ABŞ-da və Kanadada fəaliyyət göstərən Şimali Amerika Azərbaycanlı Gənclər şəbəkəsi AYNA və Toronto universitetinin Azərbaycanlı Gənclər Assosiasiyası noyabrın 4-də Toronto şəhərində Azərbaycanın müstəqilliyinin 20-ci ildönümünə həsr olunmuş “Azərbaycan:20 il sonra” mövsuzunda elmi konfrans təşkil edib. Azərbaycan-Amerika Şurasının dəstəyi ilə keçirilən konfransda Ontario Qanunvericilik Assambleyasının üzvləri Monte Kvinter və Reza Moridi, habelə Toronto universitetinin dosenti Metyu Layt məruzə ilə çıxış ediblər.
Konfransın açılışında nitq söyləyən Toronto universitetinin Azərbaycanlı Gənclər Assosiasiyasının prezidenti İsgəndər Qədirzadə Azərbaycanın 1991-ci ildə SSRİ-nin dağılmasından sonra müstəqilliyinin bərpası tarixi haqda toplaşanlara məlumat verib.
Ontario Qanunvericilik Assambleyasının üzvləri Reza Moridi və Monte Kvinter Azərbaycana səfərləri zamanı aldıqları təəssüratlarla bölüşüblər. Ontario Ticarət və İnvestisiya məsləhət Şurasının sədri kimi Azərbaycana səfər edən Monte Kvinter Azərbaycanı keçmiş Sovet İttifaqının digər respublikaları müqayisə etmiş və Azərbaycanın əldə etdiyi nailiyyətləri qeyd etmişdir. Doktor Reza Moridi çıxışında Azərbaycanda 1918-cu ildə müsəlman dünyasında ilk demokratik respublikanın yarandığını xatırlatmış və Azərbaycanın son 20 ildə əldə etdiyi inkişafları göstərmişdir. O, Azərbaycana ikinci səfəri zamanı ölkədə daha güclü siyasi və iqtisadi təsisatların yarandığının şahidi olduğunu bildirmişdir.
Azərbaycan-Amerika Şurasının Amerikanın səsinə verdiyi məlumata əsasən, tədbirin sual-cavab hissəsində doktor Moridi Kanada və Azərbayan arasında daha güclü siyasi və mədəni əlaqələrin yaranmasına ehtiyacın olduğunu vurğulayıb.
Toronto universitetinin dosenti Metyu Layt Rusiyada Azərbaycan diasporu haqda məlumat vermiş, Rusiya və Kanadada Azərbaycan diasporlarını müqayisə etmiş və azərbaycanlılar üçün Kanadada imkanların olduğunu qeyd etmişdir.
Tədbir iştirakçıları Kanada və Azərbaycan gənclərinin iki ölkə arasında əlaqələrin yaradılması və inkişaf etdirilməsində mühüm rol oynaya biləcəyini xüsusi qeyd ediblər.
Toronto universitetində keçirilən tədbirdə tələbələr, Azərbaycan və türk icmalarının üzvləri, Kanadanın Türk Assosiasiyaları federasiyasının nümayəndələri iştirak ediblər.