Dövlət Müstəqilliyi günü münasibətilə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Azərbaycan xalqına təbriki (17 oktyabr 1997)
Əziz vətəndaşlar, bacılar və qardaşlar!
Sizi Azərbaycan
Respublikasının Dövlət Müstəqilliyi günü münasibətilə ürəkdən təbrik
edir və hər birinizə xoş arzularımı yetirirəm.
Azərbaycan xalqı yola
salmaqda olduğumuz XX əsrdə iki dəfə dövlət müstəqilliyi qazanmışdır.
Əsrin əvvəllərində əldə edilmiş müstəqillik nəticəsində 1918-ci ildə
xalqımız Şərqin ilk demokratik dövləti hesab olunan Azərbaycan Xalq
Cümhuriyyətini yaratmışdır. Lakin o zaman mövcud olan xarici müdaxilə,
daxili çəkişmələr, lazımi beynəlxalq təminatın olmaması üzündən bu
dövlət cəmi iyirmi üç ay fəaliyyət göstərə bildi. Sonrakı dövrdə
xalqımız dövlət müstəqilliyindən məhrum olsa da, öz iqtisadiyyatını,
elmini, mədəniyyətini inkişaf etdirmiş, milli azadlıq, müstəqillik üçün
zəruri olan ciddi əsaslar yaratmışdır.
Əsrin sonunda beynəlxalq
aləmdə və Sovetlər İttifaqında yaranan əlverişli vəziyyət xalqımıza
qəlbinin dərinliklərində hifz etdiyi müstəqillik arzularını yenidən
reallaşdırmaq imkanı verdi. 1991-ci il oktyabrın 18-də respublika Ali
Soveti Azərbaycanın Dövlət müstəqilliyi haqqında Konstitusiya aktı qəbul
etdi. Həmin ilin 30 dekabrında keçirilən ümumxalq səsverməsi –
referendum bu sənədə hüquqi təminat verdi və Azərbaycan dövlət
müstəqilliyini bərpa etdi.
Səkkiz ildir ki, xalqımız müstəqil
yaşayır. Bu müddətdə müstəqilliyimizi bütün dünya tanımış, ölkəmiz
dövlətlərarası bərabərhüquqlu əlaqələrə qoşulmuş, beynəlxalq və bölgə
təşkilatlarına üzv qəbul edilmişdir. Bu illərdə müxtəlif daxili və
xarici qüvvələrin müstəqilliyimizə qarşı ciddi təxribatlar törətməsinə
və maneələr yaratmasına baxmayaraq dövlət müstəqilliyimiz qətiyyətlə
qorunmuş və onun yaşaması üçün vacib olan bütün zəruri tədbirlər
görülmüşdür. Mən qətiyyətlə bildirirəm ki, əldə olunan uğurlar bundan
sonra da inkişaf etdiriləcək və Azərbaycanın dövlət müstəqilliyini heç
kim, heç zaman xalqımızın əlindən ala bilməyəcəkdir.
Müstəqil
Azərbaycan dövlətinin qarşısında duran ən mühüm vəzifə
Ermənistan-Azərbaycan münaqişəsinin və Dağlıq Qarabağ probleminin həll
edilməsi, işğal olunmuş torpaqlarımızın azad olunması, ərazi
bütövlüyümüzün bərpası, didərgin düşmüş vətəndaşlarımızın öz yurdlarına
qaytarılması, respublikamızın iqtisadi tərəqqisinə nail olunması,
əhalinin həyat səviyyəsinin yüksəldilməsi, iqtisadi islahatların və
demokratik proseslərin daha da dərinləşdirilməsidir. Bu sahədə biz
əlimizdən gələn hər şeyi edirik və bundan sonra da edəcəyik.
Azərbaycanın
dövlət müstəqilliyi xalqımızın tarixi nailiyyətidir və hər birimizin
borcu onu qorumaq, yaşatmaq, inkişaf etdirmək və dünyanın qabaqcıl
dövlətləri səviyyəsinə qaldırmaqdan ibarətdir.
Bütün Azərbaycan
xalqına səadət, əmin-amanlıq arzulayır, müstəqilliyimizin əbədiliyi
uğrunda apardığımız müqəddəs mübarizədə vətəndaşlarımızı dönməz iradə və
qətiyyət nümayiş etdirməyə çağırıram.
Bakı şəhəri, 17 oktyabr 1999-cu il