Moldovada Azərbaycanın müstəqilliyinin bərpa edilməsinin 20 illiyinə həsr olunmuş poçt markalarının təqdimatı olmuşdur (17 oktyabr 2011)
Azərbaycan Respublikasının Moldova Respublikasındakı səfirliyinin
mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, oktyabrın 17-də
Azərbaycanın Moldovadakı səfirliyində Azərbaycan Respublikasının
müstəqilliyinin bərpa edilməsinin 20 illiyinə həsr olunmuş rəsmi qəbul
olmuşdur.
Qəbulda Moldova Respublikasının dövlət və hökumət
rəhbərləri, parlamentin deputatları, Nazirlər Kabinetinin üzvləri,
Moldovada akkreditə olunmuş səfirliklərin və beynəlxalq təşkilatların
nümayəndəliklərinin başçıları, alimlər, ölkənin incəsənət, ədəbiyyat və
ictimai xadimləri, Moldova Azərbaycanlıları Konqresinin üzvləri və
kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.
Azərbaycan
Respublikasının müstəqilliyinin bərpa edilməsinin 20 illiyinə həsr
olunmuş mərasimdə Azərbaycan Respublikasının Moldova Respublikasındakı
səfiri Namiq Əliyev və Moldova Respublikasının Baş naziri Vladimir Filat
çıxış etmişlər.
Tədbirdə həmçinin müstəqilliyin bərpa edilməsinin
20 illiyinə həsr olunmuş Azərbaycanın yeni poçt markalarının təqdimatı
olmuşdur.
Kiçik vərəqədə olan markalarda Azərbaycan Respublikasının
Dövlət gerbi, Dövlət bayrağı, Dövlət himninin mətni və notları,
Azərbaycanın xəritəsi əks olunmuşdur.
Kiçik vərəqədəki bir markanın dəyəri 1 manatdır.
Poçt
bloklarına gəldikdə isə, onlardan birində Azərbaycanın ümummilli lideri
Heydər Əliyevin fotoşəkli, digərində isə Azərbaycanın dövlət bayrağı və
xəritəsi əks olunmuşdur.
Hər blokun dəyəri 2 manatdır. Bütün
seriyanın bədii tərtibatında ölkəmizin müstəqilliyinin bərpa edilməsinin
20 illik yubileyinə həsr olunmuş xüsusi loqotip vardır.
Təqdimat zamanı üzərində bu markalar olan birinci günün zərflərinə xüsusi möhür vurulmuşdur.
Qəbulda və möhürvurma mərasimində Moldova Respublikası Poçtunun baş direktoru Vladimir Çaban iştirak etmişdir.
Tədbirin iştirakçılarına xatirə kimi birinci günün marka və zərfləri verilmişdir.
Bakı,
AzərTAc