Tallinn, 19 oktyabr (AzərTAc). Estoniyada fəaliyyət göstərən “Aydan” Azərbaycan Mədəniyyət Mərkəzi oktyabrın 18-də Tallinn ratuşasında Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa edilməsinin 20 illiyinə həsr olunmuş təntənəli tədbir təşkil etmişdir. Tədbirdə Estoniyanın keçmiş Prezidenti Arnold Ryuytel, Riyqikoqunun deputatları, diplomatik korpusun və Azərbaycan icmasının nümayəndələri, nazirlik və departamentlərin əməkdaşları, sahibkarlar, KİV nümayəndələri iştirak etmişlər.

Tədbirdən əvvəl Azərbaycanın və Estoniyanın dövlət himnləri səslənmişdir.

Riyqikoqunun deputatı, Azərbaycan-Estoniya parlamentlərarası dostluq qrupunun sədri Eldar Əfəndiyev tədbirə toplaşanları salamlamışdır. E.Əfəndiyev tədbir iştirakçılarını Azərbaycanın müstəqilliyinin 20-ci ildönümü münasibətilə təbrik edərək Estoniya paytaxtının hökumətinə bu bayram tədbirinin keçirilməsi üçün ənənəyə sadiq qalaraq bu tarixi məkanı təqdim etdiyinə görə təşəkkürünü bildirmişdir.

Azərbaycanın Estoniyadakı səfirliyinin müşaviri öz çıxışında Azərbaycanın dövlət müstəqilliyinin tarixi barədə söhbət açmış, bu müstəqilliyin bərpasında ulu öndər Heydər Əliyevin tarixi rol oynamasını vurğulamışdır.

Estoniya Mədəniyyət Nazirliyinin mədəni müxtəliflik və xarici əlaqələr məsələləri üzrə vitse-kansleri Anne-Li Reymaa tədbirə toplaşanları Azərbaycanın müstəqilliyinin bərpasının 20-ci ildönümü münasibətilə təbrik edərək bildirmişdir ki, Azərbaycan icması Estoniyada ən mütəşəkkil milli azlıqlardan biridir.

Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin aparat rəhbəri Surəddin Hümbətov tədbir iştirakçılarına Azərbaycanın keçdiyi tarixi yol, Azərbaycan torpaqlarının 20 faizinin Ermənistan tərəfindən işğal edilməsi, Azərbaycanın dövlət müstəqilliyinin bərpasında Heydər Əliyevin rolu barədə ətraflı informasiya verərək qeyd etmişdir ki, müstəqillik illərində Azərbaycanda demokratiyanın inkişafı, insan hüquqlarının müdafiəsi, qanunun aliliyinin bərqərar olması istiqamətində böyük iş aparılmışdır. S.Hümbətov demişdir ki, bu gün Azərbaycan praktiki olaraq bütün beynəlxalq təşkilatların üzvüdür. Son illərdə Azərbaycanda inkişaf dünya birliyinin tarixində analoqu olmayan sürətlə gedir. Son səkkiz ildə ölkə iqtisadiyyatının həcmi 300 faiz artmış, 950 min yeni iş yeri açılmış, ölkədə sosial-ədalət bərqərar olmuşdur.

Tallinin vitse-meri Mixail Kılvart çıxışında qeyd etmişdir ki, Azərbaycan Estoniyadan uzaqda yerləşsə də, “bu ölkə bizə yabançı deyildir”. İki ölkənin tarixində oxşar səhifələr çoxdur. Hər iki ölkə keçən yüzillikdə, məhz 20 il bundan əvvəl dövlət müstəqilliyi qazanmışdır.

M.Kılvart Azərbaycan diasporunun Estoniyada apardığı fəal iş barədə söhbət açaraq demişdir: “Ən xoşagələn məqam ondan ibarətdir ki, Azərbaycanın bir sıra tanınmış idmançıları xaricdə Estoniya bayrağı altında çıxış edirlər”.

Bayram tədbirinin sonunda “Aydan” Azərbaycan Mədəniyyət Mərkəzinin sədri Niyazi Hacıyev Estoniya hökumətinə təşəkkürünü bildirərək vurğulamışdır ki, bu hökumətin köməyi sayəsində möhkəmlənmiş Azərbaycan diasporu hazırda Estoniyanın ən fəal milli icmalarından biridir. N.Hacıyev 1988-ci ildə Estoniyada təhsil alan azərbaycanlı tələbələrin əlləri ilə hazırlanmış Azərbaycan bayrağını qonaqlara təqdim etmişdir.

Tədbirdə Azərbaycan musiqisi ifa edilmiş, estoniyalı musiqiçilərin ifasında əfsanəvi Azərbaycan müğənnisi Müslüm Maqomayevin repertuarından mahnılar səslənmişdir.

Qonaqlar Azərbaycan milli mətbəxinin ləziz nümunələrini dadmışlar.


Nigar Hüseynova

AzərTAc-ın xüsusi müxbiri

Tallin