Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümü münasibətilə ölkəmizin Küveyt Dövlətindəki səfirliyi tərəfindən silsilə tədbirlər keçirilib. Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, oktyabrın 19-da keçirilən tədbirdə səfirliyin ikinci katibi Mirdavud Sultanov Küveyt Dövlət Universitetinin sosial elmlər fakültəsində “Azərbaycanın müstəqilliyinin 25-ci ildönümü. Uğurlu təcrübənin oxunuşu” mövzusunda mühazirə ilə çıxış edib, tədbir çərçivəsində kitab sərgisi təşkil olunub.

Küveyt Dövlət Universitetinin sosial elmlər fakültəsinin dekanı, professor Hamoud F.Əl-Qaşan tədbiri açaraq, bu il sentyabrın 29-30-da Azərbaycanda keçirilən V Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etdiyini və ölkəmizə səfərinin yaddaşında xoş iz buraxdığını bildirib.

H.Əl-Qaşan Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin müdrik siyasəti nəticəsində ölkədə bütün sahələr üzrə uğurlar əldə edildiyini vurğulayıb. O, Prezident İlham Əliyevin xalqın istək və arzularının həyata keçirilməsi və Azərbaycanın dünya ölkələri arasında öz layiqli yerini tutması üçün bütün səylərini səfərbər etdiyini diqqətə çatdırıb. Professor ölkəmizin turizm potensialından söhbət açaraq, Azərbaycan xalqının qonaqpərvər və mehriban xalq olduğunu deyib. Dekan, eyni zamanda, tədris ilini müvəffəqiyyətlə başa vuran tələbələrin fakültənin hesabına Azərbaycana göndərəcəyini bildirib.

M.Sultanov məruzəsində 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktının qəbul edildiyi, müsəlman Şərqinin ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi Azərbaycanın müstəqilliyini yenidən bərpa etməsi barədə məlumat verib. O, Azərbaycan Xalq Cümhuriyyətinin süqutuna şərait yaradan problemlərin müstəqil Azərbaycan Respublikasının da qarşısına çıxdığını vurğulayıb, Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzü və bu təcavüz nəticəsində torpaqlarımızın 20 faizinin işğal olunmasını iştirakçıların diqqətinə çatdırıb.

Bildirilib ki, müstəqilliyin bərpasının ilk illərində yaranmış belə bir çətin zamanda Azərbaycan xalqının israrı ilə ölkə rəhbərliyinə qayıdan Ümummilli Liderin müdrikliyi və uzaqgörənliyi sayəsində ölkəmiz qısa müddətdə davamlı inkişaf mərhələsinə qədəm qoydu. Mərkəzi hakimiyyət gücləndi, iqtisadi islahatlara start verildi, xarici siyasətin prioritetləri müəyyən edildi, Azərbaycan müasir dünyəvi dövlət kimi öz inkişafına başladı.

M.Sultanov ümummilli lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində bu gün respublikamızın sürətli inkişafından danışıb, gənclər siyasəti, elm, təhsil və “qara qızıl”ın insan kapitalına çevrilməsi istiqamətində reallaşdırılan tədbirlərdən bəhs edib.

Məruzədə ölkəmizin son illərdə beynəlxalq səviyyəli tədbirlərə ev sahibliyi etdiyi nəzərə çatdırılıb, 2012-ci ildə Avroviziya Mahnı Müsabiqəsinin, 2015-ci ildə I Avropa Oyunlarının, 2016-cı ildə “Formula-1” üzrə Avropa Qran-pri yarışlarının uğurla keçirildiyi, növbəti ildə isə İslam Həmrəyliyi Oyunlarının təşkil olunacağı bildirilib.

Sonda suallar cavablandırılıb.

Oktyabrın 20-də isə səfirlikdə Küveytdə yaşayan, işləyən və təhsil alan vətəndaşlarımızın, həmçinin Küveyt Universitetində təhsil alan türkdilli ölkələrin tələbələrinin, türk icmasının, habelə yerli KİV nümayəndələrinin iştirakı ilə təntənəli bayram tədbiri keçirilib.

Tədbirdə səfir Elxan Qəhrəman çıxış edərək, Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının ildönümü münasibətilə iştirakçıları təbrik edib. O, iyirmi beş il əvvəl - 1991-ci il oktyabrın 18-də Azərbaycan Ali Sovetinin Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktını qəbul etdiyini, Azərbaycanın XX əsrdə ikinci dəfə müstəqilliyə qovuşduğunu və 1918-ci ildə müsəlman aləmində ilk demokratik respublikanın Azərbaycanda qurulduğunu diqqətə çatdırıb.

Eyni zamanda, səfir 1990-cı ildə ulu öndər Heydər Əliyevin müstəqillik yolunda çox önəmli və ciddi addımlar atdığını, 20 Yanvar faciəsindən sonra Ulu Öndərin sovet hökumətini, onun rəhbərinin fəaliyyətini pislədiyini vurğulayıb. Bildirilib ki, Heydər Əliyevin Naxçıvan Muxtar Respublikasına rəhbərliyi dövründə, 1990-cı ilin noyabrında Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adından “Sovet Sosialist” sözləri çıxarılıb, Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı Naxçıvanın dövlət bayrağı kimi elan edilib.

Sonda səfir E.Qəhrəman Azərbaycan xalqının müstəqilliyinin əbədi olduğunu və bu inkişaf yolunda bundan sonra da inamla irəliləyəcəyini bildirib.