Moskva Dövlət Linqvistika Universitetində Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20 illiyinə həsr olunmuş tədbir keçirilib. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, universitetin Azərbaycan dili və Mədəniyyəti Mərkəzində keçirilən tədbirdə universitetin prorektorları, dekanları, müəllim və tələbələri iştirak ediblər. Tədbirdə çıxış edən mərkəzin rəhbəri, Bakı Slavyan Universitetinin professoru Bella Musayeva 1991-ci il oktyabrın 18-də Azərbaycan müstəqilliyini bərpa etdiyi gündən ötən 20 il ərzində ölkəmizin sürətli inkişaf yolu keçdiyini bildirib. Onun sözlərinə görə, Azərbaycan dövlətinin qarşısında duran əsas problem Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsidir.
Universitetin Azərbaycan dilini öyrənən tələbələri 18 oktyabr - Müstəqillik Günü ilə bağlı Azərbaycan dilində çıxış ediblər. Həmin tələbələrin hazırladığı “Biz səni sevirik Azərbaycan” adlı film nümayiş olunub. Filmdə Moskva Dövlət Linqvistika Universitetinin tələbələrinin Azərbaycana səfərindən və universitetdə Azərbaycanla bağlı keçirdiyi tədbirlərdən süjetlər, həmçinin Azərbaycan dili dərsinin keçirilməsi prosesinə yer alıb.
Bundan başqa, mərkəz tərəfindən universitetin foyesində Azərbaycanın müstəqilliyinin bərpasının 20 illiyinə həsr olunmuş fotosərgi də təşkil olunub.



Moskva
APA