Bakı, 19 oktyabr (AzərTAc). Sofiyada Azərbaycanın dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümü münasibətilə ölkəmizin Bolqarıstandakı səfirliyi rəsmi qəbul təşkil etmişdir.
Azərbaycanın Bolqarıstandakı səfirliyindən AzərTAc-a bildirmişlər ki, 400 qonağın iştirak etdiyi tədbirdə Bolqarıstan hökumətinin, Prezident Administrasiyasının, Nazirlər Kabinetinin, Xalq Məclisinin, yerli icra və özünüidarə etmə orqanlarının məsul işçiləri, Azərbaycan-Bolqarıstan Parlamentlərarası dostluq qrupunun üzvləri, müxtəlif siyasi partiyaların nümayəndələri, KİV təmsilçiləri, bu ölkədə akkreditə olunmuş diplomatik korpusun və beynəlxalq təşkilatların rəhbərləri və başqaları da iştirak etmişlər.
Səfir Emil Kərimov tədbir iştirakçılarına müstəqilliyin ilk illərində ölkəmizdə mövcud olan çətin siyasi və iqtisadi vəziyyətdən, Azərbaycan torpaqlarının 20 faizinin ermənilər tərəfindən işğal edilməsindən, 1 milyondan çox insanın öz yurdlarından qaçqın düşməsindən, erməni vəhşiliklərindən danışmışdır. E.Kərimov o çətin dövrdə Azərbaycan xalqının təkidi ilə ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıtması bununla da ölkədəki acınacaqlı vəziyyətə son qoyulduğunu diqqətə çatdırmışdır. O, ümummilli lider H.Əliyevin siyasi kursunun davamçısı İlham Əliyevin bu gün bütün sahələrdə apardığı uğurlu islahatlar nəticəsində ölkə iqtisadiyyatının gücləndiyini bildirmişdir. E.Kərimov qeyd etmişdir ki, Azərbaycan Qafqazda lider ölkəyə çevrilmişdir.
Azərbaycanla Bolqarıstan arasında günü-gündən inkişaf edən münasibətlər, son illər iki ölkə arasında ticarət dövriyyəsi həcminin 4 dəfə artması, barədə tədbir iştirakçılarına ətraflı məlumat verilmişdir.
Tədbir konsert proqramı ilə davam etmişdir.