Berlində Almaniyadakı Türk-Azərbaycan Birliyinin təşəbbüsü və təşkilatçılığı ilə Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsinin 20-ci ildönümü və Türkiyə Cümhuriyyətinin yaranmasının 88-ci ildönümü, eyni zamanda, Türk-Azərbaycan Birliyinin (TAB) tanıdılması münasibətilə bayram tədbiri keçirilmişdir.
Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, əvvəlcə TAB-ın idarə heyətinin üzvləri Almaniyanın KİV nümayəndələrinin iştirakı ilə mətbuat konfransı keçirərək, cəmiyyətin yaranması tarixi və məqsədləri haqqında məlumat vermişlər.
DİDK-nın dəstəyi, TAB-ın təşkilatçılığı ilə Almaniyadakı Azərbaycanlıların Əlaqələndirmə Mərkəzi (AAƏM) ilə birgə keçirilən tədbirdə Azərbaycanın Almaniyadakı səfiri Pərviz Şahbazov və Türkiyənin Berlindəki baş konsulu Mustafa Polat iştirak etmişlər.
TAB-ın sədri, alman Bundestaqının keçmiş üzvü professor Hakkı Keskin vurğulamışdır ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin “Bir millət, iki dövlət” idealından çıxış edərək iki qardaş ölkənin tarixi bayramlarını Berlində cəmiyyət tərəfindən qeyd edilməsi qərara alınmışdır. H.Keskin, həmçinin TAB-ın yaradılmasının tarixi, zərurəti və məqsədləri haqqında qonaqlara məlumat vermişdir.
P.Şahbazov Türkiyə Cümhuriyyətinin 88-ci və Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa olunmasının 20-ci ildönümlərinin birlikdə qeyd edilməsinin mühüm bir hadisə olduğunu demişdir. Diplomat 20 il ərzində Azərbaycanın qazandığı uğurlardan danışmış və ölkəmizin hər zaman Türkiyədən dəstək aldığını vurğulamışdır. Türkiyə-Azərbaycan əlaqələrinin nəinki türk dünyası, eləcə də bütün dünya üçün nümunə olduğunu vurğulayan P.Şahbazov demişdir ki, bu münasibətlər türk dünyasının birləşməsində mühüm rol oynayır.
M.Polat isə müsəlman ölkələri arasında ilk dəfə olaraq Azərbaycanın hələ 1918-ci ildə ilk demokratik respublika yaratdığını qeyd etmiş, Türkiyənin hər zaman Azərbaycanı dəstəklədiyini demişdir.
Bayram tədbirində Azərbaycanın və Türkiyənin iş adamları, Azərbaycan diasporunun üzvləri, türk icmasının nümayəndələri və s. iştirak etmişlər.
Tədbir konsert proqramı ilə başa çatmışdır.


Bakı,
AzərTAc