Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümü münasibətilə ölkəmizin Almaniyadakı səfirliyinin dəstəyi və Berlində fəaliyyət göstərən “Bakılı” klubunun təşkilatçılığı və tədbir keçirilib.

Tədbirdə çıxış edənlər Azərbaycanın müstəqillik tarixindən danışıblar. Çıxışlarda Azərbaycan Respublikasının müsəlman Şərqində ilk parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğu bildirilib. Müstəqilliyin bərpasından sonra ölkəmizin əldə etdiyi nailiyyətlərdən danışan natiqlər bu uğurların ulu öndər Heydər Əliyevin əsasını qoyduğu və hazırda Prezident İlham Əliyev tərəfindən davam etdirilən daxili və xarici siyasət nəticəsində qazanıldığını vurğulayıblar.

Həmçinin 1991-ci ildən etibarən ilk addımlarını atan Azərbaycanın müstəqilliyin əvvəllərində üzləşdiyi dərin siyasi, iqtisadi və sosial böhrana baxmayaraq, hər zaman milli və dini tolerantlıq nümunəsi olaraq qaldığı, ölkəmizdə multikulturalizm dəyərlərinin dövlət səviyyəsində təşviq olunduğu, Prezident İlham Əliyevin Sərəncamı ilə 2016-cı ilin “Multikulturalizm ili” elan edildiyi xüsusi qeyd olunub. Bildirilib ki, bu gün çoxmillətli və çoxkonfessiyalı ölkə olan Azərbaycanda bütün dinlərin və millətlərin nümayəndələri sülh və əmin-amanlıq şəraitində yaşayırlar.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin