Daşkənd, 17 sentyabr (AzərTAc). Azərbaycanın Özbəkistandakı səfirliyi Daşkənddəki "Mədəniyyət və İncəsənət Forumu" Fondu ilə birgə Milli İncəsənət Mərkəzində Azərbaycanın müstəqilliyinin bərpasının 20 illiyinə həsr olunmuş "Azərbaycan günü" keçirmişdir.

Tədbirdə Daşkənddə fəaliyyət göstərən səfirlər, Özbəkistanın ədəbiyyat, mədəniyyət və incəsənət xadimləri, Azərbaycan diasporunun üzvləri, jurnalistlər iştirak etmişlər.

Mərasimə toplaşanları Azərbaycanın Özbəkistandakı səfiri Namiq Abbasov salamlamış, Azərbaycan Xalq Cümhuriyyətinin tarixi haqqında danışmış, müstəqilliyin bərpa olunmasından sonra əldə edilən uğurlar haqqında məlumat vermişdir. Səfir son illərdə ölkəmizin iqtisadi dirçəlişi üzərində xüsusi dayanmışdır.

Səfir demişdir: "Ölkələrimiz arasında əlaqələrin bugünkü səviyyəyə qalxmasında ulu öndər Heydər Əliyev və Özbəkistan Prezidenti İslam Kərimovun böyük xidmətləri olmuşdur və bu gün Azərbaycan Prezidenti İlham Əliyev ümummilli liderin siyasi xəttini davam etdirir".

Akademik Səidaxror Qulamov və Mərkəzin direktoru Elmira Əhmədova ölkələrimiz arasında bütün sahələrdə əlaqələrin yüksək səviyyədə olduğunu qeyd etmiş, belə mədəni tədbirlərin tez-tez keçirilməsinin vacibliyinə toxunmuşlar.

Sonra mərasimə dəvət edilənlər "Azərbaycanın dövlət rəmzləri", Özbəkistan-Azərbaycan dostluğundan bəhs edən "Bizim dostluğumuz əbədidir", "Azərbaycanın müstəqilliyi əbədidir, dönməzdir" və "Azərbaycanın paytaxtı Bakı - dünən, bu gün, sabah" adlı ekspozisiyalarına tamaşa etmişlər.

Burada ulu öndər Heydər Əliyevin həyatı və fəaliyyəti ilə əlaqədar kitablar və fotoalbomlar, Azərbaycan Prezidenti İlham Əliyevin apardığı daxili və xarici siyasəti əks etdirən nəşrlər, Heydər Əliyev Fondunun hazırladığı kitablar da nümayiş etdirilmişdir.

Digər salonda isə "Azərbaycan xalçaları", "Azərbaycan milli musiqi alətləri", "Azərbaycan milli geyimləri" və rəssam Səttar Bəhlulzadənin əsərlərindən ibarət sərgilər də buraya gələnləri heyran etmişdir.

Qonaqlar Azərbaycan musiqisinə qulaq asmış, milli şirniyyata qonaq olmuşlar.


Qulu Kəngərli

AzərTAc-ın xüsusi müxbiri

Daşkənd