Fevralın 17-də Parisdə Azərbaycan Respublikasının müstəqilliyini bərpa etməsinin 20-ci ildönümünə və "Azərbaycan" kitabının təqdimatına həsr olunmuş təntənəli mərasim keçirilmişdir. Heydər Əliyev Fondunun, ölkəmizin Fransadakı səfirliyinin təşəbbüsü və dəstəyi ilə baş tutan mərasimdə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva iştirak etmişdir.

Azərbaycan mədəniyyətinin təntənəsi bu dəfə də dünyanın mədəniyyət paytaxtı olan Parisdə yaşandı. Prezident İlham Əliyevin Azərbaycanın müstəqilliyini bərpa etməsinin 20-ci ildönümünün qeyd olunması ilə bağlı imzaladığı sərəncama əsasən təşkil edilən bu möhtəşəm mərasim Azərbaycan mədəniyyətinin təbliği baxımından mühüm addım oldu.

Fransanın mədəniyyət naziri Frederik MİTTERAN Azərbaycanın müstəqilliyinin bərpa edilməsinin 20-ci ildönümü münasibətilə təbriklərini çatdıraraq dedi:

- Hörmətli birinci xanım Mehriban Əliyeva!

Xanımlar və cənablar!

Hörmətli dostlar!

Bu gün sizinlə bir yerdə olmaqdan çox şadam və bundan şərəf hissi duyuram. Bu tədbir Azərbaycan Respublikasının müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunub. Qeyd etmək istərdim ki, Fransa Azərbaycan mədəniyyətinin ən yaxın dostlarından biridir. Təbii ki, sizin rəhbərlik etdiyiniz Heydər Əliyev Fondu Azərbaycan mədəniyyətinin təşviqi sahəsində mühüm işlər görüb və bu sahədə böyük rol oynayıb.

Biz bilirik ki, Azərbaycan muğam və aşıq musiqisi ölkəsidir. Bu baxımdan Azərbaycan mütəmadi olaraq festivallar və musiqi tədbirləri keçirir, bu tədbirlər isə böyük uğurla nəticələnir. Kinorejissor Maqsud İbrahimbəyov indi artıq çox yaxşı tanınır və mən onun soyadını bu cür tələffüz etməklə bildirmək istəyirəm ki, deməli, biz həm də Azərbaycanı yaxşı tanıyırıq. Biz cənab Rüstəm İbrahimbəyovu da tanıyırıq və bu şəxslər gözəl əsərlərin müəllifləridir. Azərbaycan eyni zamanda dahi Sabirin, Nəsrəddin Xocanın vətənidir. Bütün bu zəngin mədəni irsdən danışarkən demək istəyirik ki, biz Üzeyir Hacıbəylinin də əsərlərinə yaxşı bələdik. Bu əsərlər həm bizim auditoriya qarşısında səslənib, həm də aşıqların gözəl çıxışlarını fransız yazıçısı Jorj Sand öz əsərlərində təsvir edib. Fransa çox şaddır ki, bu cür mədəni zənginliyə malik olan Azərbaycan bizim ölkədə getdikcə daha yaxşı tanınır. Biz istəyirik ki, Azərbaycanın mədəni irsi burada daha çox təşviq olunsun.

Hörmətli xanım Əliyeva!

Biz bilirik ki, siz Azərbaycanın mədəni irsini YUNESKO vasitəsilə də təbliğ edirsiniz və Azərbaycanın paytaxtı Bakı muğam şəhəri kimi məşhurdur. Ölkənizin xalçaçılıq məktəbi də getdikcə tanınır. Bu onu göstərir ki, ölkənizin mədəniyyəti zəngindir. Azərbaycan nəinki bu cür möhtəşəm konsertləri təşkil etməklə fərqlənir, eyni zamanda, ölkəniz Luvr muzeyində aparılan bərpa işlərində də öz rolunu oynayıb və muzey tam bərpa olunduqdan sonra öz qapılarını ictimaiyyətə açıb. Deyə bilərəm ki, bu məsələdə Azərbaycan nümunəvi fəaliyyət göstərib. Mən onu da qeyd etmək istərdim ki, ölkələrimiz arasında mədəni mübadilə daimi olaraq genişlənir, möhkəmlənir. Mən burada audiovizual milli institutla Azərbaycandan olan həmkarlar arasında qarşılıqlı səfərləri, təmasları qeyd etmək istəyirəm. Biz eyni zamanda arxeologiya sahəsində də əməkdaşlığa başlamışıq. Azərbaycan Milli Elmlər Akademiyası Fransanın müvafiq qurumu ilə əməkdaşlıq edir. Bu əməkdaşlıq 2007-ci ildən başlayıb və bu da sizin böyük arxeoloji irsinizin nümunələrinin qorunmasına imkanlar verir. Hesab edirəm ki, bu əməkdaşlıq nəticəsində əlaqələrimizdə yeni üfüqlər açılacaqdır.

Hörmətli xanım Əliyeva!

Qeyd edim ki, bizim mədəniyyət sahəsində əməkdaşlığımız sizin şəxsi iştirakınızdan qaynaqlanır. Siz Fransa Respublikası Prezidentinin bir il əvvəl qəbil etdiyi rəsmi qərarla Fransanın Fəxri Legionu ordeni ilə təltif edilmisiniz. Bu orden Luvr muzeyində aparılan bərpa işlərində göstərdiyiniz xidmətlərə görə verilib. Eyni zamanda siz Bakıda fransızdilli məktəbin açılmasında müstəsna rol oynamısınız. Qeyd edim ki, gələn il Azərbaycan "Plezyiğ düfğans" adlı sərgini qəbul edəcəkdir. Bu, elə bir layihədir ki, mən bu layihəyə çox bağlıyam və ona öz dəstəyimi verirəm. Bakıda açılacaq həmin sərginin davamı da olacaqdır. Bu sərgi vasitəsilə biz Fransanın incəsənət nümunələrini Azərbaycanda daha yaxşı tanıda biləcəyik. Beləliklə, Bakı bu prosesə böyük təkan vermiş şəhər olacaqdır. İnanıram ki, biz münasibətlərimizin keyfiyyətindən çıxış edərək bu əməkdaşlığı daha da genişləndirməliyik. Hesab edirəm ki, biz hamımız ölkələrimizin mənafeyi uğrunda Prezident İlham Əliyevin qeyd etdiyi və onun atasının çalışdığı kimi işləməliyik. Bu, bir daha onu göstərir ki, Fransa ilə Azərbaycan arasında keyfiyyətli dostluq əlaqələri mövcuddur və biz istəyirik ki, bu irəliləyiş bundan sonra da davam etsin.

Diqqətinizə görə çox sağ olun.

* * *

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban ƏLİYEVA mərasimdə çıxış edərək dedi:

- Xanımlar və cənablar!

Hörmətli qonaqlar, hörmətli cənab nazir!

İlk növbədə, cənab nazir, mən sizə öz dərin minnətdarlığımı bildirmək istəyirəm. Ölkəmizə göstərdiyiniz dostluq münasibətinə, mədəniyyətimizi belə dərindən bildiyinizə və dəstək verdiyinizə görə. Mənim fəaliyyətimə verdiyiniz yüksək qiymətə görə də sizə dərin minnətdarlığımı bildirirəm.

Hörmətli qonaqlar, mən sizin hamınızı səmimi qəlbdən salamlayıram və bu gün bizimlə olduğunuza görə sizə minnətdarlığımı bildirirəm. Azərbaycan bu il müstəqilliyinin bərpa olunmasının 20-ci ildönümünü qeyd edir və mən çox şadam ki, bu hadisəyə həsr olunmuş ilk tədbir Fransada keçirilir. Dünyanın ən möhtəşəm, ən gözəl və ən zövqlü şəhərlərindən biri olan Parisdə ölkəmi, Azərbaycanı təqdim etmək mənim üçün böyük şərəfdir.

Müstəqil ölkə kimi Azərbaycan çox gəncdir. Lakin Odlar Yurdu adlanan bu diyarın tarixi kökləri uzaq keçmişə gedib çıxır. Burada - Cənubi Qafqazda, Xəzər dənizinin sahilində ilk dövlətlər hələ eramızdan əvvəl 2-ci, 1-ci minilliklərdə mövcud idi. Ölkəmizin ərazisindən tarixi İpək Yolu keçir. Sivilizasiyaların və mədəniyyətlərin qovuşduğu strateji bir məkanda yerləşən Azərbaycan uğrunda əsrlər boyu mübarizələr aparılmışdır. Baxmayaraq ki, müxtəlif dövrlərdə Azərbaycan müxtəlif imperiyaların tərkib hissəsi olub, xalqımız öz tarixini, mədəniyyətini, dilini qoruyub saxlayaraq milli mənliyini itirməmişdir.

Müstəqillik yolumuz heç də asan və hamar olmamışdır. Bu yolda itkilərimiz, ağrılarımız, acılarımız kifayət qədər olub. 1918-ci ildə yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti Şərqin ilk demokratik parlament respublikası olmuşdur. Həmin il, həmin dövr Azərbaycan müsəlman dünyası, müsəlman Şərqi üçün əsl mayaka çevrilmişdir. Müsəlman qızları üçün ilk dünyəvi məktəb açılmışdır, Azərbaycan qadınları səsvermə hüququnu qazanmışdır, Şərqin ilk operası və baleti yazılmışdır. Lakin əfsuslar olsun ki, xalq cümhuriyyətinin ömrü cəmi 23 ay çəkdi. Respublika çox ciddi geosiyasi problem və amillərlə üzləşdi. Bu amillərin sırasında Bakı neftinə olan marağın artması da çox böyük rol oynayırdı. Nəticədə ölkəmiz müstəqilliyini itirdi və hərbi intervensiya yolu ilə Azərbaycanda sovet hakimiyyəti quruldu. 70 ildən çox sürən bu dövrdə xalqımız sovet rejiminin sərt qanunları ilə üzləşdi. Lakin buna baxmayaraq, həmin illərdə Azərbaycanın iqtisadi potensialı formalaşdı, savadsızlıq tamamilə ləğv olundu, təhsil şəbəkəsi yarandı, universitetlər açıldı, Milli Elmlər Akademiyası fəaliyyətə başladı. Bütün bu illər Azərbaycan xalqı müstəqillik arzusu ilə yaşayırdı. Nəhayət, 1991-ci ildə Azərbaycan xalqı öz taleyinin, öz torpağının, öz ölkəsinin sahibinə çevrildi. Şübhəsiz ki, tarixi baxımdan 20 il o qədər də böyük dövr deyildir. Lakin biz ötən illərə nəzər salsaq, aydın olur ki, Azərbaycan qısa bir zamanda çox böyük nailiyyətlər əldə edib.

Bu gün Azərbaycan bölgənin ən sürətlə inkişaf edən ölkəsidir. Cənubi Qafqaz dövlətlərinin ümumi iqtisadiyyatının 75 faizi Azərbaycanın payına düşür. Bu gün Avropa İttifaqı Azərbaycanı enerji təhlükəsizliyi sahəsində strateji tərəfdaş kimi tanıyır və Azərbaycan Avropanın neft və qazla təminatında öz rolunu oynamağa hazırdır. Ölkəmizin neft və qaz kəmərləri, qeyri-neft sektorunun yüksəlişi, yeni iri infrastruktur layihələri inkişafımızı təmin edir.

Bu gün Azərbaycanda sosialyönümlü siyasət aparılır. 2003-cü ildən bugünə qədər ölkəmizdə 900 mindən çox yeni iş yeri açılıb, 2 mindən çox yeni məktəb binası inşa olunub, yoxsulluğun səviyyəsi 49 faizdən 9 faizə enib. Paytaxtımızın və başqa şəhərlərimizin yeni siması, ultramodern binalar, yollar, körpülər, bərpa olunan və yeni tikilən muzey və salınan parklar inkişafımızın sübutudur.

Azərbaycanda turizm sahəsi çox sürətlə inkişaf edir. Yalnız bu il paytaxtımızda beşulduzlu 5 yeni hotelin açılışı gözlənilir və bu da ölkəmizə ildən-ilə artan marağın sübutudur. Əlbəttə, bizim əsas varlığımız mədəni irsimizdir, Azərbaycanın qədim xalçaçılıq məktəbi, nadir miniatürləri, ədəbiyyatı və poeziyası, musiqisi, rəqsləri, təsviri sənəti, memarlıq abidələridir.

Əziz qonaqlar, mən xüsusi vurğulamaq istərdim ki, bütün bu nailiyyətləri ölkəmiz Dağlıq Qarabağ münaqişəsi kimi uzun sürən və hələ də həllini tapmamış problemin mövcudluğu şəraitində əldə edib. Biz əminik ki, gün gələcək və Azərbaycanın ərazi bütövlüyü bərpa olunacaq, hər bir məcburi köçkün, hər bir qaçqın öz doğma torpağına qayıdacaqdır. Bizim hər bir nailiyyətimizin arxasında Azərbaycan vətəndaşının zəkası, biliyi, bacarığı, istedadı və əməyi durur. Azərbaycan gələcəyə istiqamətlənən dövlətdir. Biz böyük yolun əvvəlindəyik.

Müstəqil və dünyəvi dövlət olaraq, tariximizə və köklərimizə sadiq olaraq, mədəniyyətimizi və ənənələrimizi qoruyaraq biz ümumdünya dəyərlərinə, azadlıq, demokratiya, aşkarlıq, dünya birliyinə inteqrasiya yolunu seçmişik. Bu gün Azərbaycan müstəqillik yubileyini Fransa kimi qədim mədəniyyət və tarixə malik olan, müasir demokratiyanın vətəni olan ölkədə qeyd edir. Bunun böyük rəmzi mənası vardır.

Əziz dostlar, sonda sizə ölkəmizə göstərdiyiniz dostluq münasibətinə görə bir daha dərin minnətdarlığımı bildirirəm. Fürsətdən istifadə edərək sizi Azərbaycana dəvət edirəm. Əminəm ki, belə görüşlər Fransa ilə Azərbaycanı ürəkdən keçən tellərlə bağlayır.

Sizə əmin-amanlıq, xoşbəxtlik və məhəbbət arzulayıram. Diqqətinizə görə çox sağ olun.

* * *

Tədbirdə ölkəmizin incəsənət ustaları maraqlı konsert proqramı ilə çıxış etdilər. Xalq artisti Teymur Göyçayevin dirijorluğu ilə Qara Qarayev adına Azərbaycan Dövlət kamera orkestrinin ifasında Üzeyir Hacıbəylinin "Koroğlu" operasının uvertürası salona Azərbaycan ovqatı gətirdi.

Mərasimdə Azərbaycan musiqisinin ən gözəl nümunələri səsləndi, olduqca tələbkar auditoriyanı öz sehrinə saldı. Şirzad Fətəliyevin balabanda orkestrin müşayiətilə ifa etdiyi "Sən gəlməz oldun" mahnısı, Üzeyir bəyin "Arşın mal alan" musiqili komediyasına yazdığı uvertüra, Fikrət Əmirovun bəstələdiyi əvəzsiz sənət əsərləri Azərbaycan adlı məmləkətin sahib olduğu və xalqımızın min illərdir qoruyub saxladığı qiymətli xəzinəni Qərb tamaşaçısına uğurla çatdırdı.

Dahi bəstəkar Qara Qarayevin bəstələdiyi rəqs və İsfar Sarabskinin ifa etdiyi "Novruz" caz kompozisiyası, xanəndə Mirpaşa Şükürovun ifasında "Qarabağ şikəstəsi" də mərasimə xüsusi ovqat qatdı.

Son dərəcə maraqlı konsert proqramı bir daha təsdiq etdi ki, bu gün Azərbaycan mədəniyyətinin nadir incilərinin sorağı mötəbər mərasimlərdən gəlir. Bu da ilk növbədə, Azərbaycan dövlətinin mədəni irsimizə olan münasibətinin nəticəsidir. Təbii ki, Heydər Əliyev Fondunun Azərbaycan mədəniyyətinin təbliğində oynadığı rol da əvəzolunmazdır. Elə bu mərasim də fondun prezidenti Mehriban Əliyevanın mədəni irsimizə olan münasibətinin bariz nümunəsidir. Qara Qarayevin "Vals"ı, Niyazinin "Arzu"su, "Küçələrə su səpmişəm" məşhur xalq mahnısı, Natiq Şirinovun "Azərbaycan ritmləri" bir daha təsdiqlədi ki, Qərb tamaşaçısı son dərəcə maraqlı koloriti olan, incə hisslərlə dolu bu musiqini sevir. Azərbaycan musiqisinin ovsunu istər-istəməz insanı öz təsiri altına salmağı bacarır.

Ən nəhayət, bu möhtəşəm gecənin yekununda Fikrət Əmirovun dünyada məşhur "Min bir gecə" baletindən bir parça ifa edildi. Bu sənət əsərləri Azərbaycan musiqisinin zənginliyindən xəbər verdi, Fransa mədəniyyətsevərlərində Azərbaycana, onun zəngin musiqisinə böyük maraq oyatdı.

* * *

Sonra mərasim iştirakçıları Azərbaycan sərgisinə baxdılar. Sərginin ən əhəmiyyətli məqamı burada Qarabağ xalılarının nümayiş etdirilməsi oldu. Ölkəmizin ayrılmaz parçası olan Qarabağda toxunan xalılar öz gözəlliyi, rəng çaları, ornamentlərin quruluşu ilə tamaşaçıları heyran etdi. Bu mədəniyyət nümunələri Qarabağın əzəli Azərbaycan torpağı olduğunu bir daha təsdiqlədi, xalqımızın sahib olduğu mədəni dəyərlərin zənginliyindən xəbər verdi.

Xalçalarımıza olan maraq təsdiqləmişdir ki, dünya mədəniyyətinin inkişafına yetərincə təsir edən Azərbaycan xalçaları tarix boyu öz gözəlliyi ilə bütün dünyanı heyran qoymuşdur. İndi Azərbaycan xalılarının sorağı ən məşhur saraylardan, muzeylərdən gəlir. XVI əsrdə toxunan və Londonun Viktoriya və Albert muzeyində qorunan "Şeyx Səfi" xalısı ornamental xalçaların ən gözəl nümunəsi kimi bu gün də Azərbaycan xalçaçılıq məktəbini dünya miqyasında şərəflə təbliğ edir.

Sərgidə nümayiş olunan qədim misgərlik məmulatları da ölkəmizdə el sənətinə verilən dəyəri Avropa tamaşaçısının diqqətinə çatdırdı.

Sərgi çərçivəsində "Azərbaycan" kitabının fransız dilində nəşr olunan versiyasının təqdimatı da keçirildi. Heydər Əliyev Fondunun ən mühüm layihələrindən olan "Azərbaycan" nəşrinin doğma dilimizdə olan versiyası ötən ilin əvvəlində Bakıda Prezident İlham Əliyevin və Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın iştirakı ilə təqdim olunmuşdur.

Nəşrə daxil olan fotoşəkillər ölkəmizin tarixi, mədəniyyəti, təbiəti, insan qaynaqları, bölgələrimiz haqqında oxucuda kifayət qədər dolğun təəssürat yaradır, Azərbaycanı, onun mavi Xəzərin sahilində qərar tutmuş, Şərq və Qərb koloritlərinin cəmləndiyi paytaxtını tərənnüm edir.

Qonaqlara Azərbaycan milli mətbəxinin nümunələri təqdim olundu.

Beləliklə, Azərbaycan mədəniyyətinin Parisdə nümayişi, sözün əsl mənasında, hadisəyə çevrildi. Soydaşlarımızın arzu və istəklərinin əks olunduğu bu mədəniyyət nümunələri xalqımızın milli kimliyini, hər bir azərbaycanlının qəlb döyüntüsünü Qərb tamaşaçısına uğurla çatdırdı. Bu mədəniyyət nümunələri mərasimə gələn hər bir kəsi xəyalən nağıllar aləminə, Azərbaycana gətirdi.


AzərTAc

19 fevral 2011-ci il