Bakı, 19 oktyabr (AzərTAc). Serbiyanın paytaxtı Belqradda Azərbaycanın dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümünə həsr olunmuş rəsmi qəbul keçirilmişdir.
Azərbaycanın Serbiyadakı səfirliyindən AzərTAc-a bildirmişlər ki, tədbirdə Serbiya Respublikasının Prezidenti Boris Tadiç, xarici işlər naziri Vuk Yeremiç, əmək və sosial siyasət naziri Rasim Lyayiç, portfelsiz nazir Süleyman Uqlyanin, dövlət və hökumət rəsmiləri, deputatlar, siyasi partiyaların rəhbərləri, xristian və müsəlman din xadimləri, ictimai və qeyri-hökumət təşkilatlarının, Belqradda akkreditə olunmuş diplomatik korpusun, Azərbaycan diasporunun nümayəndələri, Serbiya-Azərbaycan Ticarət-İqtisadi Palatasının və Balkan ölkələri üzrə Azərbaycan Mədəniyyət Mərkəzinin üzvləri iştirak etmişlər.
Tədbirdə hər iki ölkənin dövlət himnləri səsləndirildikdən sonra Azərbaycanın Serbiyadakı səfiri Eldar Həsənov çıxış edərək, dövlət müstəqilliyi gününün tarixindən bəhs etmişdir. Bildirmişdir ki, bu gün Azərbaycanın dövlətçilik tarixində ən parlaq və unudulmaz tarixi günlərindən biridir və müstəqil Azərbaycan 1918-1920-ci illərdə müsəlman Şərqində ilk dünyəvi, hüquqi və demokratik dövlət olan Azərbaycan Demokratik Respublikasının hüquqi varisidir.
Diplomat dövlət müstəqilliyimizin bərpasından sonra Azərbaycanın əldə etdiyi uğurlardan danışmışdır. Vurğulamışdır ki, bu dövr ərzində Azərbaycanın müasir tarixində müstəqil dövlətçiliyimizin möhkəmləndirilməsində xalqımızın ümummilli lideri, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin əvəzsiz rolu olmuşdur. Ulu öndərin milli mənafeyə söykənən siyasi kursu və dövlət strategiyası bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
E.Həsənov ölkəmizin əldə etdiyi uğurlarla yanaşı, tarixi Azərbaycan torpaqlarının – Dağlıq Qarabağın və onun ətrafındakı yeddi rayonun Ermənistanın işğalına məruz qalması kimi ağrılı problemlərdən söz açmışdır. Qeyd etmişdir ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnaməyə hələ də məhəl qoyulmur.
Azərbaycan və Serbiya arasında təşəkkül tapmış hərtərəfli əlaqələrə toxunan E.Həsənov ikitərəfli münasibətlərin dinamik şəkildə, yüksələn xətlə inkişaf etdiyini demişdir. Dövlət başçılarımızın qarşılıqlı səfərlərindən sonra münasibətlərimiz yeni müstəviyə – strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmişdir. Ölkələrimiz arasında əlaqələrin bu səviyyəyə yüksəlməsində hər iki ölkə başçıları arasında mövcud olan səmimi, dost və mehriban şəxsi münasibətlərin müstəsna rolu vardır. Azərbaycan və Serbiya beynəlxalq miqyasda bir-birilərinin ərazi bütövlüklərini tanıyır, sərhədlərinin toxunulmazlığını və suveren hüquqlarını qarşılıqlı olaraq tam dəstəkləyirlər.
E.Həsənov Serbiya dövlətinə və hökumətinə səfirliyin fəaliyyətinə göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirmişdir.
Serbiyanın xarici işlər naziri Vuk Yeremiç Azərbaycan xalqını və dövlətini dövlət müstəqilliyimizin bərpasının 20-ci ildönümü münasibətilə təbrik etmişdir. Bildirmişdir ki, Serbiya dövləti və rəhbərliyi Azərbaycan ilə münasibətlərə müstəsna önəm verir. Dövlət başçılarının qarşılıqlı səfərləri ölkələrimiz arasında ikitərəfli və çoxtərəfli əməkdaşlığın dərinləşdirilməsinə zəmin yaradır.
Nazir Azərbaycan ilə Serbiya arasında müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi və mümkün olduqca daha geniş sahələri əhatə etmək üçün qarşılıqlı istəyin mövcudluğunu vurğulamış və ölkələrimiz arasında əlaqələrin bundan sonra da yüksələn xətlə inkişaf edəcəyinə əminliyini bildirmişdir.
Tədbirdə Azərbaycanın tarixini, mədəniyyətini, gündəlik həyatını və müstəqilliyimizin bərpasından sonra əldə edilmiş uğurları əks etdirən film nümayiş olunmuşdur.