Ankara, 18 oktyabr (AzərTAc). Türkiyənin Qars şəhərində ölkəmizin baş konsulluğunun təşkilatçılığı ilə Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsinin 20-ci ildönümü münasibətilə mərasim keçirilmişdir.
Türkiyənin və Azərbaycanın dövlət himnləri səsləndikdən sonra, ölkəmizin Qarsdakı baş konsulu Ayxan Süleymanov xalqımızın müstəqillik yolunda keçdiyi şərəfli yoldan, ümummilli lider Heydər Əliyevin banisi və xilaskarı olduğu suveren respublikamızın əldə etdiyi nailiyyətlərdən, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycandakı dinamik inkişafdan bəhs etmişdir. Konsul vurğulamışdır ki, bu gün güclü iqtisadiyyata və yüksək döyüş qabiliyyətinə malik olan dövlətimiz Ermənistanın işğal etdiyi torpaqlarımızı hər an azad etməyə qadirdir. Qardaş Türkiyə bizi hər zaman bu məsələdə dəstəkləyir.
Qars valisi Əhməd Kara möhtəşəm bayram münasibətilə Azərbaycan xalqını təbrik etmişdir. O, ulu öndər Heydər Əliyevin “Azərbaycanın müstəqilliyi əbədidir, sarsılmazdır” kəlamını xatırladaraq bütün türk xalqının bunu arzu etdiyini vurğulamışdır.
Mərasim Azərbaycan incəsənət ustalarının, Naxçıvan Dövlət Filarmoniyasının hazırladığı konsert proqramı ilə davam etmişdir.


Oqtay Bayramov
AzərTAc-ın xüsusi müxbiri
Ankara