Yaponiya parlamentində Azərbaycanın dövlət müstəqilliyinin 20 illiyinə həsr olunmuş iclas keçirilib (6 dekabr 2011)
Bakı-APA. Azərbaycanın Yaponiyadakı səfirliyinin təşəbbüsü ilə Yaponiya
parlamentində Azərbaycan Respublikasının dövlət müstəqilliyinin
bərpasının 20 illik ildönümünə həsr edilmiş “Azərbaycan Respublikası –
20 ildə sürətli inkişafın nümunəsi” adlı iclas keçirilib. Xarici İşlər
Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, İclasda
Yaponiya parlamentinin, o cümlədən, Azərbaycan-Yaponiya
parlamentlərarası dostluq liqasının üzvləri, Yaponiyanın Xarici İşlər
Nazirliyinin nümayəndələri iştirak ediblər.
İclasda çıxış edən
Azərbaycan-Yaponiya parlamentlərarası dostluq liqasının Yaponiya
tərəfindən həmsədri Akira Amari Azərbaycanın ümummilli lideri Heydər
Əliyevin 1998-ci ilin 24-28 fevral tarixlərində Yaponiyaya ilk rəsmi
səfərini xatırlayaraq, bu səfərin ikitərəfli münasibətlərin inkişafına
təkan verdiyini, Azərbaycan prezidenti İlham Əliyevin 2006-ci il 7-10
mart tarixlərində Yaponiyaya rəsmi səfərinin əməkdaşlığa yeni səhifə
açdığını vurğulayıb, səfər çərçivəsində Azərbaycan-Yaponiya
parlamentlərarası dostluq liqasının sədri və üzvləri ilə keçirilmiş
görüşü məmnunluqla xatırladıb.
Daha sonra səfir Gürsel İsmayılzadə
müstəqilliyin bərpa edildiyi son iyirmi il ərzində Azərbaycanın əldə
etdiyi uğurlar, dövlətçiliyin möhkəmləndirildiyi, eləcə də sosial,
siyasi, iqtisadi sahədə mütərəqqi islahatların həyata keçirildiyini
iştirakçıların diqqətinə çatdırıb. Atılmış bu addımlar nəticəsində
ölkəmizin sabit siyasi sistemə malik demokratik dövlətə çevrildiyi qeyd
olunub, ölkə rəhbərliyinin həyata keçirdiyi uğurlu iqtisadi siyasət
nəticəsində son illər ərzində ÜDM-in bir neçə dəfə artdığı, sərmayə
qoyuluşu üçün əlverişli hüquqi mühitin yaradıldığı bildirilib.
G.İsmayılzadə
Azərbaycanın iqtisadiyyatı, enerji siyasəti, ölkəmizdə həyata keçirilən
və nəzərdə tutulan müxtəlif layihələr və son illərdə əldə olunmuş
nailiyyətlər barədə geniş məlumat verib. Dünya enerji təhlükəsizliyinin
təmin olunmasında ölkəmizin oynadığı mühüm rol qeyd olunub,
reallaşdırılmış və gələcək enerji layihələri barədə məlumat verilib.
Bununla yanaşı, Azərbaycan hökumətinin qeyri-neft sektorunun inkişafına
xüsusi diqqət yetirdiyi vurğulanmış, sənaye, turizm, kənd təsərrüfatı,
alternativ və bərpa olunan enerji kimi sahələrdə geniş imkanların mövcud
olduğu bildirilib.
Görüş zamanı Azərbaycanın etibarlı tərəfdaş kimi
beynəlxalq münasibətlər sistemində özünü doğrultduğu diqqətə
çatdırılıb, ölkəmizin 2012-13-cü illərdə BMT Təhlükəsizlik Şurasının
qeyri-daimi üzv seçilməsi faktının bunun bariz nümunəsi olduğu
bildirilib.
Eyni zamanda, səfir Ermənistanın Azərbaycana qarşı
təcavüzü, Azərbaycan ərazisinin 20%-nin işğalı, işğal nəticəsində bir
milyondan çox əhalinin qaçqın və köçkün vəziyyətinə düşdüyü haqda
məlumat verib. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı
Ermənistanın tutduğu qeyri-konstruktiv mövqe, Ermənistanın beynəlxalq
təşkilatların, o cümlədən BMT-nin Təhlükəsizlik Şurasının qəbul etdiyi
qətnamələrə əhəmiyyət verməməsini qeyd edib.
Sonda səfir turizm
sahəsinə toxunaraq, turizmin inkişafı üçün həyata keçirilən müxtəlif
layihələr barədə geniş məlumat verib və ölkəmizin tarixini və
mədəniyyətini, turizm sahəsini əks etdirən video rolik nümayiş
etdirilib.
Daha sonra Yaponiya Xarici İşlər Nazirliyinin Mərkəzi
Asiya və Qafqaz şöbəsinin müdiri Masaki İkegami çıxış edərək, Azərbaycan
Respublikasının iqtisadi göstəricilərinə görə regionun lider dövlət
olduğunu vurğulayıb, bu göstəricilərə görə Ermənistan və Gürcüstanı
xeyli qabaqladığını qeyd edib. Həmçinin, cari ilin 22-23 noyabr
tarixlərində Bakıda keçirilmiş növbəti Azərbaycan-Yaponiya iqtisadi
əməkdaşlıq komissiyasının iclasında iştirak etdiyini bildirib və iclas
barədə məlumat verib. Şöbə rəisi ilk dəfə ölkəmizdə 1995-ci ildə
olduğunu bildirib və həmin dövrdən keçmiş 16 il ərzində Azərbaycanın
yüksək səviyyətə inkişaf etdiyinin əyani şahidi olduğunu vurğulayıb.
İclasda
yekun olaraq Azərbaycan-Yaponiya Parlamentlərarası Dostluq Liqasına Baş
Katibi Akihiro Ohata çıxış edib, Azərbaycanın Yaponiya üçün regionda
mühüm dövlət olduğunu bildirib.