Bakı, 25 oktyabr (). Ukrayna Azərbaycanlı Gənclər Birliyindən (UAGB) AzərTAc-a daxil olmuş məlumatda bildirilir ki, müstəqilliyimizin 20 illiyi münasibəti ilə Ukraynanın Odessa şəhərində bayram konserti təşkil olunmuşdur.
Azərbaycanın və Ukraynanın dövlət himnləri səsləndikdən sonra bayram tədbirini Azərbaycanın Ukraynadakı səfirliyinin ikinci katibi Sabir Rzayev açaraq, 1991-ci ildə dövlət müstəqilliyini əldə edən Azərbaycan Respublikasının ötən 20 ildə qazandığı nailiyyətlərdən danışmışdır. Müstəqil dövlətimizin sürətlə inkişaf etdirilməsində ulu öndər Heydər Əliyevin həyata keçirtdiyi neft strategiyasının müstəsna rolundan bəhs edən Dövlət Neft Şirkətinin Ukraynadakı nümayəndəliyinin rəhbəri Elçin Məmmədov bu gün ölkəmizdə aparılan uğurlu və məqsədyönlü siyasət nəticəsində xalqımızın milli mənəvi dəyərlərinə sahib çıxmasının fərəhləndirici hal olduğunu diqqətə çatdırmışdır. Azərbaycan Xarici İşlər Nazirliyinin nümayəndəsi Azər Xudiyev çıxışında Azərbaycanın ötən 20 ildə dünyanın müxtəlif ölkələrində yaşayan 50 milyondan çox azərbaycanlını milli məfkurə ətrafında birləşdirməsini müstəqillik tariximizin ən böyük uğurlarından biri kimi dəyərləndirmişdir. Bu gün arxalarında qüdrətli Azərbaycan dövlətinin gücünü hiss edən UAGB-nin döğma vətənimiz naminə həyata keçirdiyi silsilə tədbirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xaricdə yaşayan və təhsil alan azərbaycanlı gənclərə göstərdiyi xüsusi diqqətin məntiqi nəticəsi kimi səciyyələndirmişdir. Tədbirdə Dnepropetrovsk Azərbaycanlıları Konqresinin sədri Qüdrət Hacıyev, Ukrayna Azərbaycanlı Gənclər Birliyinin sədri Anar Tahirov, Birliyin Odessa vilayət təşkilatının sədri Samirə Əliyeva və digər çıxış edənlər təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş müstəqil Azərbaycan dövlətinin inkişaf etdirilməsində və xalqımızın haqq səsinin beynəlxalq ictimaiyyətə çatdırılmasında xaricdə yaşayan soydaşlarımızın üzərinə düşən vəzifələrdən danışmışlar.
Tədbirdə gənc müğənni Aysel Teymurzadənin, Dnepropetrovsk şəhərində fəaliyyət göstərən “7 gözəl” rəqs ansamblının və digər xalqların musiqi kollektivlərinin çıxışları iştirakçılara xüsusi zövq vermişdir.
Tədbirin sonunda Ukraynada Azərbaycan dövlət müstəqilliyinin 20-ci ildönümü münasibətilə təşkil olunan ən yaxşı tədbirə görə UAGB-nin Odessa vilayət təşkilatının sədri Samirə Əliyevaya fərqlənmə medalı təqdim olunmuşdur.



AzərTAc