Vaşinqton, 19 oktyabr (AzərTAc). Vaşinqtonda Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunmuş konfrans keçirilmişdir.

AzərTAc xəbər verir ki, ABŞ Azərbaycanlıları Şəbəkəsi (USAN) və Azərbaycanlı Gənclər Təşkilatının (AAGT) birgə təşkil etdiyi konfransda “ABŞ-Azərbaycan münasibətlərində 20 il ərzində qarşılıqlı anlaşma: yeni nəslin rolu” mövzusunda müzakirələr aparılmışdır.

ABŞ-ın nüfuzlu Corc Meyson Universitetində keçirilən konfransda ABŞ dövlət katibinin müsəlman ölkələri ilə iş üzrə xüsusi nümayəndəsi Fərəh Pandit, Belçika Parlamentinin fəxri prezidenti, Elm və Siyasət İnstitutunda Qafqaz Araşdırmaları Mərkəzinin sədri Anna Marie Lizin, Azərbaycanın ABŞ-dakı səfiri Yaşar Əliyev, ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Riçard Kozlariç, “Qarabağ” Fondunun icraçı direktoru Diana Koen Altman və digər tanınmış natiqlər çıxış etmişlər.

Çıxışlarda ölkəmizin 20 illik müstəqillik dövründə qazandığı nailiyyətlərə nəzər salınmış, Azərbaycan-ABŞ münasibətlərinin inkişaf tarixi və perspektivlərindən danışılmışdır.

ABŞ Azərbaycanlıları Şəbəkəsinin direktoru Adil Bağırov bayram münasibəti ilə Amerikada yaşayan həmvətənlərimizi təbrik etmiş, ABŞ Konqresinin bir sıra üzvlərinin, o cümlədən konqresmen Kris Van Hollen, Rob Utman, Kit Ellisonun adından Azərbaycanın müstəqilliyinin bərpasının 20 illiyi ilə bağlı icmaya göndərilən təbrik məktublarını oxumuşdur.

Tədbirdə çıxış edən Azərbaycanın ABŞ-dakı səfiri Yaşar Əliyev Azərbaycan-Amerika əməkdaşlığının əsas istiqamətlərindən söhbət açmışdır. Bildirmişdir ki, ölkələrimiz arasında diplomatik münasibətlər Azərbaycan üçün olduqca mürəkkəb bir vaxtda qurulmuşdur. Lakin sovet imperiyasının süqutundan sonra digər sabiq müttəfiq respublikalarından fərqli olaraq, keçid dövrünün iqtisadi və sosial çətinlikləri ilə yanaşı, Ermənistanın torpaq iddiaları, silahlı münaqişə və onun ağır nəticələri səbəbindən münasibətlərin inkişafı ləngimişdir. Sovet İttifaqının dağılması ilə Qərb üçün yeni müharibə təhlükəsi aradan qalxsa da Azərbaycan bu gün də Ermənistanın işğalçı siyasəti nəticəsində ənənəvi təhlükəsizlik təhdidləri ilə qarşı-qarşıyadır.

Səfir xatırlatmışdır ki, Cənubi Qafqazda baş verən 2008-ci ilin avqust hadisələri davamlı münaqişələrin dondurulmuş hesab edilməsinin yanlış olmasını bir daha nümayiş etdirmişdir. Təhlükəsizlik məsələləri Azərbaycanın xarici siyasətinin vacib hissəsi kimi ABŞ ilə ikitərəfli əlaqələrin tərkib hissəsidir. Tərəflər həm beynəlxalq, həm də ikitərəfli çərçivədə hərbi əməkdaşlıq qurmuşlar. Ölkələrimiz bir sıra digər ümumi maraqları bölüşür. 1990-cı illərdə ABŞ və Avropa enerji şirkətləri ilə imzalanan müqavilələr Azərbaycanın iqtisadi artımı və sosial transformasiyasına böyük töhfələr vermişdir. Bununla başlayan iqtisadi əməkdaşlığımız elə bir səviyyəyə çatmışdır ki, hazırda Azərbaycan ABŞ-ın maliyyə sektoruna sərmayələr qoyaraq Amerikada iş yerlərinin saxlanılmasına yardım edir.

Səfir Yaşar Əliyev ABŞ-ın güclü dəstəyi ilə reallaşdırılan Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum layihələrin Azərbaycanı qlobal enerji təhlükəsizliyində əhəmiyyətli və etibarlı tərəfdaşa çevirdiyini nəzərə çatdırmışdır. İqtisadi və sosial sahədə nailiyyətlərimiz demokratik islahatlar və vətəndaş cəmiyyətinin qurulması səylərini də sürətləndirmişdir. ABŞ Prezidenti Barak Obama Prezident İlham Əliyev ilə görüşündə Azərbaycanı “gənc demokratiya” adlandırmış, dövlət katibi Hillari Klinton isə ölkəmizə səfəri zamanı ölkələrimiz arasındakı əlaqələrin “dərin, vacib və davamlı” olduğunu vurğulamışdır.

Yaşar Əliyev ikitərəfli münasibətlərimizin dolğun inkişafı üçün Konqres üzvlərini Azadlığa Dəstək Aktına ədalətsiz 907-ci düzəlişi aradan qaldırmağa çağırmışdır.

ABŞ dövlət katibinin müsəlman ölkələri ilə iş üzrə xüsusi nümayəndəsi Fərəh Pandit bu ilin əvvəlində ölkəmizə səfərindən danışaraq bildirmişdir ki, Azərbaycan gəncləri Dövlət Departamentinin “Nifrətə qarşı 2011 saat” etnik müxtəliflikdə anlaşma kampaniyasının fəal iştirakçılarıdır. O, ölkəmizin tarixi tolerantlıq ənənələri ilə dünyanın digər ölkələrinə nümunə olduğunu diqqətə çatdırmışdır.

Belçika Parlamentinin fəxri prezidenti Anna Marie Lizin Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra Avropaya sürətli inteqrasiyasından bəhs etmişdir. Onun sözlərinə görə, Avropa şirkətlərinin Azərbaycana davamlı sərmayə yatırması ölkəmizin gələcəyinə və sabitliyinə inamından irəli gəlir. Azərbaycan hakimiyyətinin insan resurslarının inkişafı və insan kapitalının artırılması siyasətini təqdirəlayiq hal hesab edən natiq bildirmişdir ki, ölkəniz düzgün istiqamətdə addımlayır. O, Azərbaycanı mürəkkəb bölgədə - Qafqazda sözün əsl mənasında müstəqil olan yeganə dövlət adlandırmışdır.

Konfransda, həmçinin ABŞ-Azərbaycan münasibətlərində gənc nəslin və diasporun rolu ətrafında geniş müzakirələr aparılmışdır.

Həmin gün konfrans iştirakçıları Azərbaycanın ABŞ-dakı səfirliyində ümummilli lider Heydər Əliyevin büstünün açılış mərasimində iştirak etmişlər.

Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Cavanşir Vəliyev AzərTAc-a müsahibəsində bildirmişdir ki, belə əlamətdar gündə diaspor fəallarının burada iştirakını görmək çox xoşdur. Ümummilli liderimiz Heydər Əliyev onların qürur mənbəyidir. Məhz Heydər Əliyev 1980-ci illərin sonlarında Moskvada tutduğu yüksək vəzifədən istefa verərək, Kommunist Partiyasının sıralarını tərk etmiş və bununla minlərlə azərbaycanlını eyni addıma ruhlandırmışdır. Xalqımız bundan sonra küçələrə çıxaraq etiraz səsini ucaltmışdır. Heydər Əliyevin bu addımı Azərbaycanda müstəqillik hərəkatının başlanmasının rəmzinə çevrilmişdir. Mən, diaspor üzvlərimizi Heydər Əliyev irsini yaxından öyrənməyə, onu yaymağa, bu irsə layiq olmağa çağırıram.


Şəfəq Akif qızı

AzərTAc-ın xüsusi müxbiri

Vaşinqton