Vatikan, 30 noyabr (AzərTAc). Noyabrın 29-da Heydər Əliyev Fondunun təşəbbüsü və Azərbaycanın Vatikandakı səfirliyinin dəstəyi ilə Vatikanda Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa edilməsinin 20-ci ildönümünə həsr olunmuş təntənəli mərasim keçirilmişdir.
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva mərasimdə iştirak etmişdir.
Mərasimdən əvvəl Azərbaycanın birinci xanımı Vatikanın mədəniyyət naziri, kardinal Can-Franko Ravazi ilə görüşdü.
Vatikanın mədəniyyət naziri bu görüşü Azərbaycana səfərinin davamı adlandırdı, Heydər Əliyev Fondu ilə tanışlığını xatırladı. Kardinal Azərbaycanın Vatikandakı Apostol kitabxanasında həyata keçirdiyi layihənin əhəmiyyətini vurğulayaraq dedi ki, bu zəhmətli iş nəticəsində Azərbaycan haqqında 42 manuskriptdən 15-i bərpa olunmuşdur.
Mehriban xanım Əliyeva Azərbaycan ilə Vatikan arasında formalaşmış sıx əməkdaşlıqdan məmnunluğunu ifadə etdi. Heydər Əliyev Fondunun prezidenti həyata keçirilmiş birgə layihələrdə Vatikanın rolunu yüksək qiymətləndirdi və bu münasibətlərin gələcəkdə daha da genişlənəcəyinə əminliyini bildirdi.
Sonda qarşılıqlı hədiyyələr təqdim olundu.