ABŞ-ın Montana ştatının qubernatoru Stiv Bullok oktyabrın 18-ni Montana ştatında Azərbaycanın Müstəqilliyi Günü elan edib.

Qubernator bunu Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayevə ünvanladığı xüsusi təbriknamədə bildirib. S.Bullok Azərbaycanın müstəqilliyinin bərpası və qorunub saxlanılması yolunda Azərbaycan xalqının göstərdiyi əzmkarlığı alqışladığını vurğulayıb. Qubernator son 25 ildə Azərbaycan Respublikasının müxtəlif dini etiqad və mədəniyyət daşıyıcılarının sülh içərisində birgə yaşayışı üçün beynəlxalq aləmdə uğurlu model kimi tanındığını qeyd edib. O, 18 oktyabr tarixini Montana ştatında Azərbaycanın Müstəqilliyi Günü elan etməkdən şərəf hissi duyduğunu vurğulayaraq, ştatın bütün sakinlərini bu əlamətdar bayram sevincinə qoşulmağa çağırıb.

ABŞ-ın Nevada ştatının qubernatoru Brayan Sandoval da azərbaycanlıları təbrik edib. Belə ki, qubernator Azərbaycanın Los-Ancelesdəki baş konsulluğuna xüsusi təbrik şəhadətnaməsi göndərərək, Azərbaycanın Dövlət Müstəqilliyi Günü münasibətilə xoş arzularını çatdırıb.

Yusif Babanlı

AZƏRTAC-ın xüsusi müxbiri

Los-Anceles