Vaşinton, 27 oktyabr (AzərTAc). ABŞ Konqresində Azərbaycan üzrə işçi qrupunun həmsədri konqresmen Bill Şuster Azərbaycanın müstəqilliyinin bərpasının 20 illiyi münasibəti ilə Nümayəndələr Palatasında bəyanatla çıxış etmişdir. Respublikaçı konqresmen bildirmişdir ki, Avropa və Asiya arasında geosiyasi cəhətdən dinamik bir bölgədə yerləşən Azərbaycan müsəlman əhalisi olan dünyəvi dövlətdir və minilliklərdən bəri xristian və yəhudi icmasının da vətəni olmuşdur. Azərbaycan və ABŞ qlobal və bölgə təhlükəsizliyi, enerji və iqtisadi inkişaf, demokratik islahatlar və insan hüquqlarına hörmət kimi ümumi maraqlara əsaslanan möhkəm tərəfdaşlıq yarada bilmişdir. Konqresmen nəzərə çatdırmışdır ki, Prezident Barak Obama 2010-cu ilin sentyabrında Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündə Azərbaycanı “gənc demokratiya” adlandırmışdır, Dövlət Katibi Hillari Klinton isə həmin ilin iyul ayında Azərbaycana etdiyi səfər zamanı vurğulamışdır ki, “ABŞ və Azərbaycan arasında bağlar dərin, mühüm və davamlıdır.”

Bill Şusterin rəyincə, son 20 il ərzində Azərbaycan suverenliyi və siyasi müstəqilliyini möhkəmləndirmək üçük böyük səylər göstərərək, xalqın rifahını daha da yaxşılaşdıracaq demokratik təsisatlar və çoxşahəli iqtisadiyyatın qurulması istiqamətində addımlayır. O, demişdir: “Mən, həmkarlarıma həmişə xatırladıram ki, Birləşmiş Ştatlar bugünkü müasir demokratiyasına 230 ildən artıq təcrübə toplayaraq gəlmişdir. Mühümdür ki, Birləşmiş Ştatlar Azərbaycan inkişaf etdikcə oradakı tərəfdaşlarından dəstək və dostluğunu əsirgəməsin”.

Azərbaycan üzrə işçi qrupunun həmsədri bəyanatında ölkəmizin Xəzər enerji ehtiyatlarını Amerikanın Avropadakı tərəfdaşlarına çatdırmaqla qlobal enerji təhlükəsizliyində oynadığı mühüm rol və beynəlxlaq təhlükəsizlik əməliyyatlarında fəal iştirakı və töhfəsi üzərində ətraflı dayanmışdır. O, qlobal enerji təhlükəsizliyinin möhkəmləndirilməsi istiqamətində ABŞ-ın şərq dəhlizinin inkişafına davamlı dəstəyini zəruri adlandırmışdır.

B.Şuster sonda Azərbaycanı dəstəkləməyə hazır olan həmkarlarını Nümayəndələr Palatasında Azərbaycan üzrə işçi qrupuna qoşulmağa dəvət etmişdir. Hazırda 40 nəfər Amerikalı qanunvericini sıralarında birləşdirən bu qrup ABŞ-Azərbaycan tərəfdaşlığının artırılması və ABŞ-ın bölgəmizdə maraqlarının irəliləməsi üçün çalışır.


Şəfəq Akifıqızı

AzərTAc-ın xüsusi müxbiri

Vaşinqton