Azərbaycan Respublikasının Moldova Respublikasındakı səfirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, oktyabrın 17-də Azərbaycanın Moldovadakı səfirliyində Azərbaycan Respublikasının müstəqilliyinin bərpa edilməsinin 20 illiyinə həsr olunmuş rəsmi qəbul olmuşdur.
Qəbulda Moldova Respublikasının dövlət və hökumət rəhbərləri, parlamentin deputatları, Nazirlər Kabinetinin üzvləri, Moldovada akkreditə olunmuş səfirliklərin və beynəlxalq təşkilatların nümayəndəliklərinin başçıları, alimlər, ölkənin incəsənət, ədəbiyyat və ictimai xadimləri, Moldova Azərbaycanlıları Konqresinin üzvləri və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.
Azərbaycan Respublikasının müstəqilliyinin bərpa edilməsinin 20 illiyinə həsr olunmuş mərasimdə Azərbaycan Respublikasının Moldova Respublikasındakı səfiri Namiq Əliyev və Moldova Respublikasının Baş naziri Vladimir Filat çıxış etmişlər.
Tədbirdə həmçinin müstəqilliyin bərpa edilməsinin 20 illiyinə həsr olunmuş Azərbaycanın yeni poçt markalarının təqdimatı olmuşdur.
Kiçik vərəqədə olan markalarda Azərbaycan Respublikasının Dövlət gerbi, Dövlət bayrağı, Dövlət himninin mətni və notları, Azərbaycanın xəritəsi əks olunmuşdur.
Kiçik vərəqədəki bir markanın dəyəri 1 manatdır.
Poçt bloklarına gəldikdə isə, onlardan birində Azərbaycanın ümummilli lideri Heydər Əliyevin fotoşəkli, digərində isə Azərbaycanın dövlət bayrağı və xəritəsi əks olunmuşdur.
Hər blokun dəyəri 2 manatdır. Bütün seriyanın bədii tərtibatında ölkəmizin müstəqilliyinin bərpa edilməsinin 20 illik yubileyinə həsr olunmuş xüsusi loqotip vardır.
Təqdimat zamanı üzərində bu markalar olan birinci günün zərflərinə xüsusi möhür vurulmuşdur.
Qəbulda və möhürvurma mərasimində Moldova Respublikası Poçtunun baş direktoru Vladimir Çaban iştirak etmişdir.
Tədbirin iştirakçılarına xatirə kimi birinci günün marka və zərfləri verilmişdir.


Bakı,
AzərTAc