Türkiyədə ölkəmizin müstəqillik qazanmasının 20 illiyinə həsr olunmuş “Azərbaycan həftəsi” çərçivəsində Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin təşkilatçılığı ilə silsilə tədbirlər davam edir.

APA-nın məlumatına görə, bu tədbirlər çərçivəsində Qarsda yerləşən Qafqaz Universitetində konfrans keçirilib. Konfransda Strateji Araşdırmalar Mərkəzinin Türkiyə üzrə koordinatoru Cavid Vəliyev, APA-nın baş direktoru Vüsalə Mahirqızı, ATİB Layihələr və Tədqiqatlar şöbəsinin müdiri Kənan Aslanlı, Qafqaz Universitetinin dosenti Gülşən Aydın çıxış ediblər.

Təşkil olunmuş panelin moderatoru isə Qafqaz Universitetinin Qafqaz və Orta Asiya Araşdırma Mərkəzinin sədri Hacalı Nəcəfoğlu olub.

Türkiyə Azərbaycan əlaqələri ilə bağlı çıxış edən Gülşən Aydın ölkəmizin müstəqillik tarixinə qısa nəzər salıb, Azərbaycanda 1991-ci ildən son ilə qədər olan siyasi durumundan danışıb. O, Türkiyənin Dağlıq Qarabağ məsələsində Azərbaycanın yanında olduğunu deyib, Türkiyə-Ermənistan sərhədləri ilə bağlı iki ölkə arasında yanmış gərginliyə toxunub. Bu gərginliyin geridə qaldığını deyən G. Aydın həmçinin əlaqələrin daha da gücləndirilməsinin vacibliyini vurğulayıb.

Tədbirdə çıxış edən Strateji Araşdırmalar Mərkəzinin Türkiyə üzrə koordinatoru C. Vəliyev də Türkiyə-Azərbaycan münasibətlərinin bölgəyə təsirindən danışıb. O, Azərbaycan və Türkiyənin dostluqdan başqa həm də strateji planda da bölgədə maraqlarının üst-üstə düşdüyünü xatırladıb.

C. Vəliyev Azərbaycanla Türkiyə arasında ilk illərdə duyğusal olan münasibətlərin daha sonra praqmatik müstəviyə keçdiyini xatırladıb. O, 1993-2003-cü illər arasında iki ölkə arasında siyasi, hərbi və iqtisadi yöndə münasibətlərin inkişaf etdiyini bildirib. Daha sonra münasibətlərdə keçidli dövrün yaşandığını deyən C. Vəliyev 2009-cu ildən etibarən iki ölkə arasında əlaqələrin strukturlaşmasına başlanıldığını, hökumətlər arasında yüksək olan qarşılıqlı münasibətlərin cəmiyyətin digər təbəqələri arasında da formalaşması üçün iş aparıldığını bildirib.

C. Vəliyev Dağlıq Qarabağ münaqişəsi barədə də məlumat verib və bu məsələdə Türkiyənin mövqeyinin önəmliliyi ilə bağlı fikirlərini bildirib.

APA-nın baş direktoru V. Mahirqızı isə Azərbaycanla Türkiyə arasında münasibətlərin inkişafında medianın rolu barədə məlumat verib. O deyib ki, Türkiyə mediası ölkəmiz hələ müstəqillik qazanmadan, azadlıq hərəkatının başladığı ilk illərdə Azərbaycana dəstək verib, problemləri işıqlandırıb: “ Azərbaycana ilk gələn xarici media da məhz Türkiyə mətbuatı olub. Azərbaycan müstəqilliyini qazandıqdan sonra “Zaman” qəzeti, TRT, Anadolu Agentliyi Bakıda ofislərini açdı. “Zaman” qəzetinin Azərbaycana gəlişinin yaşı elə bizim müstəqilliyimizlə eynidir”.

V. Mahirqızı deyib ki, Azərbaycan və Türkiyə mediasının əlaqələrini inkişaf baxımından üç dövrə ayırmaq olar: “Birincisi, hələ Azərbaycan müstəqil olmadan başlayan və 1993-cü ilə qədər davam edən dövr. Bu dövrdə Türkiyə mediasının Azərbaycana, qarşılıqlı olaraq da bizim medianın Türkiyəyə münasibəti daha çox duyğusal, millətçi notlar üzərində qurulub. O dövrün mediasında qarşılıqlı olaraq vətənpərvər, millətçi ruhlu və ritorikası yüksək olan məqalələr müşahidə olunur. Həmin dövrdə hər iki ölkədə millətçi ideologiya daşıyıcısı olan medianın daha çox Türkiyə-Azərbaycan qardaşlığı mövzusuna diqqət yetirdiyini görürük.

İkinci dövr isə 1993-2009-cu illəri əhatə edir ki, bu dövrdə mediamız daha çox praqmatik mövzular üzərində dayanıb. Bunlar əsasən iki ölkə arasında iqtisadi və hərbi əlaqələrlə bağlı yazılar, xəbərlərdir. Bu dövrdə xüsusilə Türkiyə mediasında çox təəssüf ki, Dağlıq Qarabağla bağlı kampaniyalara rast gəlmirik. Media iki ölkənin iqtisadi əlaqələrini daha çox təbliğ edib, ən çox istinadən edilən mövzular məhz Azərbaycandan çəkilən boru kəmərləri olub”.

V. Mahirqızı deyib ki, üçüncü dövr isə 2009-cu ildə Türkiyə-Ermənistan sərhədlərinin açılmasına yönəlik xəbərlərlə başlayan və bu günə qədər də davam edən mediatik siyasi mübahisələrlə bağlıdır: “Çox təəssüf ki, Türkiyənin bəzi yazarları və media qurumları Ermənistanla sərhədlərin açılması ilə bağlı açıq kampaniyaya başladılar, işğal olunmuş Azərbaycan ərazilərinə səfərlər etdilər. Amma bu həmkarlarımızın bir şeyi bilməsinə ehtiyac var ki, Dağlıq Qarabağ Azərbaycan xalqı üçün “olmazsa olmaz” məsələsidir. Bu məsələ ilə bağlı ən kiçik laqeydlik belə bütövlükdə Azərbaycan xalqını incidir. Azərbaycanda isə ən çox izlənilən xarici medialardan biri məhz Türkiyə mediasıdır. Türkiyə mediasının bu münasibəti Azərbaycan ictimaiyyətində zaman-zaman müəyyən tərəddüdlər yaradır. Biz aktiv proseslərdə olan şəxslər, Türkiyədə bu tərzin cəmi bir neçə media qurumunun şəxsi maraqlarından qaynaqlandığını bilsək də, ictimaiyyətin bunu qəbul etməsi çox çətindir”.

V. Mahirqızı ötən il Ankarada keçirilən Türkdilli ölkələrin jurnalistlərinin forumundan sonra ikinci toplantının bu il Bakıda reallaşdırıldığını da bildirib. O, eyni zamanda Azərbaycan İctimai Televiziyası ilə TRT-nin birgə yayımlar etdiyini, türkdilli ölkələrin xəbər agentliklərinin fəaliyyət göstərdiyini vurğulayıb: “Bu münasibətlərin davam etdirilməsi həm bizə, həm də Türkiyə mediasına yararlıdır. Bizim Türkiyə mediasının yardımı ilə qərb mətbuatına, Türkiyə mediasının isə bizim vasitəmizlə MDB məkanına yayılmaq imkanı var. Təəssüf ki, hələ bu imkan yetərincə dəyərləndirilmir”.

V. Mahirqızı gələcəkdə ortaq layihələrin həyata keçirilməsinin vacibliyini də vurğulayıb.

Daha sonra tədbirdə çıxış edən Kənan Aslanlı iki ölkə arasındakı iqtisadi əməkdaşlıqdan danışıb. O, türk iş adamlarının Azərbaycandakı fəaliyyətləri barədə məlumat verib, bu fəaliyyətlərin genişlənməsi istiqamətində atılan addımlardan danışıb. Türkiyə iş adamlarının ölkəmizə, həmçinin Azərbaycan iş adamlarının Türkiyəyə qoyduqları yatırımlar barədə məlumat verən K. Aslanlı iki ölkə arasında iqtisadi münasibətlərin genişlənməsi üçün görülməli olan tədbirlər barədə də təkliflərini səsləndirib.


APA