Bakı, 19 oktyabr (AzərTAc). Varşavada Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümünə həsr olunmuş bayram tədbiri keçirilmişdir.
Azərbaycanın Polşadakı səfirliyindən AzərTAc-a bildirmişlər ki, səfir Həsən Həsənov çıxış edərək Azərbaycanın son 20 ildə keçdiyi inkişaf yolu, müstəqilliyimizin ilk illərində ölkədə gedən siyasi proseslər, hərc-mərclik, vətəndaş müharibəsi və ümumiyyətlə, respublikanın parçalanma təhlükəsi ilə üz-üzə qalması barədə məlumat vermişdir. Bildirilmişdir ki, 1993-ci ildə ümummilli lider Heydər Əliyevin xalqın tələbi ilə yenidən hakimiyyətə qayıdışı ölkədəki vəziyyətin köklü şəkildə dəyişməsinə, respublikanın sabit həyata qovuşmasına, iqtisadiyyatın tədricən dirçəlməsinə və inkişafına səbəb olmuşdur.
Qeyd edilmişdir ki, Prezident İlham Əliyev tərəfindən aparılan ardıcıl və məqsədyönlü daxili və xarici siyasət ölkəmizin və onun müstəqilliyinin daha da möhkəmlənməsinə xidmət edir. Azərbaycanın dünya ölkələri arasında layiqli yer tutması, söz sahibi olması və regionun lider ölkəsinə çevrilməsi də aparılan siyasətin məntiqi nəticəsidir.
Sonra Azərbaycan icması tərəfindən təsis edilmiş “Azərbaycan” jurnalının təqdimatı olmuşdur. Jurnalın təsisçisi və baş redaktoru Şövqi Vaqifoğlu nəşr barədə ətraflı məlumat vermişdir.
Tədbirdə, həmçinin “Birlik” Cəmiyyətinin sədri Nəbi İbadov və “Azərbaycan-Polşa” Cəmiyyətinin sədri Rövşən Rzayev çıxış etmişlər.
Dövlətimizin müstəqilliyinin bərpasının iyirminci ildönümü ilə əlaqədar Polşa Müstəqillik Muzeyində şəhər ictimaiyyəti ilə görüş keçirilmiş, səfirliyin nəzdində Azərbaycan dili kursları açılmışdır.