Mədəniyyət və Turizm Nazirliyi və ölkəmizin Qırğızıstandakı səfirliyi Bşkekdəki Qırğız-Rus Dram Teatrında Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20 illiyi ilə əlaqədar böyük bayram konserti olmuşdur.

Əvvəlcə Azərbaycanın və Qırğızıstanın dövlət himnləri səsləndirilmiş, ölkəmizin Qırğızıstandakı səfiri Arif Ağayev salona toplaşanları salamlamış, Azərbaycan Xalq Cumhuriyyətinin (AXC) yaranması, qisa müddətdə görülən işlər və dövlətin süqutunun səbəbləri haqqında məlumat vermişdir.

Səfir bildirmişdir ki, dövlət müstəqilliyi bərpa olunduqdan sonra AXC-nin bayrağı, gerbi və himni qəbul edilmişdir.

Arif Ağayev xalqın tələbi ilə dünya şöhrətli siyasətçi Heydər Əliyevin Bakıya dəvət olunması, ölkəmizdə vətəndaş müharibəsi təhlükəsinə son qoyulması, o dövrdə aparılan islahatlar, "Əsrin müqavilə"sinin imzalanmasl haqqında danışmışdır. Səfir bildirmişdir ki, bu gün Azərbaycan Prezidenti İlham Əliyev ulu öndər Heydər Əliyevin siyasi kursunu davam etdirir. İndi Azərbaycan iqtisadi artımın sürətinə görə dünyada birincilər sırasındadır.

Bişkekdəki "Türkel" Fondunun prezidenti Hökumə Xəlilova və "Türkel" qəzetinin baş redaktoru Ramiz Məşədihəsənli Azərbaycan-Qırğızıstan əlaqələri, ölkəmizin iqtisadi qüdrəti haqqında söhbət açmışlar.

"Azərbaycan yüksəliş yolunda" sənədli filmi nümayiş etdirilmiş, Fikrət Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının üzvləri-Azərbaycanın Əməkdar Artisti Anar Şuşalı və Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının solisti Almaz Orucova bir-birindən gözəl xalq mahnıları və təsniflərimizi, rəqqaslar isə milli rəqslərimizi ifa etmişlər.


AzərTAc