Paraqvay parlamentinin Deputatlar Palatasında Azərbaycanla dostluq qrupunun rəhbəri Xuan Ramirezin təşəbbüsü ilə Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa olunmasının 25-ci ildönümü ilə bağlı bəyanat qəbul edilib.

Azərbaycanın Argentinadakı səfirliyindən AZƏRTAC-a verilən məlumata görə, X.Ramirez bəşəriyyət üçün xüsusi önəm kəsb edən və Qafqazın bir hissəsi olan Azərbaycan xalqının yaratdığı 25 illik respublikanın siyasi-iqtisadi müstəqilliyə malik olduğunu, ölkədə etiqad azadlığının mövcudluğunu, Azərbaycanın müsəlman Şərqində qadınlara seçki hüququ verən ilk ölkə olduğunu vurğulayıb. O, Azərbaycanın yüksək səviyyəli beynəlxalq tədbirlərdə fəal iştirak etdiyini, ölkədə neft kapitalının insan kapitalına çevrilməsi strategiyasına uyğun olaraq humanitar sektorun inkişaf etdirilməsi məqsədilə böyük işlər görüldüyünü deputatların diqqətinə çatdırıb.

X.Ramirez və dostluq qrupunun digər iki üzvü Viktor Oskar Qonzales Drakefort və Celso Maldonado tərəfindən imzalanmış bəyanat layihəsi yekdilliklə qəbul olunub.

Bəyanatda Azərbaycan Respublikasının beynəlxalq aləmdə önəmli yer qazandığı, yüksək səviyyəli beynəlxalq tədbirlərdə fəal iştirak etdiyi, enerji sektorunun inkişafında mühüm nailiyyətlər əldə etdiyi, postneft dövrünün başlanması ilə ölkə iqtisadiyyatının bütün sahələrində bir sıra islahatlar həyata keçirdiyi, ölkədə neft kapitalının insan kapitalına çevrilməsi strategiyasına uyğun olaraq humanitar sektorun inkişaf etdirilməsi məqsədilə böyük işlər görüldüyü, təhsil sisteminin yaxşılaşdırıldığı qeyd edilir.