Beynəlxalq Mülki Aviasiya Təşkilatında Azərbaycanın müstəqillik günü keçirilmişdir (13 oktyabr 2011)
Azərbaycanın Kanadadakı səfirliyindən AzərTAc-a daxil olmuş məlumatda
bildirilir ki, Azərbaycan Respublikasının dövlət müstəqilliyinin
bərpasının 20 illiyi münasibətilə Monreal şəhərindəki Beynəlxalq Mülki
Aviasiya Təşkilatının (BMAT) baş qərargahında ziyafət təşkil olunmuşdur.
Tədbirdə BMAT-ın baş katibi Raymond Benjamin, məsul əməkdaşları,
BMAT-da akkreditə olunmuş diplomatik missiyaların təmsilçiləri, Monreal
şəhərində yaşayan Azərbaycan və türk icmalarının nümayəndələri iştirak
etmişlər.
Tədbirdə çıxış edən Azərbaycanın Kanadadakı səfiri, eyni
zamanda, BMAT-dakı daimi nümayəndəsi Fərid Şəfiyev 1918-ci il mayın
28-də müsəlman Şərqində ilk demokratik respublikanın yaradıldığını
bildirərək, bir sıra Qərb ölkələrindən də öncə qadınların ilk dəfə
seçmək və seçilmək hüququnun məhz ölkəmizdə tanındığını qeyd etmişdir.
Səfir
1991-ci ildən etibarən ölkəmizin müstəqilliyinin bərpasından sonra
respublikamızda gedən iqtisadi inkişaf, əldə edilən uğurlar barəsində
iştirakçılara ətraflı məlumat vermişdir.
Ziyafətdə Azərbaycan milli mətbəxinin təamları nümayiş etdirilmişdir.
AzərTAc
Bakı, 13 oktyabr 2011