Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) fəaliyyət göstərən “Azərbaycan” Cəmiyyəti Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin bərpasının 20-ci ildönümü ilə bağlı konfrans keçirib. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, tədbirdə BƏƏ-də yaşayan azərbaycanlılarla yanaşı türklər, İraq türkmənləri, ictimaiyyət nümayəndələri, yerli hökumət təmsilçiləri, o cümlədən Dubay Hökuməti Aparatının ictimai və mədəni məsələlər üzrə müşaviri Səid Əl-Nəccar iştirak edib. Tədbirdə çıxış edən “Azərbaycan” Cəmiyyətinin sədri Samir İmanov Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etməsi barədə məlumat verib. Daha sonra konfrans iştirakçılarına Diasporla İş üzrə Dövlət Komitəsinin təqdim etdiyi Azərbaycanın müstəqillik illərində əldə etdiyi nailiyyətləri əyani surətdə əks etdirən müxtəlif dillərdə dərc olunmuş broşür və bülletenlər, Azərbaycanın qədim və zəngin mədəniyyətinə, musiqisinə, incəsənətinə, o cümlədən xalçaçılıq sənətinə dair müxtəlif kitablar paylanılıb. Hədiyyə olaraq tədbir iştirakçılarına Azərbaycanın ümummilli lideri Heydər Əliyev haqqında ingilis, ərəb və rus dillərində kitablar, Ermənistanın Azərbaycana təcavüzündən bəhs edən “Erməni terroru”, Heydər Əliyev Fondunun hazırladığı “Qarabağ həqiqətləri” kitabları da təqdim olunmuşdur. Konfransda iştirak edən Dubay Hökuməti Aparatının ictimai və mədəni məsələlər üzrə müşaviri Səid Əl-Nəccara Samir İmanov tərəfindən əlavə olaraq, “Azərbaycan tolerantlıq məkanıdır” kitabı da hədiyyə olunub.

Konfrans Diasporla İş üzrə Dövlət Komitəsinin təqdim etdiyi Azərbaycanın müstəqillik illərində əldə etdiyi nailiyyətlərdən bəhs edən “Azərbaycan deyəndə” və “İlham Əliyev: yeni mərhələ” filmlərinin nümayişi ilə davam edib. Dubay hökumətinin rəsmi nəşri olan “Al-Bayan” qəzetinin əməkdaşı konfransda iştirak edib və məqalə hazırlayıb. Qəzetin 6 oktyabr sayında dərc olunmuş məqalədə müasir Azərbaycan Respublikasının 1918-ci ilin 28 mayından 1920-ci ilin 28 aprelinə kimi 23 ay ərzində mövcud olmuş Azərbaycan Demokratik Respublikasının hüquqi varisi olduğu qeyd olunub. Müəllif həmin respublikanın qısa müddət ərzində mövcud olmasına baxmayaraq tarixdə iz buraxmağa nail olduğunu vurğulayıb.


www.lent.az

06 Oktyabr 2011-ci il