Vaşinqton, 26 oktyabr (AzərTAc). Azərbaycan Respublikasının Los Anceles şəhərindəki Baş Konsulluğundan AzərTAc-a daxil olan məlumata görə, ABŞ-ın Kaliforniya ştatının Monterey şəhərində Azərbaycanın müstəqilliyinin bərpasının 20 illiyi bir sıra tədbirlərlə qeyd edimişdir.

Kaliforniyanın tarixi paytaxtı Montereyin tanınmış “Colton Hall” muzeyində təşkil edilən ziyafətdə Monterey şəhərinin meri Çak Della Salla Milli Məclisin deöutatı Asim Mollazadənın başçılıq etdiyi Azərbaycan nümayəndə heyətinə Şəhər Şurasının oktyabrın 18-ni “Azərbaycan İrsi Günü” elan edilməsi barədə bəyannaməsini təqdim etmişdir. Çak Della Salla bayram münasibətilə Azərbaycan nümayəndə heyətinə təbriklərini çatdırmış və xatırlatmışdır ki, Azərbaycanın Lənkəran şəhəri ilə Monterey qardaşlaşmış şəhərlərdir. İki şəhər arasında qurulmuş fəal əlaqələr ölkələrimiz arasındakı münasibətlərin inkişafına öz töhfəsini verməkdədir.

Milli Məclisin deputatı Asim Mollazadə və Nəsimi Rayonu İcra Hakimiyyəti başçısı Nəsib Məhəməliyev ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra keçdiyi uğurlu yoldan danışmış, ABŞ və Azərbaycanın strateji tərəfdaşlıq münasibətlərinə toxunmuş, Azərbaycanın bu münasibətləri həm hökumətlər, həm ştat, həm də şəhərlər səviyyəsində inkişaf etdirilməsində, xalqlarımız arasında bütün sahələrdə qarşılıqlı əməkdaşlığın gücləndirilməsində maraqlı olduğunu vurğulamışlar.

Mərasimdə, həmçinin Kaliforniyanın ABŞ Konqresindəki təmsilçisi Sem Farın Azərbaycanın 20 illik müstəqillik bayramı münasibətilə göndərdiyi təbrik məktubu oxunmuşdur.

Daha sonra Azərbaycan mənşəli amerikalı rəssam Yavər Rzayevin rəsm əsərlərindən ibarət “Könlüm keçir Qarabağdan” adlı sərginin açılışı olmuşdur. Üçgünlük sərgidə Azərbaycanın Qarabağ bölgəsinin əsrarəngiz təbiətini yağlı boyalarla təsvir edən tablolar nümayiş etdirirlirdi.

Azərbaycan nümayəndə heyəti həmçinin Montereyin mərkəzi parklarından birində Lənkəran və Monterey şəhərlərinin qardaşlıq münasibətləri şərəfinə əkilən ağac və lövhə ilə tanış olmuşdur. Şəhər Şurasının üzvü Nənsi xanım Selfric qeyd etmişdir ki, ağac böyüdükcə iki şəhərin insanları arasında münasibətlər də inkişaf edəcək və möhkəmlənəcəkdir.

Azərbaycan nümayəndə heyətinin Monterey şəhərinə səfəri və Yavər Rzayevin rəsm əsərlərindən ibarət sərgi Monterey yarımadasının ən geniş saylı “Monterey Herald ” qəzeti tərəfindən işıqlandırılmışdır.


Şəfəq Akifıqızı

AzərTAc-ın xüsusi müxbiri

Vaşinqton