Oktyabrın 19-da Avstraliya Federal Parlamentində Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümünə həsr olunan qəbul keçirilib.

Milli Məclisin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycan ilə parlamentlərarası dostluq qrupunun üzvü senator Bək Kristofer Con qəbulda iştirak edən qonaqlarla Azərbaycan haqqında öz xatirələrini bölüşüb. O bildirib ki, bu yaxınlarda Azərbaycana səfər edib, bu ölkədə keçirilən referendumda müşahidəçi qismində iştirak edib. Qeyd edib ki, Azərbaycanda referendumda şəffaflıq və səsvermə prosesinə nəzarət çox yüksək səviyyədə təşkil olunmuşdu. “Azərbaycan xalqı çox qonaqpərvərdir”, - deyən senator Avstraliya ilə Azərbaycan arasında bütün sahələrdə əməkdaşlığın inkişafının vacibliyini vurğulayıb, kənd təsərrüfatı, ticarət və digər istiqamətlərdə əlaqələrin dərinləşdirilməsi üçün böyük imkanlar olduğunu qeyd edib.

Tədbirdə çıxış edən Azərbaycan ilə parlamentlərarası dostluq qrupunun üzvü, Avstraliya parlamentinin deputatı Kelli Kraiq Robert ölkəmizə səfərindən danışaraq Şəhidlər xiyabanını ziyarətini xatırlayıb. O, Azərbaycanın müstəqilliyi uğrunda həlak olan insanlardan danışıb. Qeyd edib ki, Azərbaycan çox mürəkkəb bir regionda yerləşir. Deputat paytaxtımızın gözəl arxitekturaya malik olduğunu söyləyib.

Qəbulda çıxış edən Milli Məclisin deputatı, Avstraliya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Xanlar Fətiyev ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin ölkəmizin çiçəkləməsindəki xidmətlərindən, son illər Azərbaycanın əldə etdiyi nailiyyətlərdən danışıb. O, Azərbaycanla Avstraliya arasında xalqlarımızın rifahı naminə bütün sahələrdə inkişafın vacibliyini qeyd edərək, bu istiqamətdə bütün səylərin səfərbər edilməsinin önəmini vurğulayıb.

Ölkəmizin Avstraliyadakı səfiri Rövşən Cəmşidov çıxışında tədbir iştirakçılarına müstəqil Azərbaycan haqqında geniş məlumat verib.

Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov qeyd edib ki, hər bir xalqın ən böyük arzusu onun müstəqilliyidir və Azərbaycan xalqı buna nail ola bilib. O, Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra keçdiyi yoldan, regionda lider dövlətə çevrilməsindən, respublikamızın inkişafından danışıb.

Demokratik İslahatlar Partiyasının sədri, deputat Asim Mollazadə Azərbaycanın ən ağrılı problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında danışıb. Azərbaycanın tolerantlıq ənənələrindən söz açan deputat qeyd edib ki, multikulturalizm bu gün Azərbaycanda dövlət siyasətidir.

Avstraliyanın nüfuzlu siyasətçisi, keçmiş Baş nazir Toni Abbotun da iştirak etdiyi qəbula dövlət və hökumət rəsmiləri, diplomatik korpusun təmsilçiləri, biznes dairələrinin və kütləvi informasiya vasitələrinin nümayəndələri, Avstraliya-Azərbaycan Dostluq Cəmiyyətinin üzvləri, Azərbaycan, türk, yəhudi icmalarının, həmçinin ictimaiyyətin tanınmış təmsilçiləri qatılıblar.

x x x

Həmin gün Milli Məclisin Avstraliya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun başçısı Xanlar Fətiyevin rəhbərlik etdiyi nümayəndə heyəti ölkənin xarici işlər naziri xanım Culi Bişopla görüşüb.

Görüşdə Azərbaycan nümayəndə heyəti xanım Culi Bişopa Avstraliyanın Dağlıq Qaradağ münaqişəsi ilə bağlı ədalətli mövqeyinə görə minnətdarlığını bildirib.

Xanım Culi Bişop Avstraliya ilə Azərbaycan arasında iqtisadi, qarşılıqlı investisiyaların qorunması, ticarət sahələrini əməkdaşlığın əsas inkişaf istiqamətləri kimi dəyərləndirib. O vurğulayıb ki, hazırda Avstraliyanın şirkətləri Azərbaycanın neft-qaz sektorunda çox uğurla fəaliyyət göstərir. Nazir bildirib ki, Avstraliya Azərbaycanın Neft Fondunun investisiyaları üçün çox maraqlı ölkə ola bilər. Söhbət zamanı ikiqat vergitutmanın aradan qaldırılması, biznes əlaqələrinin inkişafı üçün lazımi tədbirlərin görülməsi, transmilli cinayətkarlıq və terrorizmlə mübarizə, nəqliyyat və təhsil sahələrində əməkdaşlıq məsələləri barədə fikir mübadiləsi aparılıb. Azərbaycanın bölgədəki strateji mövqeyi qeyd edilərək Avstraliyanın ölkəmizdə təmsilçiliyi məsələsi müzakirə olunub.

Görüşdə Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, Demokratik İslahatlar Partiyasının sədri, deputat Asim Mollazadə, ölkəmizin Avstraliyadakı səfiri Rövşən Cəmşidov və Avstraliyada Azərbaycanın fəxri konsulu Aydan Rzayeva iştirak ediblər.

AZƏRTAC