Azərbaycanın Pakistandakı səfirliyi İslamabadın “Marriott mehmanxanasında” respublikamızın dövlət müstəqilliyinin bərpa olunmasının 20-ci ildönümü münasibətilə təntənəli mərasim təşkil etmişdir.
Mərasimdə Pakistanın federal naziri Riaz Pirzadə, Senatın sədr müavini Mir Jan Məhammad Xan Camali və xüsusi katibi İftixar Babar, Ticarət Sənaye Palatasının prezidenti İqbal Ahmad, Khayber-Paxtunxva əyalətinin qubernatoru Səid Məsud Kosar, vitse-admiral Şah Sohail Məsud, generallar Tanvir Nazim və Məhəmməd Vaqar, zabitlər, Milli Assambleyanın deputatları, dövlət və hökumət rəsmiləri, tanınmış ziyalılar, jurnalistlər, xarici ölkələrin Pakistanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, həmyerlilərimiz iştirak etmişlər.
Ölkəmizin Pakistandakı səfirliyindən AzərTAc-a bildirmişlər ki, mərasimin keçirildiyi salon Azərbaycan bayraqları, ümummilli lider Heydər Əliyev və Pakistan dövlətinin banisi Məhəmməd Əli Cinnahin, habelə Prezidentlər İlham Əliyevin və Asif Əli Zərdarinin portretləri ilə bəzədilmişdir. Salonda, həmçinin ölkəmizin gözəlliyini əks etdirən fotostendlər yerləşdirilmiş, müstəqil Azərbaycanın yaranmasına və inkişafına dair videoçarx nümayiş etdirilmiş, milli musiqi nümunələri səsləndirilmişdir.
Tanınmış siyasətçi R.Pirzadə qonaqlar adından respublikamızın dövlət müstəqilliyinin bərpa edilməsinin 20-ci ildönümü münasibətilə Azərbaycan xalqını təbrik etmiş, xoş arzularını bildirmişdir. Pakistanın federal naziri vurğulamışdır ki, Azərbaycan ilə Pakistan arasında dostluq və qardaşlıq münasibətləri mövcuddur.
Pakistanda ingilis və ərəb dillərində nəşr olunan “The Diplomatic Insight” jurnalının, habelə “Daily İttihad” qəzetinin dövlət müstəqilliyimizin bərpa edilməsinin 20-ci ildönümünə həsr edilmiş buraxılışları mərasim iştirakçılarına paylanmışdır. Bu nəşrlərdə Azərbaycanın müstəqil dövlətçilik tarixi, siyasəti, mədəniyyəti, turizm potensialı və iqtisadiyyatı, habelə ümummilli lider Heydər Əliyevin dövlət müstəqilliyimizin möhkəmləndirilməsində əvəzsiz xidmətlərindən, ulu öndərin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin ölkəmizin inkişafı naminə həyata keçirdiyi islahatlardan, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın fəaliyyətindən geniş bəhs olunmuşdur.
Ölkənin aparıcı ingilisdilli “Daily Times”, “Pakistan Observer” və urdudilli “Daily Nawa-I-Waqt” və “Jang” qəzetlərində, habelə “Centreline” jurnalında Azərbaycanın Pakistandakı səfirliyinin keçirdiyi tədbir geniş işıqlandırılmış, Pakistanın dövlət televiziyasının PTV-1 və özəl WAKT-TV kanalının xəbərlər proqramlarında mərasimlə bağlı süjetlər nümayiş etdirilmişdir.


Bakı,
AzərTAc