Bakı, 19 oktyabr (AzərTAc). Türkiyənin Amasya şəhərində Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümünə həsr olunmuş “Ağsu möcüzəsi” sərgisi açılmışdır.
AzərTAc xəbər verir ki, MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin və Amasya Memarlar Odasının birgə təşkilatçılığı ilə Saraydüzü Qışlası Kültür Mərkəzində keçirilən sərgidə İctimai Birliyin İdarə Heyətinin üzvləri, tanınmış fotoqraf Məmməd Rəhimovun Ağsu arxeoloji ekspedisiyası materiallarını özündə əks etdirən 84 fotopaneli, orta əsr Ağsu şəhərinin konservasiya olunmasında yaxından iştirak edən, konservasiya müddətində müşahidə etdiklərini kətana köçürən bərpaçı-rəssam Cahangir Əhmədovun 12 rəsm nümunəsi təqdim olunur.
Amasya valisi Abdilcelil Öz, Amasya bələdiyyəsinin sədri Cafer Özdemir, Amasya Universitetinin rektoru, professor Metin Orbay, Amasyalılar Dərnəyinin sədri, memar Hakkı Göztaş, Amasya Memarlar odasının sədri Husamettin Seçilmiş, Azərbaycan Türkləri Kültür, Sanat və Dayanışma Dərnəyinin sədri Muttalip Ulutanrıverdi və Dairə müdirlərinin də iştirakı ilə keçirilən tədbiri MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin sədri, fəlsəfə doktoru Fariz Xəlilli açaraq, “Azərbaycan Respublikasının müstəqilliyinin bərpasının iyirminci ildönümü haqqında" Prezident İlham Əliyevin 21 yanvar 2011-ci ildə verdiyi Sərəncamın əhəmiyyətini yüksək dəyərləndirmişdir.
F.Xəlilli bildirmişdir ki, bu münasibətlə ölkəmizdə, eləcə də xaricdə diaspor təşkilatları tərəfindən qeyd olunan tədbirlərdə Azərbaycanın müstəqillik illərində müxtəlif sahələrdə qazandığı nailiyyətlərdən ətraflı söz açılır. F.Xəlilli ölkəmizdə elm və təhsin inkişafına xüsusi dövlət qayğısının olduğunu da diqqətə çatdırmışdır.
“Ağsu möcüzəsi” sərgisinin Amasyadan başlanması səbəblərinə toxunan Fariz Xəlilli bildirmişdir ki, Şirvan xanlığının baş şəhəri olan Ağsunun XIX əsrin 20-ci illərində ruslar tərəfindən ələ keçirilməsindən sonra yüzlərlə ziyalı xanlığı tərk etmək məcburiyyətində qalmışdır. Belə ziyalılardan biri Mövlanə İsmayıl Siracəddin Şirvani Şirvandan Amasyaya köçmüş, burada yaşamış, dəfn edilmişdir. Onun ocağının başına Azərbaycanın hər yerindən (Şirvan, Qarabağ, Qazax, Borçalı, İrəvan) yığışan insanlar Amasyaya sığınaraq, şirvanlılar adı ilə tanınmışlar. Buna görə də Şirvan xanlığının mərkəzindən aşkar olunan tapıntılara dair sərginin məhz Türkiyə şirvanlılarının əsas şəhərində nümayiş olunması xüsusi məna daşıyır.
Noyabrın 3-dək Amasyada, sonra isə Türkiyənin başqa şəhərlərində göstərilməsi planlaşdırılan sərginin açılış lentini kəsən vali Abdilcelil Öz Azərbaycanın müstəqilliyinin iyirminci ildönümünə həsr olunmuş tədbirin Amasyada keçirilməsindən məmnunluq duyduğunu bildirmişdir. Vurğulamışdır ki, Amasiya ilə şirvanlılar qırılmaz tellərlə bir-birlərinə bağlıdırlar.
Ağsu şəhər bələdiyyəsi sədrinin müavini Əlməhəmməd Usubəliyev Ağsuda aparılan arxeoloji qazıntılara dövlətin diqqətindən və ictimai qayğıdan danışmışdır. Ağsu Rayon İcra hakimiyyəti və şəhər bələdiyyəsi adından “Ağsu möcüzəsi” sərgisinin təşkilinə göstərdiyi dəstəyə görə Amasya valisi və Amasiya bələdiyyəsinə minnətdarlıq edən Ə.Usubəliyev gələcəkdə də belə tədbirlərin keçirilməsini, Ağsu və Amasiyanın isə qardaş şəhərlər olmasını arzulamışdır.
Tədbirdən əvvəl Amasya bələdiyyəsi sədrinin müavini Osman Akbaşın rəhbərliyi ilə Amasya bələdiyyəsi konservatoriyasının musiqi qrupu Türk təsəvvüf musiqisindən nümunələr, o cümlədən Seyid Həmzə Nigarinin şeirlərinə bəstələnmiş musiqi parçaları səsləndirmişdir.
Tədbir çərçivəsində F.Xəlillinin və Mehmet Ruhtimin “Mövlanə İsmayıl Siracəddin Şirvani və Qafqazlı müridlər” kitabının təqdimatı olmuş, “Azərbaycandan Amasyaya Şirvanlılar” konfransı keçirilmişdir.
Konfransda Cərrahpaşa Universitetinin professoru İbrahim Yıldırım, Azərbaycan Qafqaz Universitetinin dosenti Mehmet Ruhtim və başqalarının mövzu ilə bağlı məruzələri dinlənilmişdir.
Tədbirin sonunda Türk Dünyası Mədəni İrsinin tədqiqində və təbliğində göstərdikləri dəstəyə görə Cərrahpaşa Universitetinin professoru İbrahim Yıldırım, Qafqaz Universitetinin dosenti Mehmet Ruhtim, Amasyalılar Dərnəyinin sədri, memar Hakkı Göztaş və Amasya Memarlar Odasının sədri Husamettin Seçilmişə MİRAS İctimai Birliyinin Dostu diplomları təqdim edilmişdir.
Həmin gün ölkəmizin Türkiyədəki səfirliyi adından Azərbaycanın müstəqilliyinin bərpasının iyirminci ildönümü münasibətilə keçirilən tədbirin iştirakçılarına ziyafət verilmişdir.