Sankt-Peterburq şəhərindəki Rusiya Etnoqrafiya Muzeyində Azərbaycanın müstəqilliyinin bərpasının 20 illiyi ilə bağlı həvəskar rəssamların və xalq tətbiqi sənət ustalarının əsərlərindən ibarət sərgisi açılıb. SİA-nın xəbərinə görə, sərgidə 56 müəllifin 120-dək rəngkarlıq və dekorativ-tətbiqi sənət əsəri nümayiş etdirilir. Tədbir Rusiya Etnoqrafiya muzeyi, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki mərkəzinin və ölkəmizin Sankt-Peterburqdakı Baş konsulluğunun təşkilatçılığı, şəhər administrasiyasının və regional ictimai təşkilat “Sankt-Peterburq Azərbaycan diasporu”nın dəstəyi ilə həyata keçirilir. Sərginin açılması münasibətilə keçirilən mərasimdə 350 nəfər iştirak edib.
Sərginin açılışında Sankt-Peterburq administrasiyasının nümayəndələri, şəhərdə akkreditə olunmuş diplomatik missiya rəhbərləri, o cümlədən Fransa, Almaniya, Latviya, Koreya, Türkiyənin və digər ölkələrin baş konsulları, Azərbaycan diasporunun təmsilçiləri, tələbə və gənclər, Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin himayəsində olan Sankt-Peterburq 163 nömrəli məktəbin şagirdləri, müəllimləri, ictimaiyyət nümayəndələri və digər fəxri qonaqlar iştirak ediblər.
Tədbirdə çıxış edən Rusiya Etnoqrafiya Muzeyinin direktoru Vladimir Grusman 2009-cu ildə Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin dəstəyi ilə keçirilən “Odlar yurdu” sərgisini xatırlayaraq, muzeydə Azərbaycan sərgilərinin keçirilməsinin artıq ənənəvi hal olduğunu diqqətə çatdırıb. V.Grusman bu sərginin xalqlar arasında mədəni dialoq sahəsindəki mühüm əhəmiyyətini qeyd edib.
Sankt-Peterburq Administrasiyası xarici əlaqələr komitəsinin sədri Aleksandr Proxorenko Sankt-Peterburq və Azərbaycan arasında mədəni əlaqələrin durmadan genişləndiyni qeyd edib və bu sərginin də böyük maraq kəsb edəcəyinə əminliyini bildirib.
Baş konsul Qüdsi Osmanov çıxışında Azərbaycanın müstəqilliyinin əldə olunmasında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin müstəsna rolunu qeyd edərək, 20 il ərzində dövlətimizin nail olduğu inkişaf və aparılan uğurlu islahatlardan söz açıb. O, Rusiya ilə Azərbaycan arasında mədəni və humanitar əlaqələrin genişlənməsində Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin xüsusi rolunu vurğulayaraq, nümayəndəlik tərəfindən Sankt-Peterburqda həyata keçirilən layihələr barədə, o cümlədən nümayəndəliyin himayəsində olan şəhərdəki 163 nömrəli ümumtəhsil orta məktəbinə göstərilən qayğı haqqında tədbir iştirakçılarına məlumat verib.
Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi elmi-metodiki mərkəzinin direktoru Vilayət İsmayılov sərgidəki rəsm və tətbiqi sənət əsərlərinin Azərbaycan xalqının zəngin mədəni irsinin nümunəsi olduğunu qeyd edib. Sankt-Peterburq Dövlət Universiteti Şərqşünaslıq fakültəsinin dekanı Yevgeni Zelenev, regional ictimai təşkilat “Sankt-Peterburq Azərbaycan diasporu”nın rəhbəri Heydər İmanov və başqa çıxışçılar sərginin böyük əhəmiyyətindən danışıblar.
Sonda Baş konsul Q.Osmanov Heydər Əliyev Fondunun vitse-presidenti Leyla Əliyevanın tapşırığı ilə muzeyə “Muğam triosu” bədii kompozisiyasını hədiyyə edib. Muzeyin direktoru V.Grusman kompozisiyanın muzeydə mütəmadi fəaliyyət göstərən sərgidə nümayiş olunacağını bildirib. Tədbirdə iştirak edən 163 nömrəli məktəbin şagird və müəllimlərinə Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyi tərəfindən hədiyyələr təqdim edilib.