Vyanada Azərbaycanın dövlət müstəqilliyinin bərpa olunmasının ildönümü qeyd edilmişdir (18 oktyabr 2011)
Oktyabrın 18-də Azərbaycanın Avstriyadakı səfirliyində Azərbaycan
Respublikasının dövlət müstəqilliyinin bərpa edilməsinin 20-ci ildönümü
münasibətilə rəsmi ziyafət verilmişdir.
Ziyafətdə Avstriya
hökumətinin təmsilçiləri, parlamentin deputatları, Vyanada akkreditə
olunmuş diplomatik korpusun və beynəlxalq təşkilatların nümayəndələri,
bu ölkədə yaşayan həmyerlilərimiz daxil olmaqla, 700-dən artıq qonaq
iştirak etmişdir.
Azərbaycanın Avstriyadakı səfiri Qalib İsrafilov
tədbiri açaraq bildirmişdir ki, Azərbaycanın dövlət müstəqilliyini bərpa
etdiyi ötən əsrin 90-cı illəri ciddi siyasi və iqtisadi böhranın,
Ermənistanın Azərbaycana təcavüzünün baş verdiyi dövrə təsadüf etmişdir.
Lakin 1993-cü ildə hakimiyyətə gələn ümummilli lider Heydər Əliyevin
müdrikliyi və siyasi iradəsi sayəsində gənc Azərbaycan dövlətçiliyi
nəinki qorunub saxlanmış, ölkədə vətəndaş müharibəsi təhlükəsinə son
qoyulmuş, sabitlik bərpa olunmuş və ölkə iqtisadiyyatı inkişaf etməyə
başlamışdır. Azərbaycanın gələcəyi ilə bağlı Heydər Əliyevin qəbul
etdiyi strateji qərarlar, tutduğu siyasi kurs, reallaşdırılan transmilli
layihələr, neft və qaz sazişləri Azərbaycan iqtisadiyyatını
dirçəltməklə yanaşı, ölkəmizin Cənubi Qafqazda lider dövlətə
çevrilməsinə zəmin yaratmışdır.
20 illik tarix böyük zaman kəsiyi
olmasa da, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonrakı 20 il
ərzində böyük uğurlara imza atmışdır. Ölkədə aparılan quruculuq işləri,
beynəlxalq aləmdə Azərbaycanın nüfuzunun artması, bir çox ölkələrlə
qurulmuş tərəfdaşlıq əlaqələri Azərbaycanı etibarlı tərəfdaş kimi
tanıtmışdır. Bu gün Cənubi Qafqazın iqtisadi gücünün 83 faizi
Azərbaycanın payına düşür və bu amil Azərbaycanın uğurlu inkişaf yolunda
olduğuna bariz nümunədir.
Ötən günlərdə Avstriyanın federal
Prezidenti Haynts Fişerin Azərbaycana ilk rəsmi səfərinin həyata
keçirilməsi, yüksək səviyyədə baş tutan siyasi dialoq, Avstriya və
Azərbaycan şirkətlərinin iştirakı ilə təşkil edilmiş biznes forumu,
Bakıda dahi bəstəkar Volfqanq Amadeus Motsartın abdəsinin ucaldılması
iki ölkə arasında müxtəlif sahələrdə uğurlu əməkdaşlıq əlaqələrinin
qurulduğunu göstərir.
Tədbirin bədii hissəsində tanınmış
azərbaycanlı cazmen, Montrö caz festivalının qalibi Emil Əfrasiyabın
rəhbərliyi ilə Ruslan Hüseynov (bass gitara), Şirzad Fətəliyev (balaban
və zurna) və İsgəndər Ələsgərovdan (zərb alətləri) ibarət folk-caz
musiqi qrupu “İki dünya” adlı musiqi proqramı ilə çıxış etmişdir.
Konsertdə Emil Əfrasiyabın bəstələdiyi və caz, klassik musiqi və
Azərbaycan xalq musiqisi kimi müxtəlif janrların uğurlu sintezini özündə
ehtiva edən “İki dünya” kompozisiyası, “Sarı gəlin”, “Laçın”, “Yallı”
üçün caz improviyasiyaları, Azərbaycan bəstəkarlarının tanınmış əsərləri
ifa olunmuşdur.
Rəsmi ziyafətdə qonaqlara Azərbaycan mətbəxinin
ləziz xörəkləri, eləcə də üzərində Azərbaycan xəritəsi və milli
atributlar təsvir olunmuş tort təqdim edilmişdir.
Elgün Niftəliyev
AzərTAc-ın xüsusi müxbiri
Vyana