Vyana, 19 oktyabr (AzərTAc). Oktyabrın 18-də ölkəmizin Avstriyadakı səfirliyində Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümü münasibətilə rəsmi ziyafət verilmişdir.

Ziyafətdə Avstriya hökumətinin təmsilçiləri, parlamentin deputatları, Vyanada akkreditə olunmuş diplomatik korpusun və beynəlxalq təşkilatların nümayəndələri, bu ölkədə yaşayan həmyerlilərimiz daxil olmaqla, 700-dən artıq qonaq iştirak etmişdir.

Azərbaycanın Avstriyadakı səfiri Qalib İsrafilov tədbiri açaraq bildirmişdir ki, ölkəmizin dövlət müstəqilliyini yenidən bərpa etdiyi ötən əsrin 90-cı illəri ciddi siyasi və iqtisadi böhranın, Ermənistanın Azərbaycana təcavüzünün baş verdiyi dövrə təsadüf etmişdir. Lakin 1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə gələn ümummilli lider Heydər Əliyevin müdrikliyi və siyasi iradəsi sayəsində gənc Azərbaycan dövlətçiliyi nəinki qorunub saxlanmış, ölkədə vətəndaş müharibəsi təhlükəsinə son qoyulmuş, sabitlik bərpa olunmuş və iqtisadiyyatımız inkişaf etməyə başlamışdır. Azərbaycanın gələcəyi ilə bağlı Heydər Əliyevin qəbul etdiyi strateji qərarlar, tutduğu siyasi kurs, reallaşdırılan transmilli layihələr, neft və qaz sazişləri Azərbaycan iqtisadiyyatını dirçəltməklə yanaşı, ölkəmizin Cənubi Qafqazda lider dövlətə çevrilməsinə zəmin yaratmışdır.

İyirmi illik tarix böyük zaman kəsiyi olmasa da, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonrakı bu illər ərzində böyük uğurlara imza atmışdır. Ölkədə aparılan quruculuq işləri, beynəlxalq aləmdə Azərbaycanın nüfuzunun artması, bir çox ölkələrlə qurulmuş tərəfdaşlıq əlaqələri respublikamızı etibarlı tərəfdaş kimi tanıtmışdır. Bu gün Cənubi Qafqazın iqtisadi gücünün 83 faizi Azərbaycanın payına düşür və bu amil ölkəmizin uğurlu inkişaf yolunda olduğuna bariz nümunədir.

Ötən günlərdə Avstriyanın Federal Prezidenti Haynts Fişerin Azərbaycana ilk rəsmi səfərinin reallaşması, yüksək səviyyədə baş tutan siyasi dialoq, Avstriya və Azərbaycan şirkətlərinin iştirakı ilə təşkil edilmiş biznes forum, Bakıda dahi bəstəkar Volfqanq Amadeus Motsartın abidəsinin ucaldılması iki ölkə arasında müxtəlif sahələrdə uğurlu əməkdaşlıq əlaqələrinin qurulduğunu göstərir.

Tədbirin bədii hissəsində tanınmış azərbaycanlı cazmen, Montrö caz festivalının qalibi Emil Əfrasiyabın rəhbərliyi ilə Ruslan Hüseynov (bass gitara), Şirzad Fətəliyev (balaban və zurna) və İsgəndər Ələsgərovdan (zərb alətləri) ibarət folk-caz musiqi qrupu “İki dünya” adlı musiqi proqramı ilə çıxış etmişdir. Konsertdə Emil Əfrasiyabın bəstələdiyi və caz, klassik musiqi və Azərbaycan xalq musiqisi kimi müxtəlif janrların uğurlu sintezini özündə ehtiva edən “İki dünya” kompozisiyası, “Sarı gəlin”, “Laçın”, “Yallı” üçün caz improviyasiyaları, Azərbaycan bəstəkarlarının əsərləri ifa olunmuşdur.

Rəsmi ziyafətdə qonaqlara milli mətbəximizin ləziz xörəkləri, eləcə də üzərində Azərbaycan xəritəsi və dövlət atributları təsvir olunmuş tort təqdim edilmişdir.


Elgün Niftəliyev

AzərTAc-ın xüsusi müxbiri

Vyana