Azərbaycanın Kanadadakı səfirliyindən AzərTAc-a daxil olmuş məlumatda bildirilir ki, Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20 illiyi münasibətilə Monreal şəhərindəki Beynəlxalq Mülki Aviasiya Təşkilatının (BMAT) baş qərargahında ziyafət təşkil olunmuşdur.
Tədbirdə BMAT-ın baş katibi Raymond Benjamin, məsul əməkdaşları, BMAT-da akkreditə olunmuş diplomatik missiyaların təmsilçiləri, Monreal şəhərində yaşayan Azərbaycan və türk icmalarının nümayəndələri iştirak etmişlər.
Tədbirdə çıxış edən Azərbaycanın Kanadadakı səfiri, eyni zamanda, BMAT-dakı daimi nümayəndəsi Fərid Şəfiyev 1918-ci il mayın 28-də müsəlman Şərqində ilk demokratik respublikanın yaradıldığını bildirərək, bir sıra Qərb ölkələrindən də öncə qadınların ilk dəfə seçmək və seçilmək hüququnun məhz ölkəmizdə tanındığını qeyd etmişdir.
Səfir 1991-ci ildən etibarən ölkəmizin müstəqilliyinin bərpasından sonra respublikamızda gedən iqtisadi inkişaf, əldə edilən uğurlar barəsində iştirakçılara ətraflı məlumat vermişdir.
Ziyafətdə Azərbaycan milli mətbəxinin təamları nümayiş etdirilmişdir.


AzərTAc
Bakı, 13 oktyabr 2011