Danimarkada fəaliyyət göstərən "Vətən" Cəmiyyətinin təşkilatçılığı və Diasporla İs üzrə Dövlət Komitəsinin dəstəyi ilə Kopenhagendəki "Vanak" restoranında Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunmuş yaddaqalan tədbir kecirilmişdir.
"Vətən" Cəmiyyətindən AzərTAc-a bildirmişlər ki, tədbirin əvvəlində ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə şəhid olmuş soydaşlarımızın xatrirəsi bir dəqiqəlik sükutla yad edilmiş, Azərbaycan Respublikasının dövlət himni səslənmişdir.
Tədbiri giriş sözü ilə "Vətən" Cəmiyyətinin sədri Səfər Sadiqi acaraq qonaqları salamlamış, Azərbaycanın müstəqilliyinin bərpasından ötən 20 ildə ölkəmizin qazandığı uğurlardan danışmışdır.
Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığında, eyni zamanda Danimarka Krallığındakı səfiri Fəxrəddin Qurbanov tədbir iştirakçılarına son 20 ildə ölkəmizin keçdiyi sürətli iqtisadi inkişaf yolu, dövlətimizin apardığı sülhməramlı siyasət barədə ətraflı məlumat vermişdir.
Tədbirdə Azərbaycanın tarixini, mədəniyyətini və incəsənətini əks etdirən kitablar, buroşürlər və videoçarxlar numayiş etdirilmişdir.
Arhus Universitetinin maliyyə və beynəlxalq biznes fakültəsinin maqistr tələbəsi Tural İsmayılovun "Azərbaycan iqtisadiyyatının bu günü və sabahı" mövzusunda məruzəsi tədbirin qonaqlarının ölkəmizə marağının daha da artmasına səbəb olmuşdur.
Aşıq Abbasın və başqa soydaşlarımızın ifaları bayram mərasiminə xoş ovqat bəxş etmişdir. 9 yaşli azərbaycanlı Artanın ifasında Azərbaycan, türk və Avropa klassiklərinin musiqisinin təqdim olunması da böyük maraq doğurmuş və alqışlarla qarşılanmışdır.
Danimarka Universitetinin professoru Karl Erik Fredeskov və politoloq Vetslav Kiçilenko tədbirin qonaqları adından xalqımızı Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümü münasibətilə təbrik etmiş, bu cür tədbirlərin Azərbaycanın dünyada tanıdılması və təbliğində mühüm əhəmiyyətə malik olduğunu vurğulamışlar.
Danimarka parlamentinin deputatı Huseyn Arac, iqtidarda olan Sosial Demokrat Partiyasının liderlərindən biri, parlamentin keçmiş deputatı Yıldız Adoğan, Türkiyə və Ukrayna səfirliklərinin nümayəndələri, Diasporla İs üzrə Dövlət Komitəsinin təmsilçisi Elnur Əliyev, Azərbaycanın Böyük Britaniyadakı səfirliyinin ikinci katibi Fərhad İsayev, Danimarkadakı Türk Cəmiyyətinin sədri Bahadur Güler, Türkmən Cəmiyyətinin sədri Yurtan bey, Uyğur Cəmiyyətinin sədri Abdulla Setdar, Çeçen Cəmiyyətinin sədri İlyas Musayev, Danimarka Universitetinin professoru Karl Erik Fredoskov, politoloq Vetslav Kiçilenko, ölkə telekanallarinin, mətbuat orqanlarının nümayəndələri mərasimin qonaqları arasında olmuşlar.


16.10.2011
Qartalqezeti.com