Azərbaycan Respublikasının Qarsdakı Baş konsulluğunun təşkilatçılığı ilə bu şəhərdə yerləşən Qafqaz Universitetində dövlət müstəqilliyimizin bərpasının 25-ci ildönümü münasibətilə mərasim keçirilib.

Mərasimdə Qars vilayətinin rəhbər şəxsləri, bu bölgədə yerləşən ordu birləşmələrində xidmət edən hərbçilər, Türkiyə və Azərbaycandan olan ziyalılar, elm və mədəniyyət xadimləri, QHT və KİV təmsilçiləri, ölkə ictimaiyyətinin tanınmış nümayəndələri, o cümlədən Qars vilayətinin valisi Rahmi Doğan, Böyükşəhər bələdiyyəsinin sədri Murtaza Karaçanta, hərbi hissə komandanı, general-mayor Turan İnan, Qafqaz Universitetinin rektoru Sami Özcan, Ədalət və İnkişaf Partiyasının Qars şəhər təşkilatının sədri Adəm Çalkın və digər rəsmi şəxslər iştirak ediblər.

Əvvəlcə Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilib.

Sonra Azərbaycanın tarixi, mədəni, müasir sosial-iqtisadi inkişafını əks etdirən film nümayiş olunub.

Mərasimdə Baş konsul Nuru Quliyev, “Naxçıvan” Universitetinin dekanı və kafedra müdiri Elbrus İsayev və AMEA Naxçıvan Bölməsinin dosenti Emin Şıxəliyev və başqaları çıxış ediblər.

Baş konsul diqqətə çatdırıb ki, Azərbaycan xalqı müstəqilliyimizin bərpasından sonra çox çətin sınaqlar qarşısında olub. Ulu öndər Heydər Əliyev xalqımızın birliyinə nail olmaqla ölkəmizi parçalanmaqdan, dövlətimizi məhv olmaqdan xilas edib. Qədirbilən Azərbaycan xalqı xilaskar oğlunun əziz xatirəsini həmişə qəlbində ehtiramla yaşadır. Müstəqilliyin qorunmasının onun əldə edilməsi qədər çətin və ağır, lakin şərəfli olduğunu vurğulayan N.Quliyev Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda əldə olunan uğurlardan, həyata keçirilən sosial-iqtisadi islahatların nəticələrindən, dövlətimizin beynəlxalq proseslərə təsirindən, Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərin qorunmasında dövlətimizin başçısının qətiyyətli mövqeyindən, iki qardaş xalqın ümumi maraqlarına uyğun digər məsələlərdən bəhs edib.

Çıxışlarda Azərbaycanın müasir dövlətçilik tarixi, Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və süqutu, XX əsrin sonlarında dövlət müstəqilliyimizin bərpası prosesi, həmin dövrdə təcavüzkar Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddialarının ortaya çıxması, bu məsələnin yaratdığı ağır problemlərdən və ümummilli lider Heydər Əliyevin tarixi xilaskarlıq missiyasından bəhs olunub.

Mərasim bədii hissə ilə davam etdirilib.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Qars