diyara çevirəcəyik.

Azərbaycanın öz qonşuları ilə dostluğu və əməkdaşlığı şərəfinə, Qafqaz ölkələrinin və xalqlarının dostluğu və əməkdaşlığı şərəfinə, sülh və firavanlıq, azadlıq və müstəqillik şərəfinə, səmimi və sədaqətli, əbədi dostluq şərəfinə badə qaldırıram. Azərbaycan bu cür dostluğa hazırdır, Azərbaycan bundan sonra da bütün ölkələrlə mehriban dostluq münasibətləri yaratmağa çalışacaq, öz qonşuları ilə isə həmişə sülh, həmrəylik və qarşılıqlı anlaşma şəraitində yaşayacaqdır. Əmin ola bilərsiniz ki, müstəqil Azərbaycan Qafqazda sülh, regionumuzda sülh olması, qonşularımızla dinc, dostluq münasibətlərinin olması üçün hər şeyi edəcəkdir.

Qonaqlarımızın, dostlarımızın şərəfinə, əziz dostlar, sizin hamınızın şərəfinə!