Bakı, 29 oktyabr (AzərTAc). Ukraynanın Poltava İqtisadiyyat və Ticarət Universiteti (PİTU) nəzdindəki Azərbaycan Mədəniyyət və Təhsil Mərkəzində Azərbaycanın Dövlət Müstəqilliyi Gününə həsr edilmiş tədbir olmuşdur.

Mərkəzin direktoru Yaşar Alxasov AzərTAc-a bildirmişdir ki, tədbirdə PİTU-nun rektoru Aleksey Nestulya, Poltavada Azərbaycan diasporunun nümayəndələri, tələbələr və müəllimlər iştirak etmişlər.

Azərbaycan Mədəniyyət və Təhsil Mərkəzi Bakı Slavyan Universiteti və PİTU arasında imzalanmış müqavilə əsasında yaradılmışdır.

Y.Alxasov bildirmişdir ki, tədbir iştirakçıları Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsinin tarixindən, ölkənin suveren olduğu 20 il ərzində sürətlə inkişafından söz açmışlar. Direktor demişdir: “Biz çalışdıq ki, tədbir iştirakçıları tariximiz, mədəniyyətimiz və təhsil sistemimiz haqqında ətraflı informasiya alsınlar. Bakı Slavyan Universitetinin bilavasitə iştirakı ilə Ukraynada yaradılmış mərkəzin fəaliyyəti xalqlarımız arasında dostluq münasibətlərinin və mədəni əlaqələrin möhkəmlənməsinə istiqamətlənmişdir”.

Y.Alxasov bildirmişdir ki, tədbirdə Azərbaycan haqqında film nümayiş etdirilmişdir. Tələbələr T.Şevçenkonun “Dua” şeirini Azərbaycan dilində, Səməd Vurğunun “Azərbaycan“ şeirini Ukrayna dilində oxumuşlar. İştirakçılar mərkəzdə yaradılmış və Azərbaycana həsr olunmuş kitab sərgisi ilə tanış olmuşlar. Tədbirin fəal iştirakçılarına hədiyyələr verilmişdir.