Cari ilin 8-9 noyabr tarixlərində İtaliyanın Çerveteri və 10-11 noyabr tarixlərində Fonte Nuova şəhərlərində Azərbaycanın İtaliyadakı Səfirliyinin təşkilatçılığı ilə Azərbaycan Respublikasının müstəqilliyinin bərpa olunmasının 20-ci illiyinə həsr edilmiş fortepiano konserti təşkil edilib. Bu barədə APA-ya Azərbaycan Respublikasının İtaliya Respublikasındakı səfirliyindən məlumat verilib. Konsertdə gənc azərbaycanlı pianoçu, Xəzər Universitetinin musiqi və incəsənət departamentinin müdiri Zülfiyyə Sadıqova Azərbaycan və Avropa bəstəkarlarının əsərlərindən ibarət solo konsertlə çıxış edib.
Konsertləri giriş sözü ilə Çerveteri şəhərinin meri Cino Çolli və Fonte Nuova şəhərinin meri Qratsiano Di Buo açaraq, xalqlar arasında dostluq münasibətlərinin dərinləşməsi üçün mədəniyyət sahəsində əməkdaşlığın əhəmiyyətini vurğulayaraq konsert proqramının təşkilinə görə Azərbaycan tərəfinə təşəkkürlərini bildiriblər. Daha sonra, Azərbaycanın İtaliyadakı səfiri Vaqif Sadıqov söz alaraq, bu il Azərbaycanda ölkəmizin dövlət müstəqilliyinin bərpa edilməsinin 20 illiyinin qeyd edildiyi barədə məlumat verib, bu 20 il ərzində Azərbaycanın Cənubi Qafqazda güclü iqtisadiyyata malik lider ölkəyə çevrildiyini vurğulamışdır və İtaliya ilə Azərbaycan əlaqələrindən söhbət açaraq bu əlaqələrin bütün sahələrdə yüksələn xətlə inkişaf etdiyini qeyd edib. Səfir Sadıqov iki ölkənin regionları arasında da əməkdaşlığın inkişaf etdiyini və bu regionlarla dostluq əlaqələrin gücləndiyini bildirib.
Konsert proqramı və Zülfiyyə Sadıqovanın ifası qonaqların böyük marağına səbəb olub.