Bakı, 19 noyabr (AzərTAc). Noyabrın 18-də Azərbaycanın İtaliyadakı səfirliyinin dəstəyi ilə Romada İtaliyanın “La Sapienza” Universiteti tərəfindən Azərbaycanın müstəqilliyinin bərpasının 20 illiyinə həsr edilmiş konfrans keçirilmişdir. Konfransı “La Sapienza” Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru professor Antonello Biacini açmışdır. Tədbirdə Bakı Dövlət Universitetinin professoru Cəmil Həsənli, dosenti Altay Göyüşov və İtaliyanın “La Sapienza” Universitetinin professorları Andrea Karteni, Alessandro Vanini, Qabriele Natalizia məruzə ilə çıxış etmişlər.
Konfransda İtaliyanın Azərbaycandakı keçmiş səfiri Canluici Maşia, bu il oktyabrın 25-28-də Azərbaycanda səfərdə olmuş italiyalı professorlar Ancelo Kianeze və Françesko Qui, həmçinin oktyabrın 18-20-də Azərbaycanda keçirilmiş Dünya Gəncləri Festivalında iştirak etmiş italiyalı tələbələr ölkəmizlə bağlı təəssüratlarını bölüşmüşlər. Tədbirdə “La Sapienza” Universitetinin və Romadakı digər ali təhsil müəssisələrinin tələbə və müəllimləri iştirak etmişlər.
Konfransda səslənən məruzələr tədbir iştirakçılarının böyük marağına səbəb olmuşdur.