Oktyabrın 17-də İSESCO-nun Mərakeşin paytaxtı Rabat şəhərindəki daimi qərargahında İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərdə Sivilizasiyaların Alyansı üzrə Əlaqələndirmə Mərkəzinin ikinci toplantısı öz işinə başlamışdır.

Azərbaycanın Mərakeşdəki səfirliyindən AzərTAc-a bildirmişlər ki, iki gün davam edəcək tədbirin açılışında İSESCO-ya üzv dövlətlərin nümayəndələri, Mərakeşin xarici işlər və əməkdaşlıq naziri yanında dövlət katibi xanım L.Axərbaş, digər rəsmi şəxslər, İƏT-ə üzv dövlətlərin Rabatdakı səfirləri və mətbuat nümayəndələri iştirak etmişlər.

Toplantında çıxış edən İSESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri sivilizasiyalararası dialoqun müasir dövrdə beynəlxalq təhlükəsizliyin və sülhün gücləndirilməsi, yeni humanist beynəlxalq sistemin yaradılması baxımından əhəmiyyətini vurğulamışdır.

Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünü qeyd etdiyini toplantı iştirakçılarının diqqətinə çatdıran İSESCO-nun baş direktoru bu münasibətlə təşkilatın daimi qərargahının foyesində ölkəmizin Rabatdakı səfirliyi tərəfindən fotosərginin təşkil edildiyini bildirmişdir. Əbdüləziz bin Osman əl-Tüveycri daimi qərargahın yüksək tribunasından Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20 illiyi münasibətilə Prezident İlham Əliyevi və xalqımızı təbrik etmiş, xoş arzularını bildirmişdir.

Əbdüləziz bin Osman əl-Tüveycri BMT Təhlükəsizlik Şurasında ölkəmizin 2012-2013-cü illərdə qeyri-daimi üzvlük üçün namizədliyinin İSESCO və İƏT-ə üzv dövlətlər tərəfindən dəstəklənəcəyinə ümid etdiyini bildirmişdir.

Sonra müasir Bakı haqqında film nümayiş etdirilmişdir.

Daha sonra Əbdüləziz bin Osman əl-Tüveycri, xanım L.Axərbaş və Azərbaycanın Mərakeşdəki səfiri S.Ağabəyov İSESCO-nun daimi qərargahının foyesindəki fotosərginin lentini kəsərək, iştirakçıları ölkəmiz haqqında iri ölçülü rəngli fotolara baxmağa dəvət etmişlər. Tədbir iştirakçıları Azərbaycan nemətləri ilə bəzədilmiş şirniyyat süfrəsinə də qonaq olmuşlar.

Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20 illiyi ilə əlaqədar səfirlik tərəfindən hazırlanmış bukletlər tədbir iştirakçılarının marağına səbəb olmuşdur.

Qeyd edək ki, Mərakeşin ərəbdilli “əl-Aləm” və fransızdilli “La pnion” qəzetlərində səfir S.Ağabəyovun Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümü ilə əlaqədar geniş müsahibələri də dərc olunmuşdur.


Bakı,

AzərTAc